Kuir Sosial İş | Elnur Musayev

Müəllif: Elnur Musayev, sosial işçi

Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirdiyi “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir.

Sosial xidmətlərdən istifadə birbaşa demoqrafik qruplar ilə bağlıdır. Sosial xidmətlər – çətin həyat şəraitində yaşayan, sosial qrupların və şəxslərin yaşam və həyat fəaliyyətlərini digər şəxslərlə bərabər səviyyəyə çatdırmağı hədəfləyən kompleks tədbirlər sistemidir.  Bu xidmətlərə kuirlərin əlçatımlılığının olmaması və uzun müddət inklüziv sosial xidmətlərin müəyyən edilməməsi sosial xidmətlərin dəyişilməsi üçün önəmli idi. Sosial xidmətlərin əsasını təşkil edən hər kəs üçün əlçatan və bərabər imkanlar tanıyan funksiyaların olmamasının fərqli səbəbləri var və hələ də qalmaqdadır. Buna sosial xidmət sferasının heteronormativ və binar olması, sistematik diskriminasiya, kuirlərin iş və ev tapmaqda çətinlik çəkməsi, fobik cəmiyyətin təsiri ilə öz reaksiyasızlıqlarını hələ də qorumaqda davam edən qurumların məsuliyyətdən qaçmağa çalışması və bizə öz iş tarixində heç bir uğurlu praktika təqdim edə bilməməsi kimi nümunələri göstərmək olar. Daha ətraflı ifadə etsək, sosial xidmətlər bizim cəmiyyətimizdə hələ də sadəcə “qadın” və “kişi” genderindən başqa gender tanımır və bunun nəticəsi olaraq bu xidmətlərin tətbiqi zamanı gender müxtəlifliyi göz ardı edilir və nəticə etibarı ilə bu cəmiyyətdə kuir olmağın yaratdığı problemlər toxunulmamış qalır. Öz genderinə görə problem yaşayan şəxslər bu sosial xidmətlərdən istifadə edə bilmir. Çünki onlara fayda olacaq müfəssəl mexanizmlər bu xidmətlər qurularkən nəzərə alınmayıb.  

Cəmiyyətdə patriarxal və balanssız güc münasibətlərinin olması kuirlərə sosial iş xidməti göstərməyi daha da çətinləşdirir Belə mühitdə təbii ki, sosial işçi təkcə müraciətçilərin  cinsi orientasiya və gender kimlikləri səbəbindən qarşıladığı problemlər üzərində deyil, bir-biri ilə əlaqəli digər problemlər üzərində də işləməl olur. Amma yuxardakı səbələrə görə sosial iş belə cəmiyyətlərdə hamı üçün inklüziv olan sistematik yanaşmalar təqdim etməkdə çətinlik çəkir. Bunun nəticəsi olaraq biz sosial işçi kimi işlədiyimiz şəxslərin problemlərinə fokuslanmaqla bərabər, hüquqi, iqtisadi, tibbi və digər  sahələrdə sistematik əngəllərlə də qarşılaşır və onlarla da işləməli oluruq. Beləki, sosial işçilər benefisiarları ilə işləyərkən kuirlərin sosial xidmət sferasından necə istifadəsi ilə bağlı protokolun olmaması, kuirlər üçün yaradılmış və birbaşa bu sosial qrupa ünvanlanan müdaxilə mexanizminin yoxluğu, sığınacaqların azlığı və eyni zamanda olanların da inklüziv olmaması, birbaşa benefisiarlarla işləyən şəxslərin fobik olması kimi problemlərlə qarşılaşırlar. Bu kimi əngəllər isə sosial işçilər üçün benefisiarların müraciət etdiyi problemlərlə bərabər işlənilməli olan hissələrə çevrilir və bu həmin problemlərin daha gec və çətin həll edilməsinə gətirib çıxardır. 

Seksuallıq Azərbaycan cəmiyyəti üçün hələ də tabu mövzu olaraq qalmaqdadır. İnsanların öz seksuallığı və seksual həyatları haqqında danışmaqda çətinlik çəkir. Bütün bunları nəzərə aldıqda kuirlərin heteronormativ cəmiyyətdə öz seksuallıqlarını ifadə etməkdə yaşadıqları çətinliklərə və yaşadıqları təcrübələrə, kuir sosial iş perespektivindən yanaşdıqda, bir neçə məqamdan baxmağa ehtiyac yaranır və onlardan ən önəmlisi sağlam mühitin yaradılmasıdır.. 

Seksuallığın kəşfi sağlam mühitlə birbaşa bağlı olub, bu mühitin təsiri nəticəsində necə dəyişikliyə məruz qaldığı davamlı olaraq sosial işçilərin praktik işlərinin bir hissəsidir. Beləki,   zamanla fərqli şəxslərin hormon qəbuluna məcbur edilərək  “normallaşdırma” adı altında cinsi orientasiyalarının “dəyişdirilməsi” nə məcbur edildiyini açıq şəkildə görürük. Bir çox hallarda isə yeniyetməlik çağındakı şəxslərin valideynləri bu haqda məlumatsız olduqları üçün uşaqlarının “problem” adlandırdıqları orientasiyalarını dəyişdirmək üçün həkimlərə müraciət edirlər. Psixoloqların orientasiya axışqanlığını “dəyişkənlik” olaraq adlandırdıqları və bunu “düzəldə” biləcəklərini bildirdikləri hallarla da qarşılaşırıq. Bu isə ailələr tərəfindən yeganə həll yolu olaraq görülməkdədir.

Psixoloqlar tərəfindən kimlik dəyişikliyi üzərində işlənilən şəxslərin bir çox hallarda ailələri və psixoloqlar tərfindən təzyiqlərdən qaçmaq üçün onlara “sağaldıqlarını” və artıq psixoloqlara ehtiyac hiss etmədiklərini bildirirlər. Prosesin sonunda travmalar yaşamış və bu travmanı ailələri ilə bərabər psixoloqalar tərfindən almış kuirlər özlərini təhlükəsiz mühitdə hiss etmir və başqa səbəblərə görə psixoloqa ehtiyacı olduqları halda belə əvvəl yaşadıqlarına görə terapiya almaqdan imtina edirlər.  

Azərbaycanda kuir sosial iş xidmət göstərən sosial işçilərin müşahidələrinə əsasən, hegemon maskulin cəmiyyətdə kuirliklə eyniləşdirilən bütün simvollar kuirləri zorakılıq və təzyiqin hədəfinə çevirib, onlar üçün iş tapmaqda, gündəlik ərzaq və yaşayış üçün yer kimi təməl ehtiyacların qarşılanmasında, tibbi, psixoloji və hüquqi xidmətlərdən yararlanmaqda maneələr yaradır. Hüququn heç bir halda qorumadığı, əksinə bir sosial qrup olaraq belə görmədiyi kuirlər, davamlı məişət zorakılığının hədəfinə çevrilir və təməl ehtiyaclarını ödəmək üçün xidmət sektoru kimi daha azgəlirli işlərdə işləməyə məcbur olur. Məktəblərdə və universitetlərdə qarşılaşdıqları qısnama və zorakılıq səbəbi ilə təhsil almaq hüququndan birbaşa və ya dolayı yolla məhrum edilir. Ailələri tərəfindən ya evlərindən qovulur, ya təhdidlər səbəbi ilə öz yaşadığı yerləri tərk etməyə, ya da zorakı şəxslərdən qaçmaq üçün öz yaşadığı yerləri gizli saxlamağa məcbur olurlar. Açılma (coming out) prosesi kimi çətin və dəstəyə ehtiyacın olduğu bir dövrdə yeniyetmə kuirlər ailələri tərəfindən evsizliklə üz-üzə buraxılır, fiziki, iqtisadi və psixoloji zorakılığın birbaşa hədəfinə çevrilir, sadəcə kimliyi səbəbi ilə sığınacaqlara qəbul edilməkdən imtihan edilir və bütün bunların fonunda sistematik ehtinasızlıqla qarşılaşır.

Yuxarıda sadalanan səbəblər bizə sosial işdə istifadə edilən və daha inklüizv yanaşmalar təqdim edən kuir sosial iş praktikasından danışmağın əhəmiyyətini daha da artırır. Sosial işçilər işləyəcəyi sosial qrup haqqında əvvəlcədən məlumatlı olmalı və ehtiyacları müəyyənləşdirməlidir. Bu bizə sahədə iş zamanı qarşılaşacağımız problemlər üçün müdaxilə mexanizmlərinin müəyyənləşməsində kömək edəcəkdir. Bundan başqa sosial işçilər öz fobik tərəflərini sorğulamalı, inklülizv və həssas dildən istifadə etmək kimi məqamlara diqqət etməlidirlər. Sosial işçi benefisiarı ilə iş zamanı patriarxal və heteronormativ cəmiyyətdən ala bilmədiyi güvəni ona verməli və bu güvəni verərəkən konfidensiallığı qorumalıdır. Gizlilik prinsipinin qorunması sosial işçi və benefisiar münasibətlərində güvənli mühitin qurulması və prosesin təhlükəsiz, sağlam şəkildə davam etməsi üçün ən önəmli məqamlardan biridir. Eyni zamanda kuir sosial iş benefisiar və sosial işçi arasındakı güc münasibətlərinin aradan qaldırılmasına, mütləq qərarın sadəcə sosial işçi tərəfindən yox, birlikdə verilməsinə önəm verir, bu prosesin sadəcə sosial işçi tərəfindən göstərilən xidmət kimi yox, sosial işçi və benefisiar arasında əməkdaşlıq kimi həyata keçirir. Kuir sosial iş kuirlərin seksuallıq və gender kimliyi ilə bağlı yaşadıqları problemləri birbaşa bu məsələ ilə bağlı problem kimi görür və müdaxilə mexanizmlərini onun ətrafında formalaşdırılmasına çalışır. Bunu edərkən kuir sosial iş təkcə mikro səviyyədə, yəni benefisiarları ilə işləməklə bərabər, kuir sosial iş mezo və makro səviyyələrdə də sistematik dəyişikliklərin baş verməsini dəstəkləyir.

Yuxarıda danışılanları ümumiləşdirərək razılaşa bilərik ki, bütün resurslar insanlar arasında ədalətli bölünməli, ayrıseçkilik olmadan bütün xidmətlər hər kəs üçün əlçatımlı olmalıdır. Bunun baş verməsi üçün isə müxtəlif sosial qrupların fərqli ehtiyaclarını dəyərləndirib, resurslara çatımlılıqlarını təmin etmək üçün onlara dəstək göstərən insanlara, yəni, sosial işçilərə ehtiyac olacaqdır. Bu ehtiyacların qarşılanması üçün kuir sosial iş hamı üçün bərabər və ədalətli yanaşmaların olmasını, sosial xidmət sferasının daha inkuliziv və hər kəsə əlçatan olmasını öz prinspləri əsasında tələb edir. Bu tələblərin baş verməsi üçün kuir sosial iş qanunların kuirləri qorumasını, fobik cəmiyyətin kuirlər üzərində mənfi təsirlərini azaltmaq üçün təhsil siteminə gender və cinsi orientasiya mövzularını salınmasının vacibliyini vurğulayır. Sosial iş təcrübələrinin özünə gəldikdə isə kuirlərlə işləyən sosial işçilər resurslarla insanlar arasında körpü olmağın gətirdiyi, sosial işçi ilə benefisiar arasında məlumatlılıq fərqindən yaranan və adətən sosial işçinin lehinə olan güc münasibətlərini aradan qaldırmağa fokuslanmalıdırlar. 

Feminist Kitabxana | Fem-Utopia

Fem-Utopia pulsuz oxumaq üçün mövcud olan gender əsaslı zorakılığa dair kitablar siyahısını tövsiyə edib. Təşəbbüs gender əsaslı zorakılıq və qadın hüquqları haqqında daha çox öyrənmək istəyən hər kəsi Baku Community Space-da öz feminist kitabxanasını ziyarət etməyə dəvət edib.

Siyahıya iş yerində cinsi zorakılıq, erkən nikahlar və qadınlara qarşı zorakılıq da daxil olmaqla, gender əsaslı zorakılığın müxtəlif aspektlərini əhatə edən 14 başlıq daxildir. Siyahıya Azərbaycanda gender və reproduktiv sağlamlıq hüquqlarına dair resurslar, həmçinin kişi zorakılığı ilə mübarizə alətləri də daxildir. 

Kitabları bir ay müddətinə pulsuz olaraq götürmək olar. Feminist kitabxananın məqsədi Azərbaycanda gender və bərabərlik məsələləri ətrafında təhsil və müzakirələr üçün platforma təmin etməkdir. 

Fem-Utopia-nın bu təşəbbüsü Azərbaycanda gender əsaslı zorakılıqla bağlı maarifləndirmə və təhsilin təşviqi istiqamətində mühüm addımdır. Bu resursların köməyi ilə fərdlər gender əsaslı zorakılıqla bağlı problemləri daha yaxşı başa düşə və bununla mübarizə apara, hamı üçün daha bərabər və ədalətli cəmiyyət üçün çalışa bilərlər. 

Feminist ideyaları yaymaq və video məzmun yaratmaq məqsədi daşıyan azərbaycandilli onlayn platforma olan Fem-Utopia 30 may 2020-ci ildə təsis edilib.

“Mənim Əməkçi Hüquqlarım” | Nəfəs LGBTİ 

“Mənim əməkçi hüquqlarım” layihəsi iştirak üçün açıq çağırış elan edir.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində də deyildiyi kimi, hər kəsin ayrı-seçkilik qoyulmadan təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Bəs icmamızın reallığında necə? Əmək bazarında pozulan hüquqlarımızı necə müdafiə edə bilərik?

Bu suallara cavab tapmaq üçün sizi Rauf Heydərovun təşəbbüsü ilə təşkil olunan “Mənim əməkçi hüquqlarım” adlı təlim sessiyasına dəvət edirik. Qeydiyyatdan keçməyə tələsin.

Təlim iki hissədən ibarət olacaq:

  • birinci hissə nəzəri məlumatlandırma 
  • çay-qəhvə fasiləsi 
  • ikinci hissə nəzəri hissənin praktikada tətbiqi 

Təlimçi: Vəfa Rüstəm – qadın hüquqları üzrə mütəxəsis

Tarix: 8 Aprel

Saat: 17:00 – 20:00

Məkan: Sat Plaza, Baku Community Speace

Qeydiyyat üçün buraya keçid edin.

Bu layihə Nəfəs LGBTİ Azərbaycan Alyansının “LGBTİ+lar tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrantlar müsabiqəsinin qaliblərindən biridir.

“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib.

Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı öz sosial təşəbbüslərini həyata keçirməklərinə dəstək olmaqdır. Qeyd edək ki, proqram müddətində qızların təhsildən yayınması halları ilə mübarizəyə, onların şəxsi və peşəkar inkişaflarının təmin edilməsinə fokuslanılacaqdır.

3 ay ərzində davam edəcək proqram aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

  • Layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili;
  • İcma liderlərinin təşəbbüslərini həyata keçirməkləri üçün təşkilati və mentorluq dəstəyinin göstərilməsi.

Proqramda hazırda hər hansı rayon və ya kəndlərdə yaşayan 22-35 yaş aralığındakı şəxslər iştirak edə bilər.

Qeydiyyat formasına buradan keçid edin. 

Müraciət üçün son tarix: 28 mart 2023-ci il.

Qızlar Oxusun layihəsi yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəyi barədə məlumat verib.

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm Məktəbinə start verib.

Məktəbə MİL Şəbəkəsinin üzvü, hazırda sosial elmlər üzrə magistratura pilləsində təhsil alan və Azərbaycanda feminist hərəkatını araşdıran Fatimə İsmayılova rəhbərlik edəcək.

Proqram Zoom platforması vasitəsilə onlayn keçiriləcək və 18-30 yaş arası iştirakçılar ərizə forması vasitəsilə müraciət edə bilərlər. Son tarix 31 martdır.

Sessiyalar 2023-cü ilin aprel ayında həftə sonları keçiriləcək və iştirak ödənişsizdir.

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant

Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirdiyi “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir.

LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusuna toxunmazdan qabaq, ilkin olaraq ümumiyyətlə, psixoloqun nə edib, etmədiyinə baxmaq faydalı ola bilər. Daha sonrasında isə LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı diqqət yetirilməli məqamlara, bir çox psixoloqun LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatsız olmağına və LGBTQİ+lərin gətirdiyi mövzuların təməl məqamına toxunulacaqdır. 

Psixoloqun nə edib, nə etməyinə baxıldığı zaman, əvvəlcə,  deyə bilərəm ki, psixoloqun fərqində olması gərəkən vacib məqamlardan biri müraciət edən şəxsdən üstün olmadığıdır. Psixoloq psixologiya sahəsi ilə bağlı özünü inkişaf etdirsə belə, müraciətçinin həyatının detallarını ondan daha yaxşı bilmir. Bu səbəblə, psixoloqun müraciətçinin hekayəsini maraqla və iyerarxik bir yanaşma mənimsəmədən dinləməsi lazımdır. 

Digər bir mövzu psixoloqun ağıl verməməsi mövzusudur. Psixoloqun müraciətçini dinlədiyi zaman müraciətçinin həyatını ondan daha yaxşı bilirmişcəsinə “Məncə, ailənlə barışsan, yaxşı olar”, “Fikrimcə, dostlarınla bu barədə danışmamalısan”, “Məncə, sən dostuna mesaj yazsan, məsələ həll olar” tərzində cümlələr qurmamağı lazımdı. Bu zaman psixoloq həm müraciətçini özündən asılı hala sala, həm də bu məsləhətləri ilə çeşidli konfliktlərin yaranmağına səbəb ola bilər.

Toxunmaq istədiyim başqa bir mövzu isə psixoloqun gələcək haqqında proqnoz verməsidir. Yuxarıda bəhs edilən cümlələr bir növ psixoloqun gələcəyi təxmin etməsindən yarandığını deyə bilərəm. Misal olaraq, yuxarıda qeyd olunan cümlələrdən birini genişlədib “Məncə, ailənlə barışsan, yaxşı olar. Əgər ailənlə barışsan, özünü daha rahat hiss edəcəksən” şəklində bir proqnoz cümləsinə çevirmək olar. Bu tərzdə cümlə quran bir psixoloq çox böyük ehtimal müraciətçinin “ailəsi ilə barışsa, narahat olduğu məsələlərin” həll olacağını təxmin edir. Lakin, müraciətçi özü bunun faydalı olacağını düşünmədən bu cümləni eşidəndə onda qıcıq yarana bilər. Ehtimallardan digəri isə bu danışığın psixoloqun proqnoz etdiyi kimi “rahatlama hissi” ilə nəticələnməməsidir. Beləliklə, psixoloqun gələcəkdə nələrin yaşanıb, nələrin yaşanmayacağını deməsi ciddi problemlərə yol aça bilər.

Bu zaman belə bir sual yarana bilər. Bəs psixoloq nə edir? Psixoloqun etdiklərinin detallı bir şəkildə danışılması çox uzun olacağından, bunları qısaca ifadə etməyə çalışacağam. Fundamental olaraq bir psixoloqun müraciət edən şəxsin həyatının fərqli sahələrində fərqindəlik qazanmasında və müxtəlif həll yolları ilə bağlı fikir alış verişində ona dəstək olduğunu deyə bilərəm. Psixoloq bu fərqindəliyə və həll yollarına gedən yolda müraciətçinin ehtiyaclarının, duyğularının, hisslərinin, düşüncələrinin, davranışlarının və s. açıqlanmasında və başa düşülməsində həm ona dəstək olur, həm də onunla bərabər bu kəşfin bir parçası olaraq aktiv rol alır. Bu yolda isə psixoloqun bəzi bacarıqlardan və texnikalardan istifadə etməsi lazımdır. Bu bacarıq və texnikalardan bəziləri aktiv dinləmə, terapevtik bağ qurma, empatiya, üzləştirmə, səmimilik və şəffaflık olaraq qeyd edilə bilər. Beləliklə bir psixoloqun təməl rolunun qarşısındakı müraciətçiyə nəyi necə etməli olduğunu demək yerinə, müxtəlif bacarıqlar və texnikalar vasitəsi ilə müraciətçinin içində olduğu şərtlərdə ehtiyaclarını, istəklərini, maraqlarını və s. kəşf etməsinə və onu narahat edən mövzuları idarə etməsinə dəstək olmaq olduğu deyilə bilər. 

Toxunulması lazım olan digər mövzu LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı psixoloqun diqqət yetirməli olduğu məqamlardır. Bir psixoloqun diqqət etməliəsas məqamlardandan biri, hətta bəlkə də ən əsas məqam etik kodeksdən kənarlaşaraq qarşısındakı fərdə öz dəyərlərini aşılamasıdır. Psixoloqun qarşısındakı müraciətçinin yaşına, etnik kimliyinə, dininə, sosial-iqtisadi vəziyyətinə, gender kimliyinə, seksual oriyentasiyasına və başqa kültürəl və fərdi xüsusiyyətlərinə görə, ona qeyri-obyektiv yanaşmasına yol verilməməlidir. Bu tərz davranışların yalnışlığı Amerika Psixologiya Assosiyasiyasının etik kodeksi kimi fərqli etik kodekslərdə də öz əksini tapır və psixoloqun dəyərlərini qarşı tərəfə aşılamasının etik kodeksə zidd olduğu vurğulanır. Bununla əlaqəli,  psixoloqun qarşısındakı LGBTQİ+ə  onun gətirdiyi mövzuyu dinləmədən “Heç dəyişməyi düşünmüsənmi?” tərzində suallar verməsini ifadə edə bilərəm. Əfsuslar olsun ki, bəzi psixoloqların hələ də bu tərz suallar verdiyi görülür və bu sualların verilməsi həm birbaşa etik qaydaların pozulması, həm psixoloqun öz dəyərlərini qarşı tərəfə aşılaması mənasına gəlir. Bu tərz bir yanaşması olan psixoloqun isə öz qeyri-obyektiv metodologiyası  üzərində işləməsi faydalı olacaqdır.

Digər məqam isə psixoloqun qarşısındakı müraciətçinin gender kimliyinə, seksual oriyentasiyasına və/və ya gender ifadəsinə sırf öz marağı üçün fokuslanmamasıdır. Belə ki, psixoloq, müraciətçinin gətirdiyi mövzuları dinləyərkən, onun gender kimliyinin, seksual oriyentasiyasının və/və ya gender ifadəsinin gətirdiyi mövzularda bir yeri olduğunun fərqində olması lazımdır. Lakin psixoloqun sırf öz marağını aradan qaldırmaq üçün bu barədə suallar verməsi – müraciətçiyə faydası olmadığı halda- və şəxsin gətirdiyi mövzulardan onu yayındırması qarşı tərəf ilə terapevtik bağ qurulmasını zədələyə, şəxsin ehtiyaclarını dilə gətirməsinə mane ola bilər.

Toxunmaq istədiyim başqa bir mövzu psixoloqların LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatının niyə az olduğudur. Bunun əsas səbələrindən birinin formal və qeyri-formal təhsildə bu mövzuya kifayət qədər yer verilməməsi ilə bağlı olduğunu düşünürəm. Müşahidələrimə əsasən, ibtidai təhsildən etibarən bu mövzuda məlumatlara formal və qeyri-formal çatımlılığın olduqca az olmaqla bərabər, çatılan məlumatların da çoxunun elmi resurslardan daha çox hansısa şəxsi fikirləri əhatə etdiyini görmüşəm. Bu zaman isə bu barədə elmi resurslara çata bilməyən bir psixoloq da, əgər şəxsi olaraq araşdırma etmirsə, bu sahədə özünü inkişaf etdirə bilməmiş olur və beləliklə, bir LGBTQİ+  ilə qarşılaşdığı zaman çox vaxt ya necə bir yanaşma mənimsəyəciyini bilmir, ya da əlində olan yanlış əzbər düşüncələri hərəkətə keçirir.

Elə əzbərlənmiş yalnış düşüncələrdən yazarkən, başqa bir məqama da toxunmaq istəyərdim. Bu cümlələri yazmaq məni olduqca məyus etsə də, bu mövzuya toxunmadan növbəti hissəyə keçmək istəmirəm. Belə ki, müşahidələrimə əsasən, deyə bilərəm ki, bəzi psixoloqlar LGBTQİ+lərlə psixoloji konsultasiya sahəsində məlumatlı olduqları halda, sırf daha çox “qəbul görmək” adına cəmiyyətdə kök salmış fobik düşüncələri dəstəkləyən nitqlər səsləndirə bilirlər. Bu tərz yanaşma göstərən psixoloq dediklərinin yalnış olduğunu təxmin etsə belə, bəlkə də sırf daha çox insanın qəbulunu almaq üçün dediyi o yalnışa inanmağı seçir. Bu zaman isə həmin psixoloq nəinki etik qaydaları pozur, eyni zamanda, öz statusundan istifadə edərək yalnış düşüncələri gücləndirmiş, hətta bəlkə də dolaylı olaraq nifrət nitqlərini dəstəkləmiş olur.

Qeyd edəcəyim digər məqam isə müraciət edən şəxslərin seanslara gətirdiyi mövzulardır. Bu mövzuların hər birini vurğulamaq ayrı bir çalışmanın mövzusu olacaq qədər uzun olduğundan, bəzi təməl məqamlara toxunacağam. Belə ki, LGBTQİ+lərin gətirdiyi əsas mövzulardan biri aidiyyat hissi ilə əlaqədardır. Müraciətçinin çevrəsindəki insanların bir çoxu tərəfindən başa düşülməməsi özünü çevrəsinə aid hiss etməməsi ilə nəticələnə bilir. Bu zaman isə müraciətçi izolyasiya, yalnızlıq duyğusu və mənasızlıq ilə qarşı-qarşıya gəlir. Bu məqamda müraciətçinin ehtiyacları əsasında onu gender kimliyinə, seksual oriyentasiyasına və/və ya gender ifadəsinə görə diskriminasiyaya məruz qalmasının doğru olmadığı barədə məlumatlandırmaq, icmalaşmasına dəstək olmaq, sosial çevrəsindəki qoruyucu faktorları hərəkətə keçirmək və gücləndirici çalışmalar etmək faydalı ola biləcək yanaşmalardan bəziləridir. Digər məqam isə yenə çevrə ilə əlaqəli olan ailə münasibətlərdir. Bu zaman isə yuxarıdakı çalışmalara əlavə olaraq, əgər ailəni də prosesə daxil etmək mümkündürsə, ailə ilə əlaqə yaratmaq, ünsiyyət şəkilləri üstündə çalışmaq faydalı ola bilir. Bu məqamlar görüşlərə gətirilən mövzuların bir hissəsini əhatə etsə də, müraciətçilərin ehtiyaclarının və ya gətirdikləri mövzuların bunlarla limitli olmadığını vurğulamaq istərdim.

Son olaraq isə, müraciətçilərin gətirdikləri mövzulara sistematik olaraq yanaşılmasının vacibliyinə toxunmaq istəyirəm. Belə ki,  psixoloji konsultasiya müraciət edən şəxsin həyatındakı mövzuların müəyyən bir hissəsinə toxuna bilir. Bu səbəblə, psixoloji konsultasiya və terapiya ilə paralel olaraq hüquq, sosial iş kimi dəstəklərin də əlçatan olması vacibdir. Bu dəstəklərin hər biri vahid bir şəkildə hərəkətə keçirildiyizaman isə daha əhatəli və güclü bir yol izləmək mümkün ola bilər.

Yuxarıda LGBTQİ+ lərlə psixoloji konsultasiya mövzusunda fərqli məqamlara qısa da olsa, yer verməyə çalışdım. Bu mövzu, əslində, yazılanlardan daha dərindir və yeni araşdırılmalar ilə daha da zənginləşdirilməsi lazımdır. Bu məqalənin LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunun əhəmiyyətini bir qədər işıqlarındırmasını və mövzu ilə bağlı gələcəkdəki daha detallı çalışmalara yol açmağını ümid edirəm.

Gənclər Hansı Ölkələrdə Yaşamaq İstəyir? | AGORA

BAKI, 3 Mart 2023, AGORA: Gənclər Hansı Ölkələrdə Yaşamaq İstəyir?

Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğuda iştirak edən respodentlərin 56%-i Abşeron yarımadasında, 44%-i isə ölkənin digər bölgələrində yaşayan gənclərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub. Sorğu haqqında ümumi məlumat və nəticələri ilə bağlı öncəki hesabatla buradan tanış ola bilərsiniz.

Respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavablar göstərir ki, cəmi 11%-i Azərbaycanda, 89%-i isə digər ölkələrdə yaşamaq istəyir. Sorğu iştirakçıları cavablarında ümumilikdə 41 fərqli ölkənin adını çəkib. Sual açıq sual formasında verilib və cavab variantı olaraq heç bir ölkənin adı qeyd edilməyib. Nəticələrdən aydın olur ki, gənclərin ən çox yaşamaq istədikləri ölkə Amerika Birləşmiş Ştatlarıdır (bax: Cədvəl 1). Norveç və Almaniya da respodentlərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündədir. Hazırda azərbaycanlı miqrantların ən çox yaşadığı ölkə olan Rusiyanın adı ilk onluğa düşməyib. Respodentlərin cəmi 1%-i yaşamaq istədikləri ölkənin Rusiya olduğunu bildirib.

Cədvəl 1: Respondentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Nəticələrə görə, ABŞ, Norveç və Almaniya gənclərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündə yer alsa da, nəticələrin respodentlərin yaşayış yerləri üzrə təhlilində fərqli trendlər nəzərə çarpır. Məsələn, sırf Abşeron yarımadasından kənardakı regionlarda yaşayan gənclərin yaşamağı arzuladıqları ölkələr arasında Azərbaycan ilk sıradadır (bax: Cədvəl 2). Region gənclərinin ən çox yaşamaq istədikləri xarici ölkə isə Türkiyədir. Eyni zamanda, regionda qeydə alınan cavablar arasında “bilmirəm” varinatı da ilk onluğa daxil olub.

Gənclər

Abşeron ərazisində – paytaxt və ətrafındakı şəhərlərdə yaşayan gənclər arasında Azərbaycanda yaşamaq istəyənlərin xüsusi çəkisi isə daha aşağıdır. Azərbaycan, Abşeron sakini olan gənclərin ən çox yaşamaq istədikləri ölkələrin sıralamasında yeddinci yeri tutub. Paytaxtdan sorğuya qatılan respodentlər ən çox ABŞ-da, daha sonra Norveç və Almaniyada yaşamaq istədiklərini bildiriblər (bax: Cədvəl 4). Daha bir diqqət çəkən məqam Türkiyənin paytaxtdakı gənclərin seçimində ilk onluqda olmaması ilə bağlıdır.

Gənclər
Cədvəl 3: Abşeron ərazisində yaşayan gənclərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Yaşayış yeri ilə yanaşı, gender üzrə də gənclərin yaşamaq istədikləri ölkələrin seçimində müəyyən fərqlər qeydə alınıb. Qadın respodentlərin cavabları göstərir ki, onların ən çox yaşamaq istədikləri ilk üç ölkə ABŞ, Azərbaycan və Türkiyədir (bax: Cədvəl 4).

Gənclər
Cədvəl 4:  Qadın respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Kişi respodentlərin ən çox yaşamaq istədiyi ölkə ABŞ-dır. Həmçinin, onların seçimləri arasında Azərbaycanın mövqeyi qadınlara nəzərən daha aşağı – dördüncüdür (bax: Cədvəl 5). Kişi respodentlərin yaşamağa üstünlük verdiyi ilk üç ölkə, qadınların seçimlərindən fəqli olaraq, Azərbaycan və Türkiyə əvəzinə, Norveç və Kanadadır. Eyni zamanda, kişi respodentlər arasında “bilmirəm” cavabı da ən çox səsləndirilən 10 cavab variantından biri olub.

Cədvəl 5: Kişi respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri

Agora – Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

LGBTİ+lərin vəziyyəti haqqında sorğu | Queerdian

Queerdian təşəbbüsü LGBTİ+ vətəndaşlara qarşı gender kimliyi və seksual oriyentasiyaya görə baş vermiş ayrı-seçkilik, zorakılıq və digər hüquq pozuntularının, həmçinin belə halların araşdırılması haqqında vəziyyəti öyrənmək məqsədi ilə sorğu keçirir.

Sorğunu doldurmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

Queerdian Azərbaycanda LGBTİ+ vətəndaşların mövcud sosial-siyasi təmsilçiliyi və LGBTİ+ vətəndaşlara qarşı hər cür təzyiqlərə qarşı mübarizə aparmaq və LGBTİ+ vətəndaşlarının bütün əsas hüquq və azadlıqlarının təmin olunduğu təhlükəsiz və qanuni cəhətdən əlverişli mühit üçün çalışır.

Queerdian təşəbbüsünün məqsədi Azərbaycanda LGBTİ+ vətəndaşlarının ehtiyaclarını və hüquqlarını cəmiyyətin dərk etməsi üçün yaxşılaşdırılması, daha yaxşı məlumat resurslarının yaradılması və saxlanılmasına töhfə verməkdir.