Search
Close this search box.

Göy Qurşağı Vəkilliyi Akademiyası 2022-2023

Nəfəs LGBTİ Azərbaycan Alyansı Azərbaycanda dəyişiklik yaratmaq istəyində olan LGBTİ+lər üçün “Göy Qurşağı Vəkilliyi” Programını təqdim etməkdən qürur duyur!

Son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ insan hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanmışdır.

Lakin, ölkədəki LGBTİ+ aktivizmindəki artmaqda olan bu fərqindəlik aktivizm marağında olan LGBT+lərin bilik, bacarıq və adekvat resurslara çıxışının arzuolunan dərəcədə əl çatımlı olmaması səbəbindən hələ də natamam olaraq qalır.

Bu istiqamətdə mövcud boşluqların doldurulmasına töfvə vermək üçün Nəfəs LGBTİ 6 aylıq “Göy Qurşağı Vəkilliyi” Proqramını təqdim edir. 

Program icma ilə iş təcrübəmiz, o cümlədən, bənzər proqramlar, masaüstü tədqiqat və ekspertlərlə məsləhətlər əsasında tərtib edilib.

Proqramın əsas məqsədi yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən onların ictimai iştirakçılığını dəstəkləmək.

İştirak üçün tələblər:

  • LGBTİ+ aktivizminə maraqlı olan;
  • LGBTİ+ vəkillik təcrübəsi ilə maraqlanan;
  • Və 6 ay müddətində proqramda iştirak etməyə hazır olan

HƏR KƏS “Göy Qurşağı Vəkilliyi” Proqramına müraciət edə bilər!

İştirakçı seçimində üstünlük təmsilçiliyi az görünən (xüsusən də trans və intersekslərə) və regionlardan olan LGBTİ+lərə veriləcək. Lakin proqram icmadan olan hərkəsə açıqdır.

Bununla yanaşı, proqramda iştirak etmək üçün aşağıdakı tələblər də mövcuddur:

  • Regionlardan birində keçiriləcək 2 günlük təlimdə iştirak etmək 
  • Proqram müddətində Bakıda keçiriləcək 4 konsultasiya-təlim yığıncaqlarında iştirak etmək;
  • LOTS vəkillik təşəbbüsü təklifi etmək;
  • O cümlədən, LOTS vəkillik təşəbbüsü həyata keçirmək və hesabatını təqdim etmək;

Proqramı uğurla bitirən məzunlar Sertifikatla qiymətləndirilmək ilə yanaşı, Nəfəsin Məzunlar Proqramına üzv olacaqlar.

Əlavə məlumat üçün rainbowacademy@nafaslgbti.org ünvanına yaza bilərsiniz.

Azərbaycan Təhsil Sistemində Kuirfobiya | Əli Məlikov

Azərbaycan Təhsil Sistemində Kuirfobiya – LGBTQİA+ müəllimlərin problemləri

Bu məqalə Əli Məlikovun Heinrich Boell Fondunun Tbilisi Ofisinin Feminist Vebsaytı üçün ingilis dilində yazdığı məqaləsinin tərcüməsidir. 

Əli Məlikov kuir aktivist və jurnalistdir. O, həmçinin “Qıy vaar!” və ‘Femkulis’ feminist-kuir platformalarının həmtəsisçisidir. 

Əli Azərbaycanın şəhər və bölgələrindəki kuir müəllimlərin hekayələrini paylaşır və onların həm peşə fəaliyyətində, həm də şəxsi həyatlarında qarşılaşdıqları gündəlik çətinliklərini nümayiş etdirir. 

“Səni şəhərdə pedaqoji fəaliyyətinə yaraşmayan və sənin səviyyənə uyğun gəlməyən kəslərlə görüblər”, – bu ifadəni Azərbaycandaki universitetlərin birində dərs deyən Rüfətə* universitet rəhbərliyi deyib. O,  Universitetinin Xüsusi Nəzarət Şöbəsi tərəfindən izlənilib. Rüfət isə ümumən belə bir şöbənin varlığından xəbərsiz olduğunu, eləcə də şəxsi həyatına müdaxilənin əsassız olduğunu söyləyir.

Bu gün Azərbaycanda LGBTQİA+ icma üzvləri gender kimliyi, cinsi oriyentasiya və/və ya digər ailə mənşələrinə görə ayrı-seçkilik görür, təhdid olunur, lakin kuir müəllimlər iş həyatlarına davam edə bilsinlər deyə, rəhbərlik tərəfindən gələn ayrı-seçkiliklərə susurlar.

Hazırda Azərbaycanda işçi hüquqları yetərincə qorunmur, halbuki ölkə konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 3.10-cu maddəsinə əsasən, işçilər kollektiv şəkildə öz əməklərini müdafiə edə bilər, lakin bu cür cəhdlərə çox vaxt işəgötürənlər və digər sosial və struktual qüvvələr tərəfindən maneə törədilir. Nəticədə bir çox insanlar (xüsusilə də LGBTQİA+ icmasının açıq düşüncəli üzvləri) işdən çıxarılmaqdan qorxaraq, rəhbərliklərin istismarçı davranışına dözməli və müqaviləsiz qaydada aşağı əməkhaqqı müqabilində işləməli olurlar. Azərbaycanda kir işçilər kuirfobiya hallarına susmalı olurlar. Bəzi hallarda LGBTQİA+ kimlikləri Azərbaycan cəmiyyəti və dövləti tərəfindən “müəllimlik statusuna uymayan” olaraq görüldüyü üçün müəllimlərin şəxsi həyatlarına müdaxilə və senzura da baş verə bilər. 

“Chai-khana” multimedia platforması üçün Azərbaycan məktəblərindəki LGBTQİA+ şagirdlər barədə hazırlanan yazıdan sonra LGBTQ+ müəllimlərin də məktəblərdəki kuir görünənlük mübarizəsinə töhfə verməyə çalışdığını öyrəndik. Peşə fəaliyyətlərinə təhlükələrin olacağını gözə alaraq kuir müəllimlər marginallaşdırılan mövzularda da tələbələr arasında fərqindəlik yaratmağa çalışırlar. Rüfət* də həmin müəllimlərdən biridir:

“Universitetimizdə açıq şəkildə özünü ifadə edən kuir tələbə var idi. Ona həmişə tələbə və müəllimlər tərəfindən “marslı” kimi davranılırdı. Buna görə də həmin tələbəyə güzəştlər etməyə çalışırdım, tez-tez ətrafında gəzərək təhlükəsiz mühit formalaşdırmağa cəhd edirdim. Bunu hiss edən qrupun digər oğlanlarından: “Müəllim, o petuxdu, ona niyə hörmət edirsən?”, – deyə tənələr eşidirdim. Hətta hər dəfə dərs bitəndən sonra düşünürdüm ki, ona özümün də gey olduğumu deyim, amma təbii ki, bu hərəkətimin qrup uşaqları tərəfindən yalnış anlaşmağından qorxurdum.”

Azərbaycanın təhsil sistemindəki seksizm və heteroseksizm ən uca nöqtəsindədir. Tələbələr üçün rol modelinin çox vacib olduğu dönəmdə vəziyyət qorxulu hal alır. Ölkə üzrə aparılan təbliğat nəticəsində tələbələr öz hüquqlarının belə tapdalanmağını normal qarşılayır. Kuir kimliklər tamamilə görməzdən gəlinir və insanlar bunu bir çox sahədə görür, ələlxüsus işə qəbul və müsahibə prosesində. Edilən nifrət nitqləri, üzə gülünüb, arxasıyca danışılan hekayələr kuirlərə ağır yük ola bilir. Belə şəraitdə mövcudiyyətini qorumaq böyük güc tələb edir və çox zaman kuirlər işsizliyə məruz qalır, ixtisas səviyyələrindən daha aşağı işlərdə çalışmalı olur və ya imkan yaranan kimi ölkəni həmişəlik tərk edirlər.

Hazırda kurslardan birində ingilis dili dərsi deyən Çarli aşağı kurslarda kifayət qədər LGBTQİA+ tələbələrin çox olduğunu deyir. Eləcə də o, öz kurslarının dövlət müəssisələrindən daha queer-friendly olduğunu qeyd edir.

“Kursda tələbələr mənə müəllimdən çox, mentor kimi yanaşır, olduğum kimliyimlə qəbul edirlər. Kaminq-aut etmə ehtiyacı hiss etməmişəm, lakin bunu gizlətməmişəm də. Həmişə danışdıqda adlandırmalar olmadan danışıram, boyfriend/girlfriend kimi kəsişməli ifadələrin hamısını işlədirəm, gendersiz xitablar edirəm. Kurslardan fərqli olaraq orta məktəblərdə vəziyyət düşüdüyümüzdən dəhşətlidir. Mən qanunlar imkan vermədiyi üçün oriyentasiyama görə əsgərlikdə olmamışam və buna görə dövlət idarələrində işləyə bilmirəm. Bu da birbaşa sistemin fobikliyini göstərir.”

Eləcə də Charlie vurğulayır ki, kuir kimliyini açıq şəkildə ifadə etməsi kariyerasının sonu da ola bilər. Onun sözlərinə görə, dərs müddətində istənilən mövzu haqda danışma haqqı olsa da, daha ehtiyatlı davranmaq və kuir mövzuları açılanda diqqəti çox çəkməmək üçün söhbəti başqa tərəfə yönəltmək lazımdır. O, həmçinin qeyd edir ki, özəl müəssisələr də dövlət maraqlarına uyğun şəkildə işləyir. Orta məktəbdə dərs deyən Eminin sözlərinə görə, işə qəbulda hicablılara ayrı-seçkilik edildiyi kimi, LGBTQİA+lar da işdən tamamilə rədd cavabı alırlar. Emin məktəb psixoloqlarının bu mövzu barəsində nə şagirdlərlə, nə də müəllimlərlə danışacaq səviyyədə məlumata sahib olmadığını deyir. Eləcə də o əlavə edir ki, indiki şəraitdə LGBTQIA+lar üçün məktəblərdə “yer yoxdur”, şərait olduqca təhlükəlidir.

“Burada LGBTQİA+ olub, bullinqdən qaçmaq olmaz. İşdə özümü hetero kimi ifadə edirəm. Kaminq-aut etsəm, əminəm ki, mənə olan münasibət tam dəyişəcək və işdən çıxarılmağım üçün hər şeyi edəcəklər. Sinifdə hər tip dəyərdə böyümüş şagird var; bizim bu mövzuda danışmağımız bir şagird üçün xoş olduqda, digəri üçün əxlaqsızlığın təbliğidir.”

Rayon məktəblərində vəziyyət Bakıdan daha pisdir. İnformasiyaya çatımlılığın daha azdır və Dennis van der Veur tərəfindən ILGA-Europe/COC üçün yazılmış fakt araşdırma missiyasının hesabatı da göstərdi ki, açıq kimlikli LGBTQİA+lar təhlükəsizlik məsələlərinə görə bölgələri tərk edirlər. [1] Lənkəranda məktəbdə incəsənət müəllimi olan Cəmalənin dediyinə görə, onların məktəbində psixoloq yoxdur. Onun əvəzində “tərbiyə işləri üzrə müdir” adlanan dindar bir şəxs var. Cəmalənin pirsinqləri var və saçları rənglidir. O deyir ki, müəllim heyəti və assistentlər ona qəribə yanaşırlar. Lakin onlar müəyyən stereotipləri incəsənət müəllimləri ilə əlaqələndirirlər, Cəmalə isə feminin qəbul edildiyi üçün onun özünüifadəsinə əngəl yaratmırlar.

“Bir dəfə bir uşaq (6-cı sinif) dəftərinə göy qurşağı çəkmişdi. Sinif yoldaşları dedi ki: “Geysən? Bu nədir, LGBTQİA+ bayrağı çəkmisən?” Bilmirəm ki, həmin uşaqları nə qədər təhlükəsiz şəkildə maarifləndirə bilərəm. Yəqin ki, şəhər məktəbində olsa, mövzu barədə daha rahat danışa bilərdim, nəinki burda. İndi danışsam, “nümunəvi müəllim” sayılmadığım üçün ciddi təhlükə yarana bilər.”

Cəmalənin ətrafında 2-3 kuir müəllim rəfiqəsi də var və onların fikrincə, açıq şəkildə kimliklərini ifadə etmələri rayonda ümumən mümkünsüzdür. Digər müsahiblərin sözlərinə görə, dövlətə nəzdində çalışan bir çox müəllimlər var ki, onların əllərindən hətta şəxsi həyatlarında belə özləri olma imtiyazı alınır. Misal üçün, genderini sərt maskulin şəkildə ifadə etməyən erkək müəllimlər əsasən özəl məktəblərdə, iş zamanı öz kimliklərini senzura edərək işlərini davam etdirə bilirlər. Müsahiblər həmçinin bildiriblər ki, iş yoldaşlarının onları işdən kənar zamanda görmək, sonra isə iş yerində ifşa etmək riskləri var. 

* Respondentlərin təhlükəsizliyi üçün adlar dəyişdirilib.

** Respondentlərin təhlükəsizliyi üçün təhsil müəssisələrinin adları qeyd edilməyib.

İstinadlar

[1] Dennis van der Veur, Forced Out: LGBT People in Azerbaijan (Amsterdam: ILGA-Europe and COC Netherlands, 2007).

Yaşanmış Həyat | Emma Goldman

„Washigton’da bir alman azad düşüncəli icma qarşısında çıxış etdim. Mühazirədən sonra özlərinə “der arme Teufel“ jurnalının oxucuları dedikləri bir qrup Reizel Freunde ilə tanış oldum. Digər bir Reitzel “dostu” özünü Cincinnati-dən bir pivəbişirən kimi təqdim etdi. Mənə yaxınlaşdı və seksdən danışmağa başladı. O, mənim ABŞ-da “azad sevginin (free love) böyük öndə gedənlərindən” olduğumu eşitmişdi. O, mənim təkcə – elə indicə sübut etdiyim kimi – ağıllı deyil, həm də cavan və cazibədar olduğumu görəndə çox sevinmişdi, heç də təsəvvür etdiyi mavi corablılar icmasından olan feministlər kimi deyildim. 

O da azad sevgiyə (free love) inanırdı, baxmayaraq ki, kişilərin və qadınların çoxunun, xüsusən də həmişə kişidən yapışmağa çalışan qadınların bunun üçün yetkin olduğunu düşünmürdü. Onun mənfur və hırıldayan tərzi mənim ürəyimi bulandırdı. Arxamı ona çevirib otağıma getdim. Çox yorğun idim, demək olar ki, dərhal yuxuya getdim. Qapıdan gələn səsə oyandım. “Kimdir?” dedim. “Bir dost,” deyə cavab gəldi; “Açmırsan?” Bu, Cincinnati-dən pivəbişirənin səsi idi. Yatağımdan atlayaraq bacardığım qədər qışqırdım: “Dərhal burdan getməsən, bütün evi başıma yığacam!” “Xahiş edirəm, xahiş edirəm!” deyə qapıdan yalvardı, “burada teatr çıxartma. Mən yetkin uşaqları olan evli bir kişiyəm. Sənin də sərbəst sevgiyə (free love) inandığını düşünmüşdüm.“ Sonra onun tələsik getdiyini eşitdim.

– Emma Goldman, „Yaşanmış həyat. Avtobioqrafiya“ („Gelebtes Leben. Autobiographie“)

Film Festivalı | Sosial İnklüziv Memarlıq və Şəhər Məkanları

Film mürəkkəb mühüm məsələləri çatdıra və yeni səslərə platforma verə bilər. Dinləməli olduğumuz səslər. 

Başqa sözlə, film bizi yeni üsullarla əlaqələndirə, hiss etdirə və anlamağa vadar edə bilər.

“Biz xoşbəxtik ki, Gürcüstan, Azərbaycan və Danimarkada sosial inklüziv memarlıq və şəhər məkanları kimi ayrı-seçkiliyə yol verilməyən dizayn həlləri haqqında qlobal qısametrajlı film müsabiqəsi olan “Film Mozaikası” layihəsini dəstəklədik,” –  deyə Yeni Demokratiya Fondu öz Facebook paylaşımında qeyd edib.

Filmlər tikilmiş mühitə daxil edilmiş bərabərsizlikləri ortaya qoyur və daha yaşıl, daha təhlükəsiz, daha sağlam və daha ədalətli və inklüziv şəhərlərlə nəticələnən həlləri ruhlandırıb.

Bu yaxınlarda, Kopenhagen Memarlıq Festivalında Gürcüstanın Danimarkadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində “Film Mozaikası”film layihəsində iştirak edən 12 filmin nümayişi keçirilib.

Nümayişdən sonra rejissorlar ilə müxtəlif mədəni kontekstlərdə inklüziv dizaynla məşğul olmağın əhəmiyyəti və təsirindən bəhs edən müzakirə təşkil edilib.

Film Mosaikası” layihəsinin əsas məqsədi film mühitinə çıxışı demokratikləşdirmək və memarlıq və bərabərlik arasında qarşılıqlı əlaqəni araşdırmaqdır.

Filmlər BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəmində bərabərsizliklərin azaldılması öhdəliyini əks etdirən mərkəzi, transformativ vəd olan “Heç kəsi gündəmdən kənarda qoyma” ideyasına uyğun olaraq hazırlanıb.

Kopenhagendə nümayiş etdirilən 12 filmə buradan baxa bilərsiniz.

“Film Mozaikası” film festivalı Kopenhagen Memarlıq Festivalı tərəfindən layihə tərəfdaşları – Tbilisi Architecture  Biennial / თბილისის არქიტექტურის ბიენალე, Nəfəs LGBTİ Azərbaycan Alyansı və Emergency Architecture & Human Rights ilə birgə təşkil olunub.