İnterseks Fərqindəlik Günü | İnter Dayanışma

Bu gün İnterseks Fərqindəlik Günüdür.

İnterseks Fərqindəlik Günü hər il oktyabrın 26-da keçirilən beynəlxalq məlumatlandırma günüdür, intersekslərin üzləşdiyi insan hüquqları problemlərini işıqlandırmaq üçün qeyd edilir.

Bu gün münasibətilə Türkiyənin LGBTİ+ təşkilatları 26 oktyabr İnterseks Fərqindəlik Günündə İnter Dayanışma İnstagram hesabının qonağı olacaq.

Oktyabrın 26-sı çərşənbə günü saat 20.00-da başlayacaq yayında Türkiyənin LGBTİ+ təşkilatları iştirak edəcək və interseks fəalların suallarını cavablandıracaqlar.

17 May, Seksual Zorakılıqla Mübarizə Dərnəyi, Kaos GL, Lambdaistanbul, SPoD və ÜniKuirin ev sahibliyi edəcəyi proqram İnter Dayanışma İnstagram kanalında canlı yayımlanacaq.

İnterseks Fərqindəlik Günü

İnterseks Fərqindəlik Günü hər il oktyabrın 26-da keçirilən beynəlxalq məlumatlandırma günüdür, intersekslərin üzləşdiyi insan hüquqları problemlərini işıqlandırmaq üçün qeyd edilir.

Bu gün Şimali Amerikada 26 oktyabr 1996-cı ildə Amerika Pediatriya Akademiyasının illik konfransını keçirdiyi Bostondakı məkanın qarşısında intersekslərin ilk ictimai nümayişini ilə başlayıb.

İnterseks fəalları Morgan Holmes və Max Beck, Riki Wilchins də daxil olmaqla Transseksual Təhlükədən olan müttəfiqlərlə birlikdə Şimali Amerikanın (hazırda fəaliyyət göstərməyən) İnterseks Cəmiyyətində iştirak ediblər. Holms tədbirin aksiya kimi deyil, konfransda iştirak kimi nəzərdə tutulduğunu yazıb. 

O bildirib ki, Beck və Holmes “uzunmüddətli nəticələr haqqında müraciət etmək və interseks cinsiyyət orqanlarını “düzəltmək” üçün estetik əməliyyatın ən yaxşı hərəkət yolu olduğuna dair hələ də hökm sürən fikirlərinə etiraz etmək niyyətində idilər”, , lakin “rəsmi olaraq düşmənçiliklə qarşılandılar və mühafizəçilər tərəfindən konfransdan çıxarıldılar”.

Amma İnterseks Fərqindəlik Gününün özü 2003-cü ildə Betsy Driver və Emi Koyama tərəfindən mərkəzi məlumatlandırma saytının yaradılması ilə başlayıb.

İnterseks Fərqindəlik Gününü qeyd etmək üçün biz, Nəfəs LGBTİ Azərbaycan Alyansı, intersekslərin hüquqlarına hörmət edilməsini, o cümlədən zərərli təcrübələr çərçivəsində interseks cinsiyyət orqanlarının təhrif edilməsi/məcburi əməliyyatların həyata keçirilməsinin dayandırılmasını tələb edirik! 

Mediada xəbərlərin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. Mediada interseks məsələlərini işıqlandıran jurnalist və media nümayəndələri Mediada İnterseks Məsələlərinin İşıqlandırılması tövsiyələrinə buradan keçid edə bilərlər. 

TERF ilə Necə Mübarizə Aparmalı

TERF ideologiyası nədir?

Trans-eksklüziv radikal feminist ideologiya feminist hərəkatımızı riskə və transları və binar olmayanları təhlükəyə atır.

Addımlarımızın hər kəs üçün təhlükəsiz və əhatəli olduğundan əmin olmaq üçün TERF fikirləri necə aşkar edəcəyimizə dair qısa təlimatı tərtib etdik.

‘TERF’ – ‘trans-eksklüviz radikal feminizmi’ deməkdir. Bu ideologiya transfobiyanın xüsusi bir formasıdır və daha konkret olaraq transmisoginiyadır, çünki TERF-lər əsasən trans qadınları və transfeminin insanları hədəf alır.

Bu ideologiyaya görə, trans qadınlar qadınlıqdan kənarlaşdırılır və buna görə də, yalnız qadınlar üçün nəzərdə tutulan məkanlardan – qadın tualetləri, qadınlar üçün açılmış kofeşop və s. – kənarlaşdırılmalıdırlar. Qadınlıq GUYA yalnız “cinsə əsaslanan” – TERF ideologiyasının “bioloji olaraq qadın” adlandırdığının nəticəsi olan opressiya və qısnama təyin olunur. Bu fikir “qadınların” – və ya doğuşdan qadın təyin olunanların – gender əsaslı zorakılıq və qısnamanı eyni şəkildə yaşadığını iddia edərək “biologiya” anlayışını silanlandırır və etnik kimlik, sinif, seksuallıq, əlillik və digər struktural amillər ilə kəsişən fərqli gender təcrübələrimizi silir.

TERF-lərlə mübarizə aparmağın yollarını sizinlə bölüşürük.

Addım 1: Uzaqlaş

Bu ideologiyanı ədalətli debatla ilə məğlub etmək olar – amma qərarlı TERF-lər ədalətli mübarizə aparmırlar. Çox vaxt (xüsusən də onlayn) mübahisə zamanı ən yaxşı şey ayrılmaqdır.

Addım 2: İcmadaxili söhbət

Öz xalana və ya icmanda olan insanlara niyə trans qadınların qadın tualetindən istifadə etməli olduğunu izah et.

Addım 3: Güclü təşkilatlanma

Ətrafında daha güclü pozitiv, trans-inklüziv və aktivist icmaları qurmağa başla, Twitterdə @HashHashRadFemXZ ilə debata girmə.

Addım 4: Kollektiv öyrənmə

Trans qadınların iştirakı ilə  icmalar və qruplar daxilində qarşılıqlı və kollektiv maarifləndirmə apar.

Addım 5: TERF-ləri zibilliyə at

Bu ideologiyaya hər hansı bir zəmin verməkdən imtina et. Kəsişən, sinifli təhlilə əsaslanan materialist feminizm transların əleyhinə deyil, transfeminizmin* tərəfdarıdır.

Nəfəsə abunə ol və birlikdə TERF-ləri məsuliyyətli şəkildə zibilliyə ataq

TERF

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması kimi aparıcı məsələlər istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanda LGBTİ+lərin və qadınların* ayrı-seçkiliyə və təcrid olunmasına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai və siyasi həyata fəal inteqrasiyasını təşviq edir.

Feminizmə Giriş | Lorna Finlayson

Lorna Finlayson özünün ‘Feminizmə Giriş’ kitabında yanlış şüurun beş müxtəlif formasını təsvir edib.

1. Dünya haqqında yanlış bir inanc

Məsələn, kapitalizmin ona zülm etmədiyini düşünən bir işçi və ya qadınların „təbiətən“ riyaziyyatdan başı çıxmadığını düşünən misogynist bu kateqoriyaya misaldır.

2. Dünyanın qeyri-dəqiq təqdimatı

Məsələn, güzgüyə baxıb özünü olduğundan çirkin, yaxud həcmli görən qadın* bu kateqoriyaya misal ola bilər.

3. Vəziyyətə uyğun olmayan emosional reaksiya

Məsələn, təcavüz qurbanı olan müəyyən bir şəxs bu təcavüzdə özünü təqsirləndirə və hətta təcavüz edən şəxsə və şəxslərə hörmət belə edə bilər.

4. Müvafiq bir həqiqəti görməmək

Məsələn, irqçiliyin fərqində belə olmayan və “post-rassist” bir cəmiyyətdə yaşadığını düşünən ağdərili bir insan və ya qadın*ların reproduktiv əməyini görməzdən gələn, “nə ilə məşğulsan, bütün gün evdə oturursan”, – deyən bir kişi* bu kateqoriyaya misal olaraq göstərilə bilər.

5. Müəyyən bir emosional vəziyyəti yaşamamaq

Məsələn, işçilərinə qarşı empatiya hiss etməyən bir kapitalist və ya cəmiyyətin təsiri ilə dərinə hopmuş transfobiya səbəbindən özünü sevməyən trans* bir fərd bu kateqoriyaya aid missallardır.

Bununla yanaşı, Finlayson yanlış şüur anlayışını “sadə yanlış şüur” və “ideoloji yanlış şüur” olaraq iki hissəyə ayırır:

1. “Sadə yanlış şüur” siyasi deyil, texnikidir. Məsələn, bir insan bu gün çərşənbə axşamı olduğu halda bazar ertəsi olduğunu düşünə bilər. Bu da həmin insanın dünya haqqında yanlış bir fikrə sahib olduğunun göstəricisidir.

2. Marksistlərin diqqət dairəsində olan yanlış şüur növü xüsusi güc münasibətləri ilə yaradılan və bu səbəbdən özündə siyasilik ehtiva edən yanlış şüur növüdür. Bu, məhz o “ideoloji yanlış şüur” növüdür ki, onun varlığı və xarakteri bir sosial qrupun maraqlarının digər bir qrupun maraqları önünə keçməsi meyli ilə izah edir.

“İdeoloji yanlış şüur”a patriarxal ideologiyanı nümunə gətirmək olar. Patriarxal ideologiya tabe edilmiş qadın*lar üzərində dominant olan kişi*lərin mənafelərini qoruyan xüsusiyyətləri özündə ehtiva edən dünyaya və hadisələrə yanaşmanı, hissetməni və məntiqi əlaqələndirməni ayaqda saxlayan məfhumdur.

Məsələn, „qadın*lar uşaq baxımına təbii olaraq ən uyğun cinsdir“ inancı (qəbulluğu) ona gətirib çıxarır ki, qadın*lar uşaq baxımının əksər hissəsini öz üzərlərinə götürürlər və bu hal digər cinsdən olan insanlar tərəfindən qadın*ın vəzifəsi kimi görülməyə başlanılır. Bu iddia isə öz növbəsində insanlar arasında bu tənzimləmənin “təbii” və “vacib” olması fikrinə gətirib çıxarır ki, bununla da qadın*ların dəyərlərinin onların hansı dərəcədə müvəffəqiyətli ana olmaqları ilə ölçülməsinə zəmin yaratmış olur. Həmin bu qiymətləndirmə vasitəsi ilə patriarxal gender rolları və patriarxatın cinsi əmək bölgüsü ayaqda saxlanılır. Bu da öz növbəsində ona gətirib çıxarır ki, həm başqaları, həm də qadın*ların özləri onların “yaxşı qadın” olmadığını mühakimə etməsinlər deyə uşaq baxımıprosessinin əksər hissəsini öz üzərlərinə götürmək məcburiyyətində hiss edirlər. Heç də təsadüfi deyil ki, patriarxal mədəni irs ilə gənc qadın*lara uşaqlıqdan bəri yetkinlik dövrünə hazırlıq adı ilə onların gələcəkdə mütləq “ana” və “həyat yoldaşı” olacağı fikrini öyrədirlər.

– Lorna Finlayson, „Feminizmə giriş“ (Lorna Finlayson, „An introduction to feminism“)

Feminizmə Giriş

Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library

La Voz de la Mujer | Argentina

Anarxofeminist jurnal “La Voz de la Mujer”  1890-cı illərdə Argentinada çap edilən ilk qadın anarxistlərin jurnalı olub. 

„Fikirimizcə, bugünkü cəmiyyətdə heç bir şey və heç kim bədbəxt qadınlardan daha dəhşətli vəziyyətdə deyil […] Bu qədər göz yaşı və bu qədər səfalət içində olmağımızdan artıq bezmişik; uşaqların sonsuz əziyyətindən cana doymuşuq; yalvarışdan və dilənçilikdən boğaza yığılmışıq; biz bədnam istismarçılarımıza və ya iyrənc ərlərimizə oyuncaq olmaqdan usanmış halda cəmiyyət konsertində səslərimizi ucaltmağa, həyat ziyafətində sevincimizi tələb etməyə qərar verdik […] 

Biz, „ləyaqətsiz“ və „cahil“ adlandırdığınız qadınlar, təşəbbüs irəli sürüb “La Voz de la Mujer“ jurnalını nəşr etdiyimiz zaman təşəbbüsümüzə siz bədbin avaraların köhnə mexanistik fəlsəfənizlə necə cavab verəcəyinizi bilməliydik . . .“La Voz de la Mujer“-in ilk sayı dərc edildi və əlbəttə ki, qiyamət onda qopmağa başladı:

“Qadın emansipasiyası? Nə üçün?”, “Qadın emansipasiyası? Siz girən kol deyil. Ağlınızın ucundan belə keçməsin!”…”Qoy ilk növbədə biz kişilər emansipasiya əldə edək və azad olaq, ondan sonra siz qadınların emansipasiya söhbətlərinə baxarıq.” 

[…] Biz avtoritarlığa, hökmranlıq anlayışına nifrət edirik, çünki biz insan olmağı seçmişik, sizin kimi “başqasının” iradəsi ilə idarə olunan maşınlar deyilik. İstər o “başqa” adlandırılanlar hakimiyyət olsun, istər din, istərsə də başqa bir kəs olsun. Nə tanrı, nə rəis, nə də ər olsun!”

– „La Voz de la Mujer” anarxofeminist jurnalından bir hissə

Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library

Anarxofeminist

Dünyanın təşkilatlanmış ilk anarxofeminist qrupu XIX əsrin çiçəklənən anarxist hərəkatının bir hissəsi olaraq Argentinada qurulub. Onlar ilk anarxofeminist qəzet olan „La Voz de la Mujer“ jurnalını dərc etməyə başlayıblar. „La Voz de la Mujer“ qadın*lar tərəfindən qadın*lar üçün yazılmış jurnal olub. Bu jurnal Cənubi Amerika işçi hərəkatı içərisində məxsusi olaraq feminist hərkatın müstəqil təmsilçisi rolunu oynayıb. Jurnalın yaranması feminist fikirlərin inqilabçı və fəhlə hərəkatı ilə birləşməsinin sənədləşdirilmiş ilk nümunələrindən biri olaraq tarixə düşüb.

Bu jurnalın ərsəyə gəlməsində rol oynayan feministlər Emma Goldman, Louise Michel və Voltairine de Cleyre yoldaşlarının siyasi fikri və fəaliyyətlərində görüldüyü kimi patriarxata qarşı mübarizəni iqtisadi – sosial siniflərə və iyerarxiyalara qarşı daha geniş bir mübarizənin bir hissəsi kimi təqdim edən işçi sinfi hərəkatı olmaqla „mainstream feminism”, yəni reformist feminizmdən fərqlənirdi. Öz fəaliyyətini mövcud cəmiyyətin devrilməsinə həsr edən „La Voz de la Mujer“ dövrünün yarım əsr davam edən anarxist hərəkatının fəaliyyətdən sonra ərsəyə gəlib. Bu təşkilatlanmış feministlər kommunist-anarxist ənənənin bir parçası olaraq yeni və ədalətli sosial nizamın yaradılmasını özlərinə məqsəd qoyub.

Qəzəbdən İstifadə | Audre Lorde

“Mən qəzəb haqqında danışmaq istəyirəm, mənim qəzəbim haqqında, gəzib dolaşdığım zaman onun hökmran olduğu yerlərlə mənim nə öyrəndiklərim haqqında danışmaq istəyirəm.

Hər qadın*ın zəngin bir qəzəb arsenalı var; bununla da o, bu qəzəbi meydana gətirən fərdi və institusional zülmlərə qarşı potensial olaraq mübarizə apara bilər. Məqsədyönlü qəzəb irəliləməyə və dəyişikliyə xidmət edən güclü bir enerji mənbəyidir. Mən dəyişiklikdən danışarkən sadə bir mövqe dəyişikliyini və ya gərginliyin müvəqqəti azalmasını, yaxud gülümsəmək və ya özünü yaxşı hiss etmək bacarığını nəzərdə tutmuram. Mən yaşam müqəddəratımızı təyin edən əsas və radikal bir zehniyyət dəyişiklikdən bəhs edirəm.

Əgər qəzəb konstruktiv bir davranışa xidmət edən hal kimi tətbiq edilərsə, o, azadlıqverən, gücləndirən və maarifləndirən hərəkətə çevrilər, çünki biz bu dəyişikliyin çətin prosesi ərzində bütün fərqliliklərə baxmayaraq kimin müttəfiqlərimiz və kimin düşmənlərimiz olduğunu görürük.

Biz rəqabət və təhdid şəraitində çalışırıq, bunun səbəbi, əlbəttə, aramızdakı qəzəb anlayışı deyil, əksinə bütün qadın*lara, rassifikasiya olunmuş insanlara, homoseksual insanlara, kasıb insanlara qarşı yaranmış nifrətdir. O insanlara ki, onlar öz həyat şərtlərini sual altına alır, zülm anlayışına müqavimət göstərir, təsiredici birgə münasibətlər üzərində çalışırlar.

Bu nifrət və bizim qəzəbimiz arasında çox böyük bir fərq var. Nifrət bizə qarşı olanların quduzluğudur və məqsədi ölüm və məhvdir. Qəzəb isə həmfikir insanlar arasında deformasiya ağrısıdır və məqsədi dəyişməkdir. Ancaq vaxtımız get-gedə azalır […] Bütün fərqliliklərə baxmayaraq ehtiramla qarşılaşsaq, həmişə fərqliliklər üzərinə fokuslanmış bu mifləri inkar etmiş olarıq. Bu miflər bizi bölür və biz özümüzə sual verməliyik: bunlardan kim faydalanır?

Bizi məhv edən digər qadın*ların qəzəbi deyil, bizi məhv edən qəzəbimizə qulaq verməkdən, […] qəzəbi gücləndirmə (empowerment) mənbəyi kimi istifadə etməkdən imtina etməyimiz.

Qəzəbimizi boğsaq, heç vaxt fikirləşə bilməyəcəyik.

Qorxmağa hesablanmış tərbiyə ilə böyüdülmüş qadın*lar çox vaxt qəzəbi özünüməhv təhlükəsi kimi qəbul edirlər. Axı onlar kişi*lərin formalaşdırdığı brutallıq və şiddət fikirləri ilə böyüyüblər və inandırılıblar ki, onların həyatı patriarxal gücün xoş niyyətindən asılıdır; başqalarının qəzəbindən nəyin bahasına olursa – olsun qaçmaq lazımdır; çünki o, ağrıdan başqa bir şey gətirmir […] Əgər onlar öz gücsüzlüyünü qəbul edirlərsə, qəzəb həqiqətən də onları məhv edə bilər.

Qadın*ların qəzəbləri fərqliliklərinə baxmayaraq onu gücə çevirə bilərlər. Həmfikir olanların qəzəbi məhv deyil, dəyişiklik üçün bir vasitədir.

Qəzəb bizi daha da yadlaşdıran bəhanələr və təqsir hissi vermək əvəzinə qarşılıqlı anlaşmamızı təşviq etməli və gücləndirməlidir. Zəncirləri mənimkindən fərqli olsa da tək bir qadın* belə azad olmadığı müddətcə, mən də azad deyiləm. Tək bir insan belə zəncirlərindən azad olmadığı müddətcə, mən də azad deyiləm, eləcə də siz də azad deyilsiniz.

Qəzəbimi qurd kimi yedizdirdim və işığın, qidanın, qaçış yerinin olmadığı yerdə aydınlanma, gülüş, qorunacaq və istilik tapdım. Biz bataqlıqlara və cızıqlara baxmayaraq ölü heyvanlarda olduğu kimi qəzəbimizi istifadə etməyi öyrəndik, dəyişdik və sağ qaldıq.

Bu dünyaya xəstə bir maye kimi damlayan qaradərili qadın*ların qəzəbi deyil. Raket atan, raketlərə, müharibə və ölüm agentlərinə saniyədə altmış min dollardan çox pul xərcləyən mənim qəzəbim deyil. Şəhərlərdə uşaqları qıran, kimyəvi bomba yığan, yer kürəsini və qız*larımızı zorlayan mənim qəzəbim deyil.”

– Audre Lorde, „Qəzəbin istifadəsi: Rasizmə cavab verən qadın*lar”, „Çıxdaş edilmiş: esselər və çıxışlar“ kitabından („The uses of anger: Women responding to racism“, in: Sister Outsider: Essays and Speeches)

Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library

*Ulduz işarəsini istifadə etməkdə məqsədimiz dildə “qadın” və “kişi” məvhumlarından istifadə etsək də ikili cins sistemini rədd etdiyimizi göstərmək və onların sosial konstruksiya olduğunu vurğulamaqdır. Konstruktiv sosial reallıqlar haqqında danışmaq və hadisəyə aydınlıq gətirmək üçün, təəssüf ki, bu spektrum içərisində eyni sözləri istifadə etməliyik, lakin ulduz işarəsilə sözügedən məzmunu problemləşdirməyi də vacib hesab edirik.

Ayrı-seçkiliyin aradan qaldırılması | BMT

Ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Azərbaycanın 4-cü dövri hesabatı ilə bağlı yekun müşahidələrini bölüşüb. 

Ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı Komitə qeyd edir ki:

(a) Azərbaycan konstitusiya və qanunvericilik bazası ayrı-seçkiliyə qarşı müddəaları özündə ehtiva etsə də, ayrı-seçkiliyə qarşı spesifik qanunvericilik və işlək mexanizm yoxdur;

(c) Qanunda lezbiyan, gey, biseksual, transgender və intersekslərə qarşı birbaşa ayrı-seçkilik edən heç bir müddə olmasada, praktikada geniş yayılmış ayrı-seçkiliyin və mənfi stereotiplərin yayılması onların iqtisadi, sosial və mədəni hüquqlardan istifadəsinə mane olur;

(d) Transgenderlərin gender kimliyinin hüquqi tanınmasının olmaması onların işə, təhsilə və səhiyyə xidmətlərinə səmərəli çıxışına maneədir.

Komitə Azərbaycana tövsiyə edir ki:

(a) Ayrı-seçkiliyə qarşı qanunvericilik qebul edilsin və işlək mexanizm hazırlansın; digər həssas qruplar daxil olmaqla seksual oriyentasiya və gender kimliyinidə ora daxil edilsin.

(c) Lezbiyan, gey, biseksual, transgender və intersekslərə qarşı mənfi stereotiplərinin və damğalanmanın aradan qaldırılması bütün lazımi tədbirləri görülsün. O cümlədən, ictimaiyyət, səhiyyə işçiləri, müəllimlər, sosial işçilər, hüquq-mühafizə orqanları və digər şəxslər üçün maarifləndirmə kampaniyaları keçirilsin;

(d) Transgenderlərin Konvensiya hüquqlarından bərabər şəkildə istifadə etmələrini asanlaşdırmaq üçün şəxsin gender adaptasiyası üzrə cərrahiyyə əməliyyatı keçirib-keçməməsindən asılı olmayaraq, gender kimliyinin hüquqi tanınması üçün səmərəli prosedur tətbiq edilsin.

“LGBTİ+lərə qarşı ayrı-seçkiliklə mübarizə fiziki və mental sağlamlıq hüququ və davamlı inkişaf üçün vacib imperativdir,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bilidirib.

Seksual oriyentasiya və gender kimliyinə (SOGI) əsaslanan zorakılıq və ayrı-seçkilikdən müdafiə üzrə Müstəqil Ekspert Viktor Madriqal-Borloz BMT-nin İnsan Hüquqları Şuraya verdiyi son hesabatında lezbiyan, gey, biseksual, trans və digər gender kimlikli şəxslər və intersekslərin sağlamlığı ilə əlaqəli zərərlər haqqında icmal paylaşıb.

Bunlara aşağıdakılar daxildir: zorlama və digər cinsi və gender əsaslı zorakılıq, məcburi sterilizasiya, “konversiya terapiyası” və razılıq olmadan əməliyyat; səhiyyə sistemləri və xidmətləri tərəfindən aşkar ayrı-seçkilik və qısnama; dışlayıcı profilaktika və maarifləndirmə proqramları nəticəsində HİV/AİDS və digər yoluxucu xəstəliklər riskinin artması; əsas sağlamlıq xidmətlərindən, o cümlədən cinsi və reproduktiv sağlamlıqdan və genderi təsdiq edən xidmətlərdən imtina; və travma ilə əlaqəli depressiya, narahatlıq və intihar düşüncələri kimi ciddi mental sağlamlıq zərərlərinin artması halları.

10 Oktyabr – Dünya Mental Sağlamlıq Günü

10 oktyabr Dünya Mental Sağlamlıq Günüdür. Bu gün tez-tez palaz altına süpürülən mental sağlamlıq problemləri ilə bağlı maarifləndirmə və sosial stiqmanı qırmaq üçün bir gündür.

Bu kontekstdə heç də təəccüblü deyil ki, mental sağlamlıq problemləri bütün dünyada LGBTİ+ləri narahat edən vəbaya çevrilib, ayrı-seçkilikçi münasibət isə təsdiqləyici qayğıya çıxışın olmamasına gətirib çıxarıb.

“Biz bu Dünya Mental Sağlamlıq Günündə LGBTİ+ icmasına diqqət yetirməliyik. Dünya Mental Sağlamlıq Günü dünyada ən çox ayrı-seçkiliyə məruz qalan, nifrət edilən və təqib edilən insanlar arasında yer qalan LGBTİ+lər üçün çox aktualdır.  Azərbaycanda mental sağlamlıq mütəxəssislərinə çıxış əldə etmək lüks sayılır, LGBTİ+lərə qarşı qərəzli münasibət isə vəziyyəti bizim üçün daha da çətinləşdirir,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. 

70-dən çox ölkədə qanunlar yetkin insanlar arasında eynicinsli münasibətləri cinayət hesab edir və bu da LGBTİ+lərin səhiyyə xidmətlərinə çıxışını alt-üst edir. LGBTİ+ sağlamlığı lezbiyan, gey, biseksual, trans, kuir və intersekslərin fiziki, əqli və emosional rifahı deməkdir – Azərbaycanın da üzvü olduğu BMT öz LGBTİ+lərin sağlamlığının və rifahının yaxşılaşdırılması haqqında çağırışında qeyd edib. 

Fərdlər seksual oriyentasiya və gender kimliyinə və gender özünüifadəsinə əsaslanan sağlamlıq standartından istifadə etmək üçün ümumi və unikal maneələrlə üzləşirlər. LGBTİ+lərin stiqma və ayrı-seçkiliyə görə səhiyyə xidmətlərindən istifadə etmək və tibb işçiləri ilə əlaqə qurmaq ehtimalı azdır və mənfi fiziki və mental sağlamlıq nəticələrinin qeyri-mütənasib yükünü daşıyırlar. 

“İcma olaraq, biz zorakılıq, işgəncə, kriminallaşma, məcburi tibbi prosedurlar və ayrı-seçkilik daxil olmaqla, insan hüquqlarının pozulması ilə daha çox qarşılaşırıq. Bundan əlavə, biz səhiyyə müəssisələrində xidmətdən imtina, ayrı-seçkilik münasibəti və qeyri-münasib patologiyalarla üzləşirik. Bu səbəbdən də, Dünya Mental Sağlamlıq Günündə biz təkcə mental sağlamlıq problemləri ilə bağlı stiqmanı qırmaq üçün çalışmamalıyıq, həm də LGBT+lərin səslərinin yüksəldilməsini təmin etməliyik,” – Vahid Əliyev əlavə edib. 

Mental sağlamlıq siyasidir! Bu gün Dünya Mental Sağlamlıq Günündə sizə Nəfəs LGBTİ Azərbaycan Alyasının hazırladığı “Özünə-qayğı siyasidir” yazısına nəzər yetirməyinizi tövsiyə edir və fiziki və mental sağlamlığınızın güclü olmasını diləyirik! 

LGBTİ+ Media Monitorinqi | Minority Azərbaycan

LGBTİ+ Media Monitorinqi hesabatı Minority Azərbaycan təşlilatı tərəfindən dərc edilib və 2020-ci ilin media analizini əhatə edir.

Monitorinq 189 adda onlayn medianın sözügedən ilin yanvar-dekabr ayları üçün analizi əsasında aparılıb. 

Bu dövr ərzində dərc olunan 785 ədəd material araşdırılıb və gender kimliyi və seksual oriyentasiya əsaslı nifrət nitqi nümunələrinin axtarışı edilib. 

“Təqdim etdiyimiz nəticələr və xəbər analizlərindən də göründüyü kimi, Azərbaycan mediasında LGBTIQ+ məsələləri öz əksini yetərincə düzgün tapmır. Jurnalistlərin və yazarların bu barədə kifayət qədər savadlılığı olmadığı üçün təqdim olunan məzmunlar qərəzli olmadığı halda belə, kuir icmanı təqdim etmək üçün artıq etik hasab olunmayan ifadələrdən istifadə edilmişdir,” – deyə hesabatda qeyd edilib.

“2020-ci ildə Azərbaycanda LGBTIQ+ların qarşılaşdığı əsas çətinliklər (giriş hissədə də qeyd edildiyi kimi) – pandemiya və sərtləşdirilmiş karantin qaydaları səbəbindən işini və yaşayış yerini itirmə, hətta zəruri ehtiyacların qarşılana bilməməsi, yenidən bioloji ailələrin yanına qayıtmaq məcburiyyəti və ailə tərəfindən zorakılığın müxtəlif formalarına məruz qalma, trans qadınlara qarşı nifrət cinayətlərinə təşəbbüslər mediada yetərincə aydın və qeyri-fobik olmayacaq şəkildə sadəcə bir neçə “friendly” hesab oluna biləcək mediada işıqlandırılmışdır.”

Minority Azərbaycandan feminist aktivst Gülnara Mehdiyeva bildirib ki, “LGBTİ+ haqqında daha çox müzakirələrin getdiyi mövzular arasında feministlərin 8 Mart yürüşü və burada istifadə olunan şüar və plakatlar səbəbindən həmin yürüşün gey parad, LGBTİ+ləri legitimləşdirmə cəhdi olaraq görülməsi” də yer alıb.

“Azərbaycan mediası LGBTİ+ mövzularını müzakirə edərkən ən sadə jurnalist etikasına belə tüpürür. Media obyektiv məlumat vermək əvəzinə nifrət və ayrı-seçkilik yayır və müəyyən şəxslərin əlində olan təbliğat vasitəsinə çevrilib,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansında Vahid Əliyev bildirib.

Monitorinqin nəticələrini bu keçiddən oxuya bilərsiniz.

Beynəlxalq Lezbiyanlar Günü

Bu gün 8 oktyabr Beynəlxalq Lezbiyanlar Günümüzdür!

Avstraliya Gey və Lesbiyan Arxivlərinə görə, 8 oktyabrın Beynəlxalq Lesbiyanlar Günü kimi qeyd olunması 1979-1980-ci illərdən başlayıb. Şimali Avropada yaşayan lezbiyan fəallar və radikal lezbiyan feministlər bu illər ərzində həm gender, həm də seksual oriyentasiya əsasında ayrı-seçkiliyə qarşı mübarizələrini vurğulamaq üçün bu günü Beynəlxalq Lezbiyanlar Günü kimi elan ediblər.

2000-ci illərdən bəri geniş şəkildə qeyd olunan 26 aprel Lesbiyan Görünürlük Günü qədər məşhur olmasa da, 8 oktyabr Beynəlxalq Lesbiyanlar Gününün 1980-ci illərdən etibarən tədbirlərlə qeyd olunduğu əsas ölkələr Avstraliya və Yeni Zelandiyadır.

“Lezbiyan” sözü eramızdan əvvəl VI əsrin məşhur kuir şairəsi Safodan gəlir. Safo Lesbos adasında yaşayan şairə olub və o, əsərlərində Qədim Yunanıstanda qadınların evlərini tərk edə bilmədiyi və cəmiyyətdə təmsil olunmadığı bir vaxtda qadınlara duyduğu sevgini təsvir etmişdir. Yunan ədəbiyyatında lirik sənəti Safo formalaşdırmışdır. Onun şeirləri qadınlara qarşı hiss etdiyi həsrət, erotizm və çarəsizlik ilə məşhurdur.

Bu xüsusi gündə Minority Azərbaycan onlayn jurnalı tərəfindən nəşr olunan  “Lezbiyan Feminizmi” yazısına nəzər salmağınızı istərdik.