Search
Close this search box.

LGBTİ+ ovu: 2017-ci il hadisələri 

Transfobiya Qurbanlarının Anım Həftəsi çərçivəsində növbəti podkastımızı təqdim edirik.

2017-ci il sentyabr hadisələri barədə nə bilirik? Bu mövzuda danışarkən müzakirələr adətən baş verən aktın hüquqi müstəvidə sorğulanmasından ibarət olur və hadisənin ümumi təsvir edilməsi ilə kifayətlənir. Bu dəfəki podkastımızda baş verənləri zərərçəkənlərdən birinin öz dilindən eşitmək imkanı əldə etdik. Qonağımız trans qadın Sahradır və o, sentyabr hadisələri zamanı qanunsuz həbs olunan 10-larla icma yoldaşımızdan biridir.

Sahra, bu podkastda həbs olunmasından, o cümlədən polis bölməsindəki saxlanılma şəraitindən, polis və penitensiar işçilərinin ona və digərlərinə davranışından, saxlanılanların məruz qoyulduğu qeyri-insani rəftar və zorakılıq xatirələrini bölüşür.

Translar və onların münasibətləri

Uzun fasilədən sonra Nəfəsin növbəti podkastından sizləri salamlayırıq!

Trans fərqindəlik həftəsi 🏳️‍⚧️ çərçivəsində hazırladığımız bu epizodda trans münasibətlərdə tabular, translarla münasibətdə qəliblər (stereotiplər), feminen və maskulinlik, icma daxilində femfobiya kimi mövzulardan söhbət etmək imkanımız oldu. Dəyərli təcrübələrini bölüşdükləri üçün könüllümüz Alvi və qonağı trans-feminist aktivist Miray Dənizə təşəkkür edirik.

Transmaskulinlik və Mental Sağlamlıq | Azad Bəxti

Bu yazı trans kişilərin/maskulinlərin mental sağlamlığı, ona birbaşa və ya bilavasitə təsir edən amillər haqqındadır. Trans kişilərin/maskulinlərin mental sağlamlığı ilə əlaqəli Azərbaycan dilində əhatəli bir araşdırma, yazı, məqalə tapa bilməməyin özü belə məsələnin nə dərəcədə qəliz olduğunun xəbərçisidir. Mental sağlamlıq hər bir insan üçün vacib olduğu kimi translar üçün də həyati əhəmiyyət kəsb edir. Ölkə reallığında boğulan, müxtəlif növ transfobiyalardan həyatda qalmağa çalışan transların özündə mübarizə aparmağa güc tapa bilməsi üçün adətən ortalamadan daha güclü psixologiyaya ehtiyacları olur. Psixoloji vəziyyətimizi stabil tuta bilmək üçün buna təsir edən problemləri həll etməli oluruq. Trans təcrübəsi individual olduğundan bu problemlər hər kəsdə fərqlilik göstərə bilsə də, bəzi ortaq məsələləri görmək mümkündür.

Tranzisiya

Tranzisiya insanın öz gender ifadəsini və/yaxud bədənini gender kimliyinə uyğunlaşdırmaq üçün üzərinə götürdüyü prosesdir. Buraya hormon əvəzedici terapiyanı və bədən uyğunlaşma əməliyyatlarını da aid etmək olar. Hər trans tranzisiya etmək istəyir və ya istəməlidir deyə bir şərt yoxdur. Tranzisiyaya başlayan traslar üçün isə bu proses həyati əhəmiyyət kəsb edir, müxtəlif səbəblərlə yavaşladılması və ya maneə olunması ciddi nəticələrə səbəb olur. Hormon preparatlarının və əməliyyatların Azərbaycanda əlçatan olmaması, başqa yerdən çıxış əldə edilsə belə, bahalılığı əsas maneələrdən biridir. Bundan başqa, bunu onlardan xüsusi olaraq xahiş etməsək belə, cisgenderlər bəzən hormonların psixologiyamıza və bədənimizə verə biləcəyi “zərərlər” haqqında məlumatlılığımızı artırmağa çalışır. Bu cəhdləri transları çox düşündükləri üçün etdiklərini ifadə etsələr belə, narahatlıqlarının içlərindəki üzləşmək istəmədikləri transfobiyadan gəldiyini və tranzisiyaya başlamağı düşünən transların cəsarətini qırmağı hədəflədiyini görürük. Bu yolla tranzisiyaya birbaşa əngəl ola bilməsə belə, prosesin yavaşlamasına səbəb olur.

Testosteron dominant hormon olduğu üçün transmaskulin tranzisiyada gözlə görünən nəticəni nisbətən daha sürətli əldə etmək mümkün ola bilir. Bu nəticələr insanda özünə inama çox güclü təsir edə bilir deyə sosiallaşmağa, münasibət qurmağa da kömək edir. Bir disforiyadan azad olmağın və ya azaldığını hiss etməyin mental olaraq rahatlığını trans təcrübəsi yaşamayan bir insana tam izah etmək, sözlə ifadə edə bilmək mümkün deyil.

Toksik-maskulinlik

Harada trans kişi söhbəti açılsa, mütləq trans kişilərin çoxunun toksik-maskulin olduğu ilə əlaqəli narahatlıq dilə gətirilir, ortaya qərəz qoyulmağından çəkinilmir. Nəticəsi isə, yəni bunun trans kişilərə mental təsiri, onların təcrübələri çox adama maraqlı gəlmir. Transfob cisgenderlər onsuz da transfobdur və müalicə* almalıdır, lakin özünü trans müttəfiqi hesab edən şəxslərin trans kişiləri bu kimi qəliblərlə stiqmatizasiyasından əvvəl özlərinə verməli olduğu bir neçə sualı xatırlatmağı borc bilirəm;

Bizim kişi olduğumuzu sistematik olaraq sübut etməyə vadar edilməyimizdə sizin heçmi rolunuz yoxdur? Trans kişilərin “kişilik” anlayışına kənar təsirləri görməzdən gəlmək içinizdəki üzləşmədiyiniz transfobiyanızla əlaqəli ola bilərmi? Toksik-maskulinlikdən necə azad olmaq haqqında həll yolu tapmaq təkcə trans kişilərinmi məsuliyyətindədir? Trans kişilər bu qədər fobik bir mühitdə həyatda qalmağa çalışarkən “toksik olmasın” sifarişini vermək haqqını özünüzdə necə tapa bilirsiniz?

Qəbul etmək lazımdır ki, gender rolları hamımızın ortaq bəlasıdır və bu barədə daha çox danışmalıyıq. Onsuz da tranzisiyaya başlamayan transmaskulinlərin görünüşünə əsasən “kişiliyi” çox vaxt qəbul görmür, tranzisiyada olan, kamuflyaj ola bilən transların isə kişiliyi kriminallaşdırılır. Bir cisgender kişi saçlarını uzadanda, sırğa taxanda onun kişiliyi sual altına düşürülmür, hətta gender rollarına qarşı davrandığına görə alqışlana bilir, ki burada heç bir problem görmürəm. Amma bir trans kişi/maskulin bunları etsə, yerindəcə kişiliyi etibarsızlaşdırılır, hətta qadın təyin edilməyə davam edilir. Başqa dildə desək, toksik-maskulin olmadığımızı sübut etmək üçün “feminen” davransaq, qadın təyin edilirik, kişiliyimizi sübut etməyə çalışsaq, toksik-maskulin. Məncə, biz heç kimə heç nəyi sübut etməli deyilik və siz bizi qəliblərə soxmaqdan, kriminallaşdırmaqdan, qərəzli davranmaqdan imtina etməlisiniz. Düşünmədən ifadə etdiyiniz bu fikirlər sizin bir neçə saniyənizi alır, amma trans kişilər/maskulinlər özləri ilə bağlı verdiyi bir çox qərarda bu fikirlərinizin yaratdığı hisslərlə mübarizə aparmalı olurlar.

Azad Bəxti

Görünməzlik

Varıq, amma ailəmiz, dostlarımız, icmamız, həyatında olduğumuz bir çox insan tərəfindən yoxmuşuq kimi davranılır. Bir çox insan trans deyəndə ağlına sadəcə trans qadın gətirə bilir, kifayət qədər olmasa belə, təkcə transfeminen tranzisiya barədə məlumatlıdır və əsasən, trans qadın təcrübələrindən xəbərdardır.

Ortada ciddi bir görünməzlik problemi var, amma bu, trans maskulinlərdən başqa heç kimi narahat etmir. Görünməzlik səbəbinin təkcə trans kişilərin/maskulinlərin ictimai həyatda, mediada, aktivizmdə açıq bir şəkildə kimliklərini yaşamamaqları olduğu zənn edilir. Lakin həyati təhlükəsizliyə görə,, kimliyini açıq yaşamayan transları bu barədə günahlandırmaq düzgün deyil. Görünməzlik deyəndə təkcə fiziki olaraq görülməkdən söhbət getmir; trans kişi/maskulin problemləri ilə maraqlanmamaq, onları işıqlandırmamaq, təmsil etməmək də görünməzliyə təkan verir. 

Görünməzliyə birbaşa xidmət edən iki əsas məsuliyyətsizlik görünür. Birincisi, bizi aid olduğumuz yerlərdə, mövzularda yadına salmayan, adımızı çəkməyən, görməzdən gələn kuir-feminist icmaların, ikincisi isə trans olduğumuzu öyrəndikdən sonra belə, transfobiyasından azad olduğunu düşündüyü üçün trans təcrübəmizi yox sayıb, bizi cisgender kişilərlə eyniləşdirən insanların məsuliyyətsizliyidir. Bu məsuliyyətsizliklərin gətirdiyi görünməzlikdən əziyyət çəkən tərəf isə təkcə trans kişilər olur. 

Trans kişisənsə/maskulinsənsə, bir çox insanın nəzərində patriarxal dəyərlərə xidmət etməklə təyin olunmağın bir neçə saniyə çəkir. Trans kişilərin çoxunun illərlə qadın təyin edildiyi üçün mizoginiya təcrübələri olduğunun üzərində heç kim düşünmək istəmir. Düşünmək istəsəniz də, istəməsəniz də bu, bir çox trans kişinin/maskulinin reallığıdır. 

Keçmişində və ya hazırki həyatında da mizoginiya təcrübələri yaşayan bizlərdən “kişi olduğumuz” üçün bu təcrübələri unutmağımız və ya bunlardan danışmamağımız gözlənilir. Lakin öz təcrübəmə əsasən deyə bilərəm ki, mənə mübarizəmdə həyatda qalmağıma güc və cəsarət verən ən böyük silahlarımdan biri məhz keçmişimdən gələn qəzəblə bağlıdır. Keçmişimi, təcrübələrimi, hər nə qədər tətikləsə belə, unutmamağı seçirəm. Bu, zərər versə belə, bu zərər yox sayılmağın, görünməz hiss etdirilməyin verdiyi zərərə nisbətdə çox daha yüngül gəlir.

Nə qədər ki, trans kişilərin/maskulinlərin səsi bilərəkdən eşidilməyəcək-eşitdirilməyə çalışılmayacaq görünməzlik problemi öz həllini tapmayacaq və bizim həm həyatımızı, həm mental sağlamlığımızı təhlükə altında qoymağa davam edəcək.

Ailə münasibətləri

İnsan sosial varlıq olduğu üçün psixoloji stabilliyimizi təmin edə bilək deyə, adətən, həyatımızda bir növ uzunmüddətli münasibətlər axtarırıq. Bu, ailə və ya partnyorluq münasibətləri şəklində ola bilər. Təyin olunmuş ailələr nadir hallarda trans uşaqlarına müəyyən qədər dəstək olsa da, çox vaxt daha qorxulu reaksiyalar verirlər. Könüllü və ya məcburi “kaminq aut”dan sonra münasibətlərə maneələr qoyurlar. 

Yaxşı ehtimalda, ilkin reaksiya olaraq əlaqələrin kəsilməsilə kifayətlənsələr belə, çox vaxt məsələ bu qədər sadə yekunlaşmır. Çoxumuzun ailəsi ilə olan münaqişələri illərdir davam edir, eləcə də bir çoxumuzun bu mövzu üzərindən hələ də həyati təhlükəsi var. Təyin olunmuş ailəmiz tərəfindən bizə münasibətlərimizi yaxşılaşdırmaq vəzifəsi bir növ boynumuzum borcu olaraq verilir, lakin bu yolda nə qədər enerji xərcləməyimizdən asılı olmayaraq, çox vaxt istədiyimiz nəticəni əldə etmək əvəzinə, bizə mənəvi əziyyət verən bir sıra hadisələri yaşamağa məcbur oluruq.

Ənənəvi ailə institutunu həmişə tənqid etsək də, həyatımızda bizi anlayan, yaxşı və pis anlarımızı bölüşə biləcəyimiz, gündəlik və ya uzunmüddətli problemlərimizdə yanımızda olan, mübarizəmizdə həmrəylik göstərən insan/insanlarla alternativ ailə qurmaq istəyimiz çox başa düşüləndir. Seçilmiş ailələrimiz istər emosional, istər iqtisadi ehtiyaclarımızı qarşılaya bilər. Təyin olunmuş ailəmizdən əsas fərqi bu ailənin daimiliyinin məcburiyyət təşkil etməməsidir.

Yardıma çatımlılıq

Bütün bunlarla mübarizə aparmaq üçün yardım tələbi təbii haldır, lakin təəssüf ki, bu məqamda da əksikliklər yaranır. Psixoterapiya dəstəyi almaq istəsək də, Avropanın ən fobik ölkəsi seçilən Azərbaycanda bu tələbimiz də cavabsız qalır. Translarla bağlı təcrübəsi olan, fobik olmayan psixoterapevt yox deyilə biləcək qədər azdır, tapsaq belə, seansların qiymətinin hədsiz bahalılığını qarşılaya bilmək iş imkanı tanınmayan bizlər üçün demək olar ki mümkünsüzdür. 

Hazırki şəraitdə bu barədə həll təklifi kimi trans terapiya qruplarının yaradılması təşəbbüsünə ehtiyac olduğunu deyə bilərik.

Nəticə

Yuxarıda sadaladığımız və sadalamadığımız yüzlərlə müxtəlif növ diskriminasiyalar trans kişilərin/maskulinlərin mental sağlamlığını təhdid altına alan səbəblərdir. Bu problemlərin həlli üçün döydüyümüz bütün qapılar bir-bir üzümüzə bağlandıqdan sonra nəticəsi də təbii ki ağır olur. Bir çoxumuz depressiya, təlaş (anxiety), ADHD və s. kimi nevroloji müxtəlifliklə yaşamalı oluruq.

Bunlarla tək məşğul olmaq həyatımızı çətinləşdirən digər faktorları da nəzərə aldıqda, olduqca yorucudur. Bəzilərimiz çıxış yolu kimi intiharı görür, təşəbbüs edir və həyatını bitirir. Uğursuz alınan intihar cəhdlərindən sonra həyatına davam etməli olanlarımız haqqında danışmaq isə çox daha ağır gəlir. 

Ümid edək ki, bu danışılanların bizim həyatımıza olan təsirini görmək istəməyənlər, ən qısa zamanda, bu barədə üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Çünki bu, təkcə trans kişilərin/maskulinlərin deyil, hamımızın problemidir.

*müalicə dedikdə özünü inkişaf nəzərdə tutulub, ənənəvi mənası ilə istifadə edilib sağlamçılıq (ableism) etməyə çalışılmayıb.

TERF ilə Necə Mübarizə Aparmalı

TERF ideologiyası nədir?

Trans-eksklüziv radikal feminist ideologiya feminist hərəkatımızı riskə və transları və binar olmayanları təhlükəyə atır.

Addımlarımızın hər kəs üçün təhlükəsiz və əhatəli olduğundan əmin olmaq üçün TERF fikirləri necə aşkar edəcəyimizə dair qısa təlimatı tərtib etdik.

‘TERF’ – ‘trans-eksklüviz radikal feminizmi’ deməkdir. Bu ideologiya transfobiyanın xüsusi bir formasıdır və daha konkret olaraq transmisoginiyadır, çünki TERF-lər əsasən trans qadınları və transfeminin insanları hədəf alır.

Bu ideologiyaya görə, trans qadınlar qadınlıqdan kənarlaşdırılır və buna görə də, yalnız qadınlar üçün nəzərdə tutulan məkanlardan – qadın tualetləri, qadınlar üçün açılmış kofeşop və s. – kənarlaşdırılmalıdırlar. Qadınlıq GUYA yalnız “cinsə əsaslanan” – TERF ideologiyasının “bioloji olaraq qadın” adlandırdığının nəticəsi olan opressiya və qısnama təyin olunur. Bu fikir “qadınların” – və ya doğuşdan qadın təyin olunanların – gender əsaslı zorakılıq və qısnamanı eyni şəkildə yaşadığını iddia edərək “biologiya” anlayışını silanlandırır və etnik kimlik, sinif, seksuallıq, əlillik və digər struktural amillər ilə kəsişən fərqli gender təcrübələrimizi silir.

TERF-lərlə mübarizə aparmağın yollarını sizinlə bölüşürük.

Addım 1: Uzaqlaş

Bu ideologiyanı ədalətli debatla ilə məğlub etmək olar – amma qərarlı TERF-lər ədalətli mübarizə aparmırlar. Çox vaxt (xüsusən də onlayn) mübahisə zamanı ən yaxşı şey ayrılmaqdır.

Addım 2: İcmadaxili söhbət

Öz xalana və ya icmanda olan insanlara niyə trans qadınların qadın tualetindən istifadə etməli olduğunu izah et.

Addım 3: Güclü təşkilatlanma

Ətrafında daha güclü pozitiv, trans-inklüziv və aktivist icmaları qurmağa başla, Twitterdə @HashHashRadFemXZ ilə debata girmə.

Addım 4: Kollektiv öyrənmə

Trans qadınların iştirakı ilə  icmalar və qruplar daxilində qarşılıqlı və kollektiv maarifləndirmə apar.

Addım 5: TERF-ləri zibilliyə at

Bu ideologiyaya hər hansı bir zəmin verməkdən imtina et. Kəsişən, sinifli təhlilə əsaslanan materialist feminizm transların əleyhinə deyil, transfeminizmin* tərəfdarıdır.

Nəfəsə abunə ol və birlikdə TERF-ləri məsuliyyətli şəkildə zibilliyə ataq

TERF

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması kimi aparıcı məsələlər istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanda LGBTİ+lərin və qadınların* ayrı-seçkiliyə və təcrid olunmasına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai və siyasi həyata fəal inteqrasiyasını təşviq edir.

Özünə-qayğı Siyasidir | Nəfəs LGBTİ Könüllülük

Özünə-qayğı Siyasidir

Ölkədə baş verən hadisələr, kuir vətəndaşlara qarşı epidemik səviyyədə olan kuirfobiya, biz LGBTİ+lər üçün həqiqətən də xoşagəlməzdir. Bunun üçün də, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq hər şeyin bir az daha bərbad hiss edildiyi zamanlar üçün özünə qulluq məsləhətlərinin siyahısını sizə təqdim edirik. 

Xəbərlərdən uzaqlaşın – hətta Nəfəsdən də

Ekranlardan bir saat belə uzaq olmaq stress səviyyələrinə və narahatlıqlara təsir edə və böyük fərqlər yarada bilər. Bu vaxtdan internetdə neqativ xəbərlər oxumaq əvəzinə, başqa bir fəaliyyətlə məşğul olmaq üçün istifadə edin və düşüncələrinizi rahatlaşdırın. 

İnformasiya əldə etmək üçün xəbərləri oxumaq lazımdırsa, baş verənlərdən agah olmaq üçün gün ərzində xüsusi vaxtlar təyin edin. Bu, neqativ xəbərlərə məruz qalmağınızı məhdudlaşdırmaqda kömək edəcək. Xəbərləri LGBTİ+ saytlarından əldə etmək həm də mənbə daxilində xoşagəlməz homofobiya/transfobiyanı məhdudlaşdırmağa kömək edə bilər. 

Xüsusi hesabları və sözləri səssizə alın

Tvitter parametrlərinizi tənzimləməklə siz xüsusi sözlərin, ifadələrin və hesabların səsini ala bilərsiniz. Bu o deməkdir ki, həmin sözlər və hesablar xəbər lentinizdə görünməyəcək və arzuolunmaz xəbərlərə məruz qalmağınız azaldacaq. Eyni zamanda, Nəfəsi Tvitterdə izləməyi unutmayın.

Tvitter parametrlərinizi tənzimləmək üçün buraya keçid edin.

Ehtiyaclarınızı qarşılamaq üçün mühitinizi dəyişdirin

Neqativ xəbərlər bizə divarların üzərimizə dağıldığını hiss etdirə bilər və əgər evdə oturub bütün gününüzü internetdə keçirmək vərdişiniz varsa, başqa yerə getmək bu vərdişi pozmağa kömək edə bilər. Gedib bir müddət kafedən işləyə bilərsən, ya da gedib dostuna baş çəkə bilərsənmi? Ya da kitabxanaya getmək və bir müddət orada oturub kitab oxumaq bəs, mümkündür? Yaxud pulunuz varsa, ticarət mərkəzi və ya kinoteatr getməyi yoxlayın.

Bir az təmiz hava alın

Biz bilirik ki, hər kəsin yaşıl sahələrə çıxışı yoxdur, lakin  parka və ya bulvara gedə bilsəniz, bu, zehninizi təmizləyə və narahatlığınızın azalmasına kömək edə bilər. Əgər evdən çıxmağın özü belə naraharlıq yaradırsa – Azərbaycan reallığı nəzərə alsaq – hətta təmiz havanı içəri almaq üçün pəncərələri açmaq belə kömək edə bilər.

Kimləsə danışın

Özünüzü pis hiss edirsinizsə, çox güman ki, ətrafınızdakı digər kuirlər da eyni şəkildə hiss edirlər. Siz ya onlayn LGBTİ+ icmaları və qrupları vasitəsilə, ya da real həyatda birbaşa tanıdığınız insanlarla əlaqə saxlayaraq diqqətinizi yayındıra və onlarla danışa bilərsiniz.

Əlavə olaraq, bonus! Hərəkətə keçin

Əgər hərəkətə keçməklə özünüzü daha yaxşı hiss edəcəyinizi düşünürsünüzsə, aktivizmə qoşulmaqla ədalətsizliyə qarşı mübarizədə necə iştirak edə biləriz – Nəfəs LGBTİ Azərbaycan Alyansına könüllü olaraq qoşulmaq üçün buraya keçid edin. 

“Özümüzə qarşı qayğı göstərib, nəzakətli olaraq daha çox enerji yığa və cisheteropatriarxal sistemlə daha sağlam mübarizə apara bilərik,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. 

“A and 24 Others” Film

Nafas LGBTI Azerbaijan Alliance introduces a new podcast. The topic of the podcast is “A and 24 others” film by Vusala Hajiyeva and her creative works. In this podcast, Nigar and the founder of “Transvisionary” and film director Vusala Hajiyeva who was invited as a guest, talked about the film, Vusala’s creative work.

Bakıda trans qadın seksual qısnamaya məruz qalıb

19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb.

Zərərçəkmişin sözlərinə görə, metro basabas olduğundan bir neçə qatar buraxdıqdan sonra növbətisinə minmək qərarına gəlib. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq üzr istəyib, daha sonra cinsiyyət orqanını ona sürtməyə başlayıb. Müqavimət göstərən Karmeni həmin kişi bu dəfə belindən tutaraq özünə tərəf çəkib və penisini ona sürtməyə davam edib.

“Həmin anda psixoloji sarsıntı keçirdiyim üçün panikaya qapılmışdım, heç kimdən kömək istəyə bilmədim”, – deyə Karmen bildirib. “Növbəti dayanacaqda qapılar açılan kimi özümü platformaya atdım və kişinin üzünə baxmadan oradan uzaqlaşdım. İyrənc idi, ürəyim bulanırdı”, – deyə o, əlavə edib.

“Metrodan uzaqlaşdım, rəfiqələrimin yanına getdim. Baş verənləri onlara danışdım. Onlar mənə izah etdilər ki, bu, yanlış bir şeydir. Səsini çıxardıb kömək istəyərdin. Mən isə donub qaldığım üçün nə edəcəyimi düşünə bilməmişdim.”

Axşam saat 10 radələrində Karmen 20 Yanvar metro stansiyası yaxınlığında avtobus gözləyərkən yenidən başqa bir kişi tərəfindən zorakılıqla qarşılaşıb. Naməlum şəxs onu izləyərək seks təklif edib. “Avtobusun gəlmədiyini görüb, 92 nömrəli avtobusun buradan keçib-keçmədiyini soruşdum. Bir qədər dayancaqda gözlədim, avtobus gəlmədiyi üçün ayaqla getməyi qərarı aldım. Yolla gedərkən bir nəfərin məni izlədiyini hiss etdim”, – deyə Karmen bildirib.

trans qadın

Zərərçəkənin sözlərinə görə, onun arxasınca düşən şəxs qaçaraq ona yaxınlaşıb və Biləcəriyə necə gedəcəyini soruşub. Daha sonra isə “sizdə qız gözəlliyi var” deyərək, “cinsiyyət orqanını ağzında hiss etməyi” təklif edib və yol boyunca davamlı şəkildə bu fikirləri təkrar edib. Bir qədər getdikdən sonra, nəhayət, zərərçəkən həmin şəxsdən qurtularaq, izi itirməyə nail olub.

Azərbaycanda trans qadın olmaq, istənilən zaman və istənilən yerdə nifrət nitqi və ya nifrət cinayəti olmaq, zorakılıqla qarşılaşmaq deməkdir. Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyevin sözlərinə görə, ölkədə LGBTİ+lər kütləvi şəkildə ayrı-seçkiliklə üzləşirlər. Onların hüquqlarını qoruyacaq qanunlar yoxdur, anti-diskriminasiya aktı qəbul olunmalıdır. Translar üçün bu, gündəlik həyatlarını davam etdirməyin təhlükəli olduğunu göstərir.

Qeyd etmək istərdik ki, İLGA-Avropa təşkilatının son Göy Qurşağı hesabatına əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə, Avropanın ən pis ölkələri siyahısındadır.