Əvəz Hafizlinin qətlindən bir il ötüb | Minority Azərbaycan

22 fevral LGBTQ+ hüquqları aktivisti, jurnalist Əvəz Hafizlinin qətlindən 1 il keçib. Əvəz Hafizli ölkədə LGBTQ+ icmasını təşkilatlandırmaq üçün müstəsna işlər görmüş və hər hansı ayrı-seçkilik olmadan cəmiyyətin bütün kəsimlərinin problemlərini işıqlandırıb.

Əvəz Hafizli 2022-ci ilin yay aylarından etibarən homofob və transfob blogger Sevinc Hüseynovanın hədəfinə tuş gəlib. Blogger Əvəz Hafizlinin, eləcə də bir sıra icma üzvlərinin döyülməsinə və öldürülməsinə çağırış etsə də, heç bir hüquq-mühafizə orqanı tərəfindən hər hansı əks tədbir həyata keçirilməyib.

Əvəz Hafizli dəfələrlə bu məsələyə qarşı etiraz aksiyaları keçirsə və həyatının təhlükədə olduğunu bildirsə də, nə DİN, nə prokurorluq, nə də Dövlət Təhlükəsizlik Xidməti müraciətlərə reaksiya verməyib.

Əvəz Hafizli 22 fevral 2022-ci ildə öz əmisioğlu tərəfindən seksual oriyentasiyası zəminində qətlə yetirilib. Cinayət işinin araşdırılması zamanı işin halları, çoxsaylı bıçaq zərbələri, nifrət zəminində olması nəzərə alınmayıb və qatilə mümkün olan ən aşağı cəza verilib. Onun hüquqi varisi olan qardaşı məhkəmə zamanı qatildən şikayətçi olmadığını bildirib.

Qətlindən aylar sonra Əvəz Hafizlinin dostlarına məlum olub ki, ailəsi onun qəbrini itirmək məqsədilə ona başdaşı qoymaqdan imtina edir. Hafizlinin dostları öz vəsaitləri hesabına baş daşı qoymağa təşəbbüs etsələr də, ailəsi buna mane olub. Onun qəbri hələ də məzar daşından məhrumdur.

Bu gün LGBTQ+ icması, ictimai-siyasi fəallar, jurnalistlər Əvəz Hafizlinin məzarını ziyarət ediblər, onun xatirəsini yad ediblər. Dostları bildirib ki, Əvəzin xatirəsinin unudulmaması üçün əllərindən gələni edəcəklər. 

Əvəz Hafizli

Azərbaycanda Gənclərin Digər Ölkələrə Münasibəti | AGORA

BAKI, 9 Fevral 2023, AGORA: Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsidir. Sorğu çərçivəsində respondentlərin, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı düşüncələri öyrənilib.

Sorğu 20 noyabr – 27 dekabr 2022-ci il tarixlərində hibrid metodlarla həyata keçirilib. Respodentlərin bir hissəsi sualları üzbəüz müsahibələrlə cavablandırıb. Eyni zamanda, könüllülər sorğuda istifadə edilən sorğunun suallarından ibarət linki öz icmaları vasitəsilə yayıb (əsasən, sosial şəbəkələrdə müxtəlif mövzulu yerli qruplarda). Diqqət yetirilib ki, respondentlər gənc əhalinin sadəcə müəyyən seqmentləri ilə məhdudlaşmasın.

İctimai rəy sorğusunda iştirak edən respodentlərin 56 faizi Abşeron yarımadasında, 44 faizi isə ölkənin digər bölgələrində yaşayan şəxslərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub.

Sorğunun nəticələrinə bu link və ya aşağıdakı təsvir vasitəsilə keçid edə bilərsiniz.

Agora – Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Kuirlərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasının növbəti episodunu təqdim edir. 

Bu dəfəki episodumuzun mövzusu “Kuirlərlə psixoloji konsultasiya işinin təşkili” və qonağımız isə psixoloq konsultant Əli Abbasovdur.

Epizodda psixoloji dəstəyin təşkili zamanı psixoloqun məqsəd və vəzifələr, başqa sözlə psixoloq nə edir və nə etmir və ya etməməlidir; psixoloqun peşəkar inkişafı və kuir kimliklərlə işləyən psixoloqların diqqət etməli olduğu məqamlar; LGBTİ+lərin Azərbaycanda peşəkar psixoloji dəstəyə çatımlılığı, kuir-həssas psixoloqların çatışmazlığı; o cümlədən, Əli Abbasovun iş təcrübəsində kuirlərin konsultasiya almaq üçün müraciət etmə səbəbləri kimi məsələlərdən söhbət edilir.

Podkasta SoundCloud və ya Spotify platforması üzərindən qulaq asa bilərsiz.

2022-2023 Mental Sağlamlıq podkastlar seriyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirilən “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir.