LGBTİ+ hüquq müdafiəçiləri trans icmasının həbsinə etiraz ediblər

Dünən, mayın 23-də LGBTİ+ fəalları transların saxlanılmasına etiraz etmək üçün toplaşıblar.

Mayın 22-də sosial şəbəkələrdə Bakının Xətai rayonunda polislə üç trans qadının qarşıdurmasını əks etdirən videolar yayılıb. 

Görüntülərdə transların polislə mübahisədən sonra saxlanılması əks olunub. Trans fəallardan birinin Meydan TV-yə verdiyi açıqlamaya görə, mayın 22-də baş verən insident polisin trans qadınların şərəf və ləyaqətinə hörmətsizlik və alçaldılması ilə bağlı olub. 

Saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə LGBTİ+ hüquqlarını müdafiə edən fəallar 37-ci Polis Bölməsinin qarşısına toplaşıblar. Onların arasında Nəfəs LGBTİ Azərbaycan Alyansının fəalları Əli Məlikov, Cavid Nəbiyev və bir neçə nəfər də olub. Onlar da sonradan polis tərəfindən saxlanılıblar.

Meydan TV/Fəalların aksiyası

Daxili İşlər Nazirliyi (DİN) Meydan TV-yə verilən məlumata görə, faktla bağlı araşdırma aparıldığını təsdiqləyib. 

Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai rayonu 37-ci Polis Bölməsinin qarşısında saxlanılan Cavid Nəbiyev və Əli Məlikov hazırda 36-cı Polis Bölməsində saxlanılır.

Polis bölməsi onların həbsinin konkret səbəblərini açıqlamayıb.

İşsiz translar

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinin 2-ci podkastını yayımlayırıq. Biz, könüllümüz Alvi və trans hüquqları aktivisti Vüsalə Hacıyeva ilə transların əmək bazarına çııxışını, iş sahəsində üzləşdiyi təcrübələrini müzakirə etmişik.

Podkast səni həm də transların əmək bazarında qarşılaşıdığı çətinliklərlə mübarizədə həmrəyliyə çağırır.

Transmaskulinlik və Mental Sağlamlıq | Azad Bəxti

Bu yazı trans kişilərin/maskulinlərin mental sağlamlığı, ona birbaşa və ya bilavasitə təsir edən amillər haqqındadır. Trans kişilərin/maskulinlərin mental sağlamlığı ilə əlaqəli Azərbaycan dilində əhatəli bir araşdırma, yazı, məqalə tapa bilməməyin özü belə məsələnin nə dərəcədə qəliz olduğunun xəbərçisidir. Mental sağlamlıq hər bir insan üçün vacib olduğu kimi translar üçün də həyati əhəmiyyət kəsb edir. Ölkə reallığında boğulan, müxtəlif növ transfobiyalardan həyatda qalmağa çalışan transların özündə mübarizə aparmağa güc tapa bilməsi üçün adətən ortalamadan daha güclü psixologiyaya ehtiyacları olur. Psixoloji vəziyyətimizi stabil tuta bilmək üçün buna təsir edən problemləri həll etməli oluruq. Trans təcrübəsi individual olduğundan bu problemlər hər kəsdə fərqlilik göstərə bilsə də, bəzi ortaq məsələləri görmək mümkündür.

Tranzisiya

Tranzisiya insanın öz gender ifadəsini və/yaxud bədənini gender kimliyinə uyğunlaşdırmaq üçün üzərinə götürdüyü prosesdir. Buraya hormon əvəzedici terapiyanı və bədən uyğunlaşma əməliyyatlarını da aid etmək olar. Hər trans tranzisiya etmək istəyir və ya istəməlidir deyə bir şərt yoxdur. Tranzisiyaya başlayan traslar üçün isə bu proses həyati əhəmiyyət kəsb edir, müxtəlif səbəblərlə yavaşladılması və ya maneə olunması ciddi nəticələrə səbəb olur. Hormon preparatlarının və əməliyyatların Azərbaycanda əlçatan olmaması, başqa yerdən çıxış əldə edilsə belə, bahalılığı əsas maneələrdən biridir. Bundan başqa, bunu onlardan xüsusi olaraq xahiş etməsək belə, cisgenderlər bəzən hormonların psixologiyamıza və bədənimizə verə biləcəyi “zərərlər” haqqında məlumatlılığımızı artırmağa çalışır. Bu cəhdləri transları çox düşündükləri üçün etdiklərini ifadə etsələr belə, narahatlıqlarının içlərindəki üzləşmək istəmədikləri transfobiyadan gəldiyini və tranzisiyaya başlamağı düşünən transların cəsarətini qırmağı hədəflədiyini görürük. Bu yolla tranzisiyaya birbaşa əngəl ola bilməsə belə, prosesin yavaşlamasına səbəb olur.

Testosteron dominant hormon olduğu üçün transmaskulin tranzisiyada gözlə görünən nəticəni nisbətən daha sürətli əldə etmək mümkün ola bilir. Bu nəticələr insanda özünə inama çox güclü təsir edə bilir deyə sosiallaşmağa, münasibət qurmağa da kömək edir. Bir disforiyadan azad olmağın və ya azaldığını hiss etməyin mental olaraq rahatlığını trans təcrübəsi yaşamayan bir insana tam izah etmək, sözlə ifadə edə bilmək mümkün deyil.

Toksik-maskulinlik

Harada trans kişi söhbəti açılsa, mütləq trans kişilərin çoxunun toksik-maskulin olduğu ilə əlaqəli narahatlıq dilə gətirilir, ortaya qərəz qoyulmağından çəkinilmir. Nəticəsi isə, yəni bunun trans kişilərə mental təsiri, onların təcrübələri çox adama maraqlı gəlmir. Transfob cisgenderlər onsuz da transfobdur və müalicə* almalıdır, lakin özünü trans müttəfiqi hesab edən şəxslərin trans kişiləri bu kimi qəliblərlə stiqmatizasiyasından əvvəl özlərinə verməli olduğu bir neçə sualı xatırlatmağı borc bilirəm;

Bizim kişi olduğumuzu sistematik olaraq sübut etməyə vadar edilməyimizdə sizin heçmi rolunuz yoxdur? Trans kişilərin “kişilik” anlayışına kənar təsirləri görməzdən gəlmək içinizdəki üzləşmədiyiniz transfobiyanızla əlaqəli ola bilərmi? Toksik-maskulinlikdən necə azad olmaq haqqında həll yolu tapmaq təkcə trans kişilərinmi məsuliyyətindədir? Trans kişilər bu qədər fobik bir mühitdə həyatda qalmağa çalışarkən “toksik olmasın” sifarişini vermək haqqını özünüzdə necə tapa bilirsiniz?

Qəbul etmək lazımdır ki, gender rolları hamımızın ortaq bəlasıdır və bu barədə daha çox danışmalıyıq. Onsuz da tranzisiyaya başlamayan transmaskulinlərin görünüşünə əsasən “kişiliyi” çox vaxt qəbul görmür, tranzisiyada olan, kamuflyaj ola bilən transların isə kişiliyi kriminallaşdırılır. Bir cisgender kişi saçlarını uzadanda, sırğa taxanda onun kişiliyi sual altına düşürülmür, hətta gender rollarına qarşı davrandığına görə alqışlana bilir, ki burada heç bir problem görmürəm. Amma bir trans kişi/maskulin bunları etsə, yerindəcə kişiliyi etibarsızlaşdırılır, hətta qadın təyin edilməyə davam edilir. Başqa dildə desək, toksik-maskulin olmadığımızı sübut etmək üçün “feminen” davransaq, qadın təyin edilirik, kişiliyimizi sübut etməyə çalışsaq, toksik-maskulin. Məncə, biz heç kimə heç nəyi sübut etməli deyilik və siz bizi qəliblərə soxmaqdan, kriminallaşdırmaqdan, qərəzli davranmaqdan imtina etməlisiniz. Düşünmədən ifadə etdiyiniz bu fikirlər sizin bir neçə saniyənizi alır, amma trans kişilər/maskulinlər özləri ilə bağlı verdiyi bir çox qərarda bu fikirlərinizin yaratdığı hisslərlə mübarizə aparmalı olurlar.

Azad Bəxti

Görünməzlik

Varıq, amma ailəmiz, dostlarımız, icmamız, həyatında olduğumuz bir çox insan tərəfindən yoxmuşuq kimi davranılır. Bir çox insan trans deyəndə ağlına sadəcə trans qadın gətirə bilir, kifayət qədər olmasa belə, təkcə transfeminen tranzisiya barədə məlumatlıdır və əsasən, trans qadın təcrübələrindən xəbərdardır.

Ortada ciddi bir görünməzlik problemi var, amma bu, trans maskulinlərdən başqa heç kimi narahat etmir. Görünməzlik səbəbinin təkcə trans kişilərin/maskulinlərin ictimai həyatda, mediada, aktivizmdə açıq bir şəkildə kimliklərini yaşamamaqları olduğu zənn edilir. Lakin həyati təhlükəsizliyə görə,, kimliyini açıq yaşamayan transları bu barədə günahlandırmaq düzgün deyil. Görünməzlik deyəndə təkcə fiziki olaraq görülməkdən söhbət getmir; trans kişi/maskulin problemləri ilə maraqlanmamaq, onları işıqlandırmamaq, təmsil etməmək də görünməzliyə təkan verir. 

Görünməzliyə birbaşa xidmət edən iki əsas məsuliyyətsizlik görünür. Birincisi, bizi aid olduğumuz yerlərdə, mövzularda yadına salmayan, adımızı çəkməyən, görməzdən gələn kuir-feminist icmaların, ikincisi isə trans olduğumuzu öyrəndikdən sonra belə, transfobiyasından azad olduğunu düşündüyü üçün trans təcrübəmizi yox sayıb, bizi cisgender kişilərlə eyniləşdirən insanların məsuliyyətsizliyidir. Bu məsuliyyətsizliklərin gətirdiyi görünməzlikdən əziyyət çəkən tərəf isə təkcə trans kişilər olur. 

Trans kişisənsə/maskulinsənsə, bir çox insanın nəzərində patriarxal dəyərlərə xidmət etməklə təyin olunmağın bir neçə saniyə çəkir. Trans kişilərin çoxunun illərlə qadın təyin edildiyi üçün mizoginiya təcrübələri olduğunun üzərində heç kim düşünmək istəmir. Düşünmək istəsəniz də, istəməsəniz də bu, bir çox trans kişinin/maskulinin reallığıdır. 

Keçmişində və ya hazırki həyatında da mizoginiya təcrübələri yaşayan bizlərdən “kişi olduğumuz” üçün bu təcrübələri unutmağımız və ya bunlardan danışmamağımız gözlənilir. Lakin öz təcrübəmə əsasən deyə bilərəm ki, mənə mübarizəmdə həyatda qalmağıma güc və cəsarət verən ən böyük silahlarımdan biri məhz keçmişimdən gələn qəzəblə bağlıdır. Keçmişimi, təcrübələrimi, hər nə qədər tətikləsə belə, unutmamağı seçirəm. Bu, zərər versə belə, bu zərər yox sayılmağın, görünməz hiss etdirilməyin verdiyi zərərə nisbətdə çox daha yüngül gəlir.

Nə qədər ki, trans kişilərin/maskulinlərin səsi bilərəkdən eşidilməyəcək-eşitdirilməyə çalışılmayacaq görünməzlik problemi öz həllini tapmayacaq və bizim həm həyatımızı, həm mental sağlamlığımızı təhlükə altında qoymağa davam edəcək.

Ailə münasibətləri

İnsan sosial varlıq olduğu üçün psixoloji stabilliyimizi təmin edə bilək deyə, adətən, həyatımızda bir növ uzunmüddətli münasibətlər axtarırıq. Bu, ailə və ya partnyorluq münasibətləri şəklində ola bilər. Təyin olunmuş ailələr nadir hallarda trans uşaqlarına müəyyən qədər dəstək olsa da, çox vaxt daha qorxulu reaksiyalar verirlər. Könüllü və ya məcburi “kaminq aut”dan sonra münasibətlərə maneələr qoyurlar. 

Yaxşı ehtimalda, ilkin reaksiya olaraq əlaqələrin kəsilməsilə kifayətlənsələr belə, çox vaxt məsələ bu qədər sadə yekunlaşmır. Çoxumuzun ailəsi ilə olan münaqişələri illərdir davam edir, eləcə də bir çoxumuzun bu mövzu üzərindən hələ də həyati təhlükəsi var. Təyin olunmuş ailəmiz tərəfindən bizə münasibətlərimizi yaxşılaşdırmaq vəzifəsi bir növ boynumuzum borcu olaraq verilir, lakin bu yolda nə qədər enerji xərcləməyimizdən asılı olmayaraq, çox vaxt istədiyimiz nəticəni əldə etmək əvəzinə, bizə mənəvi əziyyət verən bir sıra hadisələri yaşamağa məcbur oluruq.

Ənənəvi ailə institutunu həmişə tənqid etsək də, həyatımızda bizi anlayan, yaxşı və pis anlarımızı bölüşə biləcəyimiz, gündəlik və ya uzunmüddətli problemlərimizdə yanımızda olan, mübarizəmizdə həmrəylik göstərən insan/insanlarla alternativ ailə qurmaq istəyimiz çox başa düşüləndir. Seçilmiş ailələrimiz istər emosional, istər iqtisadi ehtiyaclarımızı qarşılaya bilər. Təyin olunmuş ailəmizdən əsas fərqi bu ailənin daimiliyinin məcburiyyət təşkil etməməsidir.

Yardıma çatımlılıq

Bütün bunlarla mübarizə aparmaq üçün yardım tələbi təbii haldır, lakin təəssüf ki, bu məqamda da əksikliklər yaranır. Psixoterapiya dəstəyi almaq istəsək də, Avropanın ən fobik ölkəsi seçilən Azərbaycanda bu tələbimiz də cavabsız qalır. Translarla bağlı təcrübəsi olan, fobik olmayan psixoterapevt yox deyilə biləcək qədər azdır, tapsaq belə, seansların qiymətinin hədsiz bahalılığını qarşılaya bilmək iş imkanı tanınmayan bizlər üçün demək olar ki mümkünsüzdür. 

Hazırki şəraitdə bu barədə həll təklifi kimi trans terapiya qruplarının yaradılması təşəbbüsünə ehtiyac olduğunu deyə bilərik.

Nəticə

Yuxarıda sadaladığımız və sadalamadığımız yüzlərlə müxtəlif növ diskriminasiyalar trans kişilərin/maskulinlərin mental sağlamlığını təhdid altına alan səbəblərdir. Bu problemlərin həlli üçün döydüyümüz bütün qapılar bir-bir üzümüzə bağlandıqdan sonra nəticəsi də təbii ki ağır olur. Bir çoxumuz depressiya, təlaş (anxiety), ADHD və s. kimi nevroloji müxtəlifliklə yaşamalı oluruq.

Bunlarla tək məşğul olmaq həyatımızı çətinləşdirən digər faktorları da nəzərə aldıqda, olduqca yorucudur. Bəzilərimiz çıxış yolu kimi intiharı görür, təşəbbüs edir və həyatını bitirir. Uğursuz alınan intihar cəhdlərindən sonra həyatına davam etməli olanlarımız haqqında danışmaq isə çox daha ağır gəlir. 

Ümid edək ki, bu danışılanların bizim həyatımıza olan təsirini görmək istəməyənlər, ən qısa zamanda, bu barədə üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Çünki bu, təkcə trans kişilərin/maskulinlərin deyil, hamımızın problemidir.

*müalicə dedikdə özünü inkişaf nəzərdə tutulub, ənənəvi mənası ilə istifadə edilib sağlamçılıq (ableism) etməyə çalışılmayıb.

Trans Maskulin Tranzisiya | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasını qürurla təqdim edir.

Seriyamızın ilk mövzusu “Trans maskulin tranzisiya” və qonağımız isə Azad Bakhtidir. Azadın 25 yaşı var, o, trans kişidir və vegan, transfeminist aktivistdir. Bu podkastda Azad ilə Azərbaycan reallığında transların apardığı yaşam mübarizəsindən: 

  • ASAN Xidmətin nümunəsində transfobik bürokratiya;
  • Trans görünməzliyi və buna təsir edən sosyal, iqtisadi, siyasi amillər;
  • Trans kişilərin qadın təcrübələrinin (sosiallaşmasının) yox sayılması;
  • Trans qətlləri və intiharları;
  • Trans-həssas sağlamlıq xidmətlərinin, o cümlədən psixoloq və psixoterapevtlərin çatışmazlığı

və trans həyatları çətinləşdirən bu və ya digər amillərin mental sağlamlığa bir-başa və dolayısı təsirləri barədə söhbət etmək imkanımız olub.

Podkasta SoundCloud və ya Spotify platforması üzərindən qulaq asa bilərsiz.

Öz təcrübələrini bölüşdüyü üçün Azada, transların apardığı həyat mübarizəsini və trans-inklüziv siyasətlərin əhəmiyyətini podkastı paylaşaraq görünən edən dinləyicilərimizə təşəkkür edirik.

Azərbaycanda Yeni Kuir Təşəbbüs Yaradılıb | Queerdian

Noyabr ayının 10-da Azərbaycanda “ictimai yaddaşı queerləşdiririk!” devizi ilə kuir təşəbbüs olan Queerdian qrupu təsis edilib. 

Təşəbbüsün əsas məqsədləri Azərbaycanda LGBTİQ+ vətəndaşlarının ehtiyaclarını və hüquqlarını cəmiyyətin dərk etməsi üçün yaxşılaşdırılması, daha yaxşı məlumat resurslarının yaradılması və saxlanılmasına öz tövfəsini verməkdir.

Queerdian Azərbaycanda LGBTIQ+ vətəndaşların mövcud sosial-siyasi təmsilçiliyi və LGBTIQ+ vətəndaşlara qarşı hər cür təzyiqlərə qarşı mübarizə aparmaq və LGBTİQ+ vətəndaşlarının bütün əsas hüquq və azadlıqlarının təmin olunduğu təhlükəsiz və qanuni cəhətdən əlverişli mühit üçün çalışır.

Təsis edildiyi gündən indiyə qədər Queerdian Hüquq pozuntularının məhkəmə baxışına çıxarılması və hüquqi vasitələrdən istifadə qaydaları” və “Tranzisiya periodunun hüquqi tərəfləri” mövzularında təlimlər həyata keçirib. 

“Tranzisiya periodunun hüquqi tərəfləri” mövzusunda olan təlimdən qeydləri sizinlə paylaşırıq.

İl ərzində 327 Trans Öldürülüb | Transgender Avropa

Trans cinayətlərinin monitorinqi; bir il ərzində ən azı 327 trans və gender fərqliliyi olan insanın öldürüldüyünü bildirib.

Transgender Avropa 20 Noyabr Nifrət Cinayətinin Qurbanları Transların Beynəlxalq Anma Günü öncəsi trans cinayətlərinin sayını açıqlayıb.

1 oktyabr 2021-ci il və 30 sentyabr 2022-ci il tarixləri arasında 327 trans və gender fərqliliyi olan insan öldürülüb.

222 keys ilə Latın Amerikası və Karib hövzəsi ölkələri ən çox qətlin qeydə alındığı region olaraq qalıb.

Dünyada öldürülən transların 95%-i trans qadınlar olub. Öldürülən və peşəsi məlum olan transların yarısı seks işçiləri olub. Avropada öldürüldüyü bildirilən transların 36 faizi immiqrant olub. Cinayətlərin 35 faizi küçədə, 27 faizi isə transların öz evində törədilib.

Azərbaycanda təkcə bu il ərzində baş vermiş seksual oriyentasiya və gender əsaslı zorakılıq halları və nifrət cinayətlərinin Nəfəs LGBTİ Alyansından olan Əli Məlikova məlum olanların siyahısına buradan baxa bilərsiz.

TERF ilə Necə Mübarizə Aparmalı

TERF ideologiyası nədir?

Trans-eksklüziv radikal feminist ideologiya feminist hərəkatımızı riskə və transları və binar olmayanları təhlükəyə atır.

Addımlarımızın hər kəs üçün təhlükəsiz və əhatəli olduğundan əmin olmaq üçün TERF fikirləri necə aşkar edəcəyimizə dair qısa təlimatı tərtib etdik.

‘TERF’ – ‘trans-eksklüviz radikal feminizmi’ deməkdir. Bu ideologiya transfobiyanın xüsusi bir formasıdır və daha konkret olaraq transmisoginiyadır, çünki TERF-lər əsasən trans qadınları və transfeminin insanları hədəf alır.

Bu ideologiyaya görə, trans qadınlar qadınlıqdan kənarlaşdırılır və buna görə də, yalnız qadınlar üçün nəzərdə tutulan məkanlardan – qadın tualetləri, qadınlar üçün açılmış kofeşop və s. – kənarlaşdırılmalıdırlar. Qadınlıq GUYA yalnız “cinsə əsaslanan” – TERF ideologiyasının “bioloji olaraq qadın” adlandırdığının nəticəsi olan opressiya və qısnama təyin olunur. Bu fikir “qadınların” – və ya doğuşdan qadın təyin olunanların – gender əsaslı zorakılıq və qısnamanı eyni şəkildə yaşadığını iddia edərək “biologiya” anlayışını silanlandırır və etnik kimlik, sinif, seksuallıq, əlillik və digər struktural amillər ilə kəsişən fərqli gender təcrübələrimizi silir.

TERF-lərlə mübarizə aparmağın yollarını sizinlə bölüşürük.

Addım 1: Uzaqlaş

Bu ideologiyanı ədalətli debatla ilə məğlub etmək olar – amma qərarlı TERF-lər ədalətli mübarizə aparmırlar. Çox vaxt (xüsusən də onlayn) mübahisə zamanı ən yaxşı şey ayrılmaqdır.

Addım 2: İcmadaxili söhbət

Öz xalana və ya icmanda olan insanlara niyə trans qadınların qadın tualetindən istifadə etməli olduğunu izah et.

Addım 3: Güclü təşkilatlanma

Ətrafında daha güclü pozitiv, trans-inklüziv və aktivist icmaları qurmağa başla, Twitterdə @HashHashRadFemXZ ilə debata girmə.

Addım 4: Kollektiv öyrənmə

Trans qadınların iştirakı ilə  icmalar və qruplar daxilində qarşılıqlı və kollektiv maarifləndirmə apar.

Addım 5: TERF-ləri zibilliyə at

Bu ideologiyaya hər hansı bir zəmin verməkdən imtina et. Kəsişən, sinifli təhlilə əsaslanan materialist feminizm transların əleyhinə deyil, transfeminizmin* tərəfdarıdır.

Nəfəsə abunə ol və birlikdə TERF-ləri məsuliyyətli şəkildə zibilliyə ataq

TERF

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması kimi aparıcı məsələlər istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanda LGBTİ+lərin və qadınların* ayrı-seçkiliyə və təcrid olunmasına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai və siyasi həyata fəal inteqrasiyasını təşviq edir.

Tranzisiya Seçim Deyil | Rose Golden

“Tranzisiya seçim deyil” məqaləsi Rose Goldenin 22 iyun 2022-ci ildə dərc olunmuş “Transitioning *Isn’t* a Choice” məqaləsinin azərbaycancalaşdırılmış versiyasıdır.

OK, elədir. Başlıq sizə yalan deyir, üzr istəyirəm. Amma söz verirəm ki, bu başlığın məntiqi qısa müddət sonra aydın olacaq. Odur ki, başlayım…

Trans olmağın bir qərar olduğunu düşünməyə cəsarət edən insanlara “tranzisiya seçimdir, trans olmaq seçim deyil” demək bu gün çox populyardır – bu, əlbəttə ki, belə deyil, mən kim olduğumu inkar etmədən izah etməyə vaxt sərf etməkdən imtina edirəm. Lakin bu yaxınlarda ifadənin ikinci hissəsi məni düşündürdü. Əlbəttə ki, nəzəri cəhətdən məntiqlidi: Tranzisiya bir fəaliyyətdir və biz fəaliyyətlərimizi həyata keçirməyi seçirik. Bununla belə, tranzisiyanı insanın seçdiyi bir şey kimi qələmə verəndə, bir fəaliyyəti həyata keçirməyin nə demək olduğuna dair əsl suala məhəl qoymayaraq görməzdən gəlirik. Tranzisiya etməməyi seçmək tranzisiyanı etmək qədər özümüzə aid bir bəyandır. Dolayısı ilə, tranzisiyanı bir seçim kimi çərçivələmək; heç bir şey etməməyi daha az məhsuldar fəaliyyət kimi göstərir.

Bir anlıq təsəvvür edin ki, siz boş otaqdasınız və qarşınızda bir qapı var. İndi edə biləcəyiniz seçimlərdən biri o qapını açıb otağı tərk etməkdir. Heç nə etməsəniz, o qapını açmasanız nə olacaq? Yaxşı, tutaq ki, heç bir addım atmadınız. Alternativ fəaliyyət (otaqdan çıxmaq) yerinə boş fəaliyyəti (heç nə etməmək) seçdiniz. Bu bir seçim idi: heç nə etməməyi seçdiniz. Heç bir şey etməmək də bir seçimdir və onun da öz nəticələri var. Məsələn, boş otaqda ilişib qalmaq…Deməli, otaqdan çıxmağın dəyişikliklərə səbəb ola biləcəyi kimi özünüzü otağı tərk etməkdən məhrum etməklə özünüzdə dəyişikliklər etmiş olursunuz. 

Mən tranzisiya edərkən kiçik addımlar atdım. Əvvəlcə məktəbdə ətək geyinməyə başladım, əvəzliklərimi (ingilis dili gender-neytral dil olmadığı üçün) təyin etdim. Sonra gender disforiyasına görə əvəzliklərimi yenidən dəyişdim. Adımı dəyişdim, sonra estrogen, lazer epilyasiyası… saydıqca siyahı davam edir. Bu dəyişikliklərin hər biri o vaxt üçün böyük addımlar kimi görünürdü və elə idi də. İnkar etməyəcəyəm ki, ətək geyinmək, səsimi dəyişmək qorxulu idi, oğlan kimi görünən gənc qız üçün bu, dəhşər dərəcədə ürküdücü şeylər idi. Amma bu, o vaxt düşündüyüm qədər fəaliyyət və durğunluq arasındakı fikir ayrılığı kimi deyildi. Bunları yerinə yetirmək çətinliklər gətirirdi, lakin eyni zamanda, etməmək də, əsasən daxili olsa da, öz ilə birlikdə mücadilələrini də gətirəcəkdi. Etdiyim hər bir seçim (yenə də bu söz!) həyəcan və imkanlar və onların gətirəcəyi ağrıları ölçürdü. Yolda atdığım hər addım bir seçim, bir növ yol ayrıcı idi. Fəaliyytəsizlik hər dəfə eyni səy və ağrıya səbəb olurdu. Yəni belə, silsilə seçimlər…Lakin onların heç biri sadəcə olaraq “Bunu et, ya da etmə” seçimi deyildi, “Necə bir gələcək istəyirsən?” seçimi idi. 

Biz insanlar atalar sözləri ilə hər şeyi sadələşdirməyə meylliyik. Həyatın cəhənnəm qədər qarışıq olduğunu qəbul etmək əvəzinə, ümumi səciyyəli qayda-qanunları adlandırırıq. Əlimizdə olan bir neçə fırıldaq kodlar da bu sözlərdə toplanıb. Təqlidlər orijinalın tərifini göylərə çıxardır. Sevgi elə sevgidir. Çörək verən əli kəsmə. Belə olan halda, sahib olduğumuz hər ifadəni universal qəbul etmək asandır… Baxın, yoldaşlar, buraa səhv edirik. “İnsanlarla səninlə necə rəftar etmək istəyirsənsə, elə davran” demək oyun oynamaq üçün əladır, lakin bu, tərəflər qəyyumluq mübahisəsində qeyri-bərabər ittihamları bölüşdükdə işləmir. Eynilə, “Trans olmaq seçim deyil, tranzisiya seçimdir” demək TERF-ləri susdurmaq üçün əla bir yoldur, lakin mənim trans təcrübəmi tam olaraq təsvir etmir. Tranzisiyanın bir seçim olduğunu iddia etdikdə, tranzisiya etməməyin də bir seçim olduğunu bilməliyik. Biz bir şey etməməyi seçməkdə olan gücə laqeyd qala bilmərik. Və sıfır nöqtəsindən qaçmaq bir şey etmək istəmək qədər tutarlı bir səbəbdir. 

Bu çərçivə tranzisiya sualını “bəli və ya yox”dan “bu və ya digərinə” kimi dəyişir. Biz transların bu seçimləri var, hər ikisi də eyni dərəcədə vacibdir. Birini seçmək məcburiyyətində olduğunuzu bildiyiniz zaman tranzisiya etdiyinizi söyləmək daha asan olacaq. Bilirsiniz ki, status-kvonuz nə olursa olsun təsirlənəcək. Tranzisiya etməməy seçsəniz də, həyatınız dəyişəcək. Otaqda qalmaq vəziyyəti dəyişir, gələcəyə hərəkət verir. Fəaliyyətsizlik fəaliyyətdir. Beləliklə, kim olmaq istədiyinizə və ya cəmiyyətin kim olmanızı istəyinə bağlı qalmaq sizdən asılıdır. Bu, həmişə sizin qərarınızdır. Bu, həmişə tam, həmişə nəticə verən seçiminizdir.

*Tranzisiya insanın öz gender ifadəsini və/yaxud bədənini gender kimliyinə uyğunlaşdırmaq üçün üzərinə götürdüyü prosesdir. Bu, uzun müddət ərzində baş verən mürəkkəb bir prosesdir və tranzisiyanı əhatə edən addımlar insandan insana dəyişir.

Özünə-qayğı Siyasidir | Nəfəs LGBTİ Könüllülük

Özünə-qayğı Siyasidir

Ölkədə baş verən hadisələr, kuir vətəndaşlara qarşı epidemik səviyyədə olan kuirfobiya, biz LGBTİ+lər üçün həqiqətən də xoşagəlməzdir. Bunun üçün də, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq hər şeyin bir az daha bərbad hiss edildiyi zamanlar üçün özünə qulluq məsləhətlərinin siyahısını sizə təqdim edirik. 

Xəbərlərdən uzaqlaşın – hətta Nəfəsdən də

Ekranlardan bir saat belə uzaq olmaq stress səviyyələrinə və narahatlıqlara təsir edə və böyük fərqlər yarada bilər. Bu vaxtdan internetdə neqativ xəbərlər oxumaq əvəzinə, başqa bir fəaliyyətlə məşğul olmaq üçün istifadə edin və düşüncələrinizi rahatlaşdırın. 

İnformasiya əldə etmək üçün xəbərləri oxumaq lazımdırsa, baş verənlərdən agah olmaq üçün gün ərzində xüsusi vaxtlar təyin edin. Bu, neqativ xəbərlərə məruz qalmağınızı məhdudlaşdırmaqda kömək edəcək. Xəbərləri LGBTİ+ saytlarından əldə etmək həm də mənbə daxilində xoşagəlməz homofobiya/transfobiyanı məhdudlaşdırmağa kömək edə bilər. 

Xüsusi hesabları və sözləri səssizə alın

Tvitter parametrlərinizi tənzimləməklə siz xüsusi sözlərin, ifadələrin və hesabların səsini ala bilərsiniz. Bu o deməkdir ki, həmin sözlər və hesablar xəbər lentinizdə görünməyəcək və arzuolunmaz xəbərlərə məruz qalmağınız azaldacaq. Eyni zamanda, Nəfəsi Tvitterdə izləməyi unutmayın.

Tvitter parametrlərinizi tənzimləmək üçün buraya keçid edin.

Ehtiyaclarınızı qarşılamaq üçün mühitinizi dəyişdirin

Neqativ xəbərlər bizə divarların üzərimizə dağıldığını hiss etdirə bilər və əgər evdə oturub bütün gününüzü internetdə keçirmək vərdişiniz varsa, başqa yerə getmək bu vərdişi pozmağa kömək edə bilər. Gedib bir müddət kafedən işləyə bilərsən, ya da gedib dostuna baş çəkə bilərsənmi? Ya da kitabxanaya getmək və bir müddət orada oturub kitab oxumaq bəs, mümkündür? Yaxud pulunuz varsa, ticarət mərkəzi və ya kinoteatr getməyi yoxlayın.

Bir az təmiz hava alın

Biz bilirik ki, hər kəsin yaşıl sahələrə çıxışı yoxdur, lakin  parka və ya bulvara gedə bilsəniz, bu, zehninizi təmizləyə və narahatlığınızın azalmasına kömək edə bilər. Əgər evdən çıxmağın özü belə naraharlıq yaradırsa – Azərbaycan reallığı nəzərə alsaq – hətta təmiz havanı içəri almaq üçün pəncərələri açmaq belə kömək edə bilər.

Kimləsə danışın

Özünüzü pis hiss edirsinizsə, çox güman ki, ətrafınızdakı digər kuirlər da eyni şəkildə hiss edirlər. Siz ya onlayn LGBTİ+ icmaları və qrupları vasitəsilə, ya da real həyatda birbaşa tanıdığınız insanlarla əlaqə saxlayaraq diqqətinizi yayındıra və onlarla danışa bilərsiniz.

Əlavə olaraq, bonus! Hərəkətə keçin

Əgər hərəkətə keçməklə özünüzü daha yaxşı hiss edəcəyinizi düşünürsünüzsə, aktivizmə qoşulmaqla ədalətsizliyə qarşı mübarizədə necə iştirak edə biləriz – Nəfəs LGBTİ Azərbaycan Alyansına könüllü olaraq qoşulmaq üçün buraya keçid edin. 

“Özümüzə qarşı qayğı göstərib, nəzakətli olaraq daha çox enerji yığa və cisheteropatriarxal sistemlə daha sağlam mübarizə apara bilərik,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. 

Dovşan Getmək Qərarına Gəlir | Sənədli-eksperimental Film

“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi beynəlxalq festivalda nümayiş olunub. Film Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirir. Bu barədə filmin rejissoru Vüsalə Hacıyeva Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib. 

Sentyabrın 28-də Norveçin Oslo/Fusion International Film Festivalında dünya premyerası baş tutan filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə Azərbaycanda kuir vətəndaşların vəziyyəti barədə müzakirə təşkil edilib.

“Dovşan getmək qərarına gəlir”

“Mənim üçün öz hekayələrimizi danışmağımız və insanların bu hekayələri bizim perspektivimizdən eşitməsi vacibdir.”

“Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi Vüsalənin yaşadığı təcrübələrdən bəhs edir. Film Vüsalənin yadında qalan ilk həyəcanlı uşaqlıq xatirəsi ilə başlayır: “İlk dəfə anamın qarderobunda olan paltarı evdə heç kimin olmadığı vaxt geyinmişdim, güzgünün qarşısında dayanıb oynayırdım. Yəqin ki, həmin günə qədər olan ən həyəcanlı anlardan biri idi bu mənim üçün.”

“Filmi çəkməkdə məqsədim ilk olaraq baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və həyatımın tranzisiyadan sonrakı illərinə kənardan baxa bilmək istəyidir. Reprezentasiya olaraq bizim özümüzün öz hekayəmizi danışması və insanların bu hekayələri bizim dilimizdən eşitməsi mənim üçün vacibdir”, – Vüsalə qeyd edib.

“Ev həmişə komfort zonası olmur. Hərdən ev əsl cəhənnəmə çevrilə bilir. Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və son damla olaraq həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur. Məhz elə bu məni planlaşdırmadığım səyahətə – Tbilisiyə gətirdi. Yeni şəhərdə yeni həyata adaptasiya olmaq, özümlə gətirdiyim problemləri həll etmək və “sonra nə olacaq?” sualına cavab tapmalıyam”, – deyə filmin sinopsisində qeyd olunub.

Rejissorluq üzrə təhsil almış Vüsalə Hacıyeva həmçinin şairə və bloq yazarıdır. Azərbaycan dilində translara dair mövzulara fokuslanan ilk platforma olan Transvisionary təşəbbüsünün həmtəsisçisidir. 

Azərbaycan LGBTİ+lər üçün Avropanın ən pis ölkələrindən biridir. Xüsusilə trans icması zorakılıq və təqiblərə məruz qalır. Buna baxmayaraq, LGBTİ+ icması heç bir halda susmur. 

Mediada LGBTİ+ məsələlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir.