Trans Müttəfiqləri üçün Tövsiyələr
Aşağıdakılar translarla daha yaxşı müttəfiq olmağa doğru irəliləyərkən istifadə oluna biləcək tövsiyələrdir. Əlbəttə ki, bu siyahı tam deyil və görüləcək və ya deyəcək bütün “doğru” şeyləri ehtiva edə bilməz, çünki tez-tez qarşılaşa biləcəyiniz hər bir vəziyyətə bir “doğru” cavab yoxdur.
Translarla müttəfiq olduqda, hərəkətləriniz mədəniyyəti dəyişməyə kömək edəcək, cəmiyyəti translar və konvensional gender gözləntilərinə uyğun gəlməyən bütün insanlar (trans və ya natrans) üçün daha yaxşı, təhlükəsiz yerə çevirəcək.
Sadəcə baxaraq kiminsə trans olub-olmadığını müəyyən edə bilməzsiniz.
Translar müəyyən bir şəkildə görünmür və ya hər hansı bir əsildən gəlmirlər. Bir çox trans “görünən şəkildə trans” görünmürlər, yəni başqaları tərəfindən trans kimi qəbul edilmirlər. Otağa göz gəzdirib transların olub-olmadığını “görmək” mümkün deyil. Hər hansı bir toplantıda və ya hər hansı bir məkanda transların ola biləcəyini ehtimal etməlisiniz.
Transların seksual oriyentasiyası ilə bağlı fərziyyələr irəli sürməyin.
Gender kimliyi seksual oriyentasiyadan fərqlidir. Seksual oriyentasiya kimə cəlb olunduğumuzla bağlıdır. Gender kimliyi kişi və ya qadın olmaq və ya bu binar genderlərdən heç biri olmamaq kimi şəxsi hisslərimizlə bağlıdır. Translar gey, lezbiyan, biseksual və ya hər hansı digər cinsi oriyentasiyaya sahib ola bilərlər.
Translardan “əsl adının” nə olduğunu soruşmayın.
Bəzi translar üçün doğum adı ilə əlaqələndirilmək böyük bir təlaş mənbəyidir və ya bu, sadəcə olaraq geridə buraxmaq istədikləri həyatlarının bir hissəsidir. Transların hazırda istifadə etdiyi ada hörmət edin. Əgər təsadüfən kiminsə doğulduğu zaman ona verilən adı bilirsinizsə, lakin həmin insan artıq o addan istifadə etmirsə, həmin şəxsin açıq icazəsi olmadan adını paylaşmayın. Eynilə, icazəniz olmadıqda kiminsə tranzisiyadan əvvəlki şəkillərini paylaşmayın.
Transların öz kimliklərini təsvir etmək üçün istifadə etdikləri terminologiyaya hörmət edin.
Translar təcrübələrini təsvir etmək üçün bir çox fərqli termindən istifadə edirlər. Bir insanın özünü təsvir etmək üçün istifadə etdiyi terminə (trans, transgender, transseksual, qeyri-binar, genderqueer və s.) hörmət edin. Bir şəxs hansı terminlərin genderini ən yaxşı şəkildə ifadə etdiyinə əmin deyilsə, ona özlərini anlamaq üçün vaxt tanıyın və hansı termindən istifadə etməli olduqlarını deməyin. Kimliyinizin başqaları tərəfindən müəyyən edilməsini istəməzsiniz, ona görə də, başqalarının özlərini müəyyən etməsinə icazə verin.
Tranzisiyanın “doğru” və ya “yanlış” yolu olmadığını və bunun hər bir insan üçün fərqli olduğunu anlayın.
Bəzi translar bədənlərini gender kimliklərinə uyğunlaşdırmaq üçün tranzisiyanın bir hissəsi olaraq hormon əvəzedici terapiya və cərrahi əməliyyatlar kimi tibbi xidmətlərə müraciət edirlər. Bəzi translar gerçək – otantik gender kimliklərinin hormonlar və ya əməliyyat olmadan tanınmasını istəyirlər. Bəzi translar maliyyə resurslarının və ya təlim keçmiş təminatçılara çıxışının olmaması səbəbindən genderini təsdiq edən səhiyyə xidmətlərinə daxil ola bilmirlər. Transların genderi tibbi prosedurlardan və ya onların görünüşündən asılı deyil. Qəbul edin ki, kimsə sizə trans olduğunu söyləyirsə, transdır.
Transların cinsiyyət orqanı, cərrahi vəziyyəti və ya seks həyatı haqqında soruşmayın.
Bir cisgenderdən (natrans) cinsiyyət orqanlarının görünüşü və ya vəziyyəti barədə soruşmaq yersiz olardı. Translara bu sualları vermək də eyni dərəcədə yersizdir. Transların “əməliyyat” olub-olmadıqlarını və ya “əməliyyatdan əvvəl” və ya “əməliyyat sonrası” olub olmadıqlarını soruşmayın. Bir trans sizinlə belə mövzularda danışmaq istəsə, bunu gündəmə özü gətirər. Eynilə, cisgenderlərdən sekslə necə məşğul olduqlarını soruşmaq düzgün olmaz, buna görə də, eyni nəzakət translara da şamil edilməlidir.
Əlbəttə ki, ikibaşlı təriflərdən və “faydalı” tövsiyələrdən çəkinin.
Dəstək olmaq niyyətində olsanız da, aşağıdakı kimi şərhlər incidici və ya hətta təhqiredici ola bilər:
- “Heç vaxt sənin trans olduğunu bilməzdim. Çox gözəl görünürsən.”
- “Əsl qadın kimi görünürsən.”
- “O qədər gözəldir ki, onun trans olduğunu heç vaxt təxmin etməzdim.”
- “O, çox yaraşıqlıdır. Trans olmasına baxmayaraq, onunla görüşərdim.”
- “Çox cəsarətlisən.”
- “Səs məşqçisi olmaq haqqında düşünmüsən?”
Translara qulaq asın, dinləyin.
Müttəfiq olmağın ən yaxşı yolu öz adından danışan transları açıq fikirlə dinləməkdir. Trans icmasındakı fikir liderlərini izləyin. Translar və icma daxilində insanların üzləşdiyi problemlər haqqında daha çox məlumat əldə etmək üçün kitablara, filmlərə, YouTube kanallarına və trans bloqlarına baxın. @transvisionary səhifəsini izləməyinizi tövsiyyə edirik. Transvisionary transları tranzisiya prosesi barədə məlumatlandırmaq və ümumilikdə, trans icma üçün yaradılmış platformadır.
Tövsiyyələrin hazırlanmasında GLAAD-in materiallarından istifadə olunub.