Dovşan Getmək Qərarına Gəlir | Sənədli-eksperimental Film
“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi beynəlxalq festivalda nümayiş olunub. Film Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirir. Bu barədə filmin rejissoru Vüsalə Hacıyeva Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib.
Sentyabrın 28-də Norveçin Oslo/Fusion International Film Festivalında dünya premyerası baş tutan filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə Azərbaycanda kuir vətəndaşların vəziyyəti barədə müzakirə təşkil edilib.
“Mənim üçün öz hekayələrimizi danışmağımız və insanların bu hekayələri bizim perspektivimizdən eşitməsi vacibdir.”
“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi Vüsalənin yaşadığı təcrübələrdən bəhs edir. Film Vüsalənin yadında qalan ilk həyəcanlı uşaqlıq xatirəsi ilə başlayır: “İlk dəfə anamın qarderobunda olan paltarı evdə heç kimin olmadığı vaxt geyinmişdim, güzgünün qarşısında dayanıb oynayırdım. Yəqin ki, həmin günə qədər olan ən həyəcanlı anlardan biri idi bu mənim üçün.”
“Filmi çəkməkdə məqsədim ilk olaraq baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və həyatımın tranzisiyadan sonrakı illərinə kənardan baxa bilmək istəyidir. Reprezentasiya olaraq bizim özümüzün öz hekayəmizi danışması və insanların bu hekayələri bizim dilimizdən eşitməsi mənim üçün vacibdir”, – Vüsalə qeyd edib.
“Ev həmişə komfort zonası olmur. Hərdən ev əsl cəhənnəmə çevrilə bilir. Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və son damla olaraq həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur. Məhz elə bu məni planlaşdırmadığım səyahətə – Tbilisiyə gətirdi. Yeni şəhərdə yeni həyata adaptasiya olmaq, özümlə gətirdiyim problemləri həll etmək və “sonra nə olacaq?” sualına cavab tapmalıyam”, – deyə filmin sinopsisində qeyd olunub.
Rejissorluq üzrə təhsil almış Vüsalə Hacıyeva həmçinin şairə və bloq yazarıdır. Azərbaycan dilində translara dair mövzulara fokuslanan ilk platforma olan Transvisionary təşəbbüsünün həmtəsisçisidir.
Azərbaycan LGBTİ+lər üçün Avropanın ən pis ölkələrindən biridir. Xüsusilə trans icması zorakılıq və təqiblərə məruz qalır. Buna baxmayaraq, LGBTİ+ icması heç bir halda susmur.
Mediada LGBTİ+ məsələlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər.
İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49 ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir.