Bəyanat: Mübarizəmiz Haqlıdır!
İyun ayında Qürur Ayı qeyd etdiyimiz zaman, bu ay bütün dünyada LGBTQİ+ icmalarının üzləşdiyi davamlı problemləri dərk edərək, hərəkatlarımızdakı nailiyyətləri və dayanıqlılığını qeyd edirik. Nəfəs qlobal miqyasda LGBTQİ+ icması ilə həmrəydir və biz cinsi oriyentasiyasından, cinsi kimliyindən və ifadəsindən asılı olmayaraq həsin bərabərliyini, ayrıseçkilik etməməsini və insan hüquqlarına hörməti təşviq etmək öhdəliyimizi bir daha təsdiqləyirik.
Dünyanın bir çox yerində baş verən irəliləyişlərə baxmayaraq, Azərbaycanda LGBTQİ+ icmasına qarşı zorakılıq və ayrı-seçkiliyin hələ də davam etməsinin şahidi olmaq məyusedicidir. Biz xüsusilə dövlət rəsmilərinin və parlament üzvlərinin zərərli stereotipləri davam etdirən, icmamızaa qarşı zorakılığı, fundamental hüquq və azadlıqlarımızın məhdudlaşdırılmasını təhrik və təşviq edən qərəzli çıxışlardan hədsiz narahatıq. Bu cür ritorika istənilən ədalətli və inklüziv cəmiyyətin təməli olan bərabərlik və insan hüquqlarına hörmət prinsiplərini sarsıdır.
Bundan əlavə, biz icmamıza, eləcə də hüquq müdafiəçilərinə və fəallara qarşı yönəlmiş nifrət cinayətlərinə, təhdidlərə və hücumlara qarşıyıq. Bu hərəkətlər təkcə bərabərlik haqqımızı deyil, həm də hamı üçün qorunmalı olan ifadə azadlığı, dinc toplaşmaq azadlığı və şəxsi toxunulmazlıq hüquqlarını təhdid edir.
Biz Azərbaycan hökumətini, vətəndaş cəmiyyəti təşkilatlarını və ayrı-ayrılıqda hər bir soydaşımızı Azərbaycanda LGBTQİ+ icmasına qarşı ayrı-seçkiliyin, zorakılığın və qərəzli münasibətin aradan qaldırılması üçün birgə işləməyə çağırırıq. Biz dövlət rəsmilərini və parlament üzvlərini sözləri və hərəkətləri ilə bərabərliyi və inklüzivliyi təşviq etməklə öz rollarını məsuliyyətlə yerinə yetirməyə çağırırıq.
LGBTQİ+ yoldaşlarımız, harada olursunuzsa olun, ümid edirik ki, bizi eşidirsiz! Sizi əmin etmək istəyirik ki, biz sizin üzləşdiyiniz çətinlikləri dərk edirik, ayrı-seçkilik və zorakılıqdan qorxmadan azad yaşaya biləcəyiniz təhlükəsiz və inklüziv Azərbaycan yaratmaqda qərarlıyıq.
Bizim mübarizəmiz haqlıdır və biz Azərbaycanda LGBTQİ+ icmasının hüquq və ləyaqətini təkcə Qürur Ayında deyil, ilin hər günü müdafiə etməyə davam edəcəyik.