Search
Close this search box.

Mediada Nifrət Cinayəti Hallarının İşıqlandırılması

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

Təkcə 2022-ci ilin 8 ayı ərzində Nəfəs LGBTİ Azərbaycan Alyansı onlarla nifrət cinayəti və nifrət nitqi qeydə alıb. 

Azərbaycanda LGBTİ+ləri qoruyan və seksual oriyentasiya ilə gender kimliyi, gender ifadəsi və cinsi xarakteristikalara görə ayrı-seşkiliyi qadağan edən qanunların olmaması nifrət cinayəti və nifrət nitqlərinin araşdırılmasını mümkünsüz edir. 

Bu dəfə media və jurnalistlər üçün nifrət cinayətlərinin mediada verilməsi haqqında informasiya təqdim edirik. 

nifrət cinayəti

Zorakılığa məruz qalmış transları səhv genderləməklə yenidən viktimasiya etməkdən çəkinin.

Translar, xüsusən də seks işçisi trans qadınlar disproporsional şəkildə nifrət zorakılığına məruz qalırlar. Bu tip hadisələrin faciəsi tez-tez zərərçəkmişin trans olması faktına hörmət etməyən (və ya bəzən hətta bundan istifadə edən) xəbərlərlə daha da ağırlaşır. Çox vaxt zorakı cinayətlərin trans zərərçəkmişləri haqqında yazan jurnalistlərə polis, şahidlər, hətta ailə və dostları tərəfindən zərərçəkmişin gender kimliyi (adı da daxil olmaqla) haqqında yanlış və ya natamam məlumat verilir.

Zorakılığın kontekstini təmin edin.

Trans icması Azərbaycanda ən marjinallaşdırılmış və ayrı-seçkiliyə məruz qalan icmadır. Əgər trans zərərçəkmiş zorakı cinayət zamanı çətin və ya uğursuz vəziyyətdə idisə, auditoriyanızı kontekstlə təmin edin. Transların üzləşdiyi disproporsional işsizlik, yoxsulluq, mənzil qeyri-sabitliyi və ümumi ayrı-seçkilik dərəcələri – transları zorakılığa məruz qoyan səbəblər haqqında kontekst təqdim etməyə kömək edəcək statistik məlumatlar Nəfəs LGBTİ Azərbaycan Alyansı, Queer Radar və Transvisionary kimi təşkilat və təşəbbüslərə müraciət edin. 

Diqqəti baş vermiş zorakılığa ayırın.

Media icmanın və hüquq-mühafizə orqanlarının nifrət cinayətlərinə reaksiyasının müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanda hüquq-mühafizə orqanları anti-LGBTİ+ nifrət cinayətlərini görməzdən gəlir. Nəticədə, polis işi lazımi qaydada və ya ümumiyyətlə araşdırmır, zərərçəkmişləri yenidən viktimizasiya edir və məlumat əldə etmək istəyən ailə və icma üzvlərinə cavab vermir. Bu kimi hallarda mediada işin ədalətli, dəqiq və əhatəli şəkildə işıqlandırılması hüquq-mühafizə orqanlarını nifrət cinayətini daha yaxşı və şəffaf şəkildə araşdırmağa və onlarla ünsiyyət qurmağa sövq edə bilər. 

LGBTİ+ləri tənqid edənlər çox vaxt “bütün cinayətlər nifrət cinayətləridir” kimi bəyanatlar verərək nifrət cinayətlərini kiçildir və ya əhəmiyyətsizləşdirirlər. Medianı izləyənlərə faktları təqdim etməyinizi xahiş edirik ki, zərərçəkmişlər cinayət qurbanının faktiki və ya qəbul edilən seksual oriyentasiyası, gender kimliyi və ya gender ifadəsinə görə hədəf olub-olmadığını özləri qərar verə bilsinlər.

Hücumlar və cinayət əməlləri yalnız bir zərərçəkmişə qarşı ola bilər, lakin cinayətkarlar tez-tez LGBTİ+lərin təhqir və zorakılığın legitim hədəfləri olduğuna dair mesaj göndərmək niyyətindədirlər. Buna görə də, jurnalistlər cinayətin xüsusiyyətlərini və onun sosial nəticələrini işin faktlarına əsaslanaraq bildirməlidirlər.

Qeyri-dəqiq nifrət/qərəzli cinayət xəbərləri istəmədən “gey panikası” və ya “trans panikası” (məsələn, “qurbanın günahlandırılması”) strategiyasını dəstəkləyə bilər. LGBTİ+lərin hücuma görə məsuliyyət daşıdığını və ya arzuolunmaz romantik və ya seksual təklif (“gey panika” və ya “trans panika” strategiyası adlanan) səbəbi ilə hücuma haqq qazandırdığını ifadə etmək heç vaxt qəbuledilməzdir. 

Nifrət cinayətləri qanunları və onların məhdudiyyətləri.

Müvafiq olaraq Azərbaycanda nifrət cinayətləri ayrıca çətir anlayış altında kriminallaşmır. Şəxsi həyat, təhlükəsiz yaşamaq, mənzil toxunulmazlığı da beynəlxalq normalara uyğun gələn konstitusion səviyyədə Azərbaycanda ən yüksək (Konstitusiya – 31, 32, 33) qoruma altındadır. Bunların pozulması cinayət məsuliyyətidir. İrili-xırdalı vurduğu ziyanın, ictimai təhlükənin həcmindən asılı olaraq digər məsuliyyət növlərinə də məruz qala bilinir. Nifrət cinayəti baxımından, fiziki və psixi əzab, iztirab kimi ağır, şiddətli əməllərlə müşayiət olunan ayrı-seçkiliklər üçün də konstitusion immunitet/proteksiya var. Belə ki, Konstitusiyanın 31-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 

Bu cür müdaxilələrin ən ağır növü olan işgəncələri qadağan edən çoxsaylı beynəlxalq sənədlərə ölkə qoşulub. Həmçinin Konsitusiyamızın 148, 151-ci maddələrinə əsasən beynəlxalq müqavilələr qanunvericilik sistemimizin tərkib hissəsidir. Konstitusiyanın 12-ci maddəsinə əsasən, insan hüquqları və azadlıqları ilə bağlı məsələdə milli normativ aktlarımızla beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda beynəlxalq müqavilələr üstün hüquqi qüvvəyə malikdir. Bu baxımdan, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi və həmin Konvensiyanın rəsmi şərhi olan, məcburi qüvvəli qərarlar qəbul edən Avropa Məhkəməsinin həmin presedent hüququ (bu və digər maddələr üzrə işləri) Azərbaycan üçün ali məcburi hüquqi qüvvəli üstün əsaslardır. Ölkənin cinayət məcəlləsi üç maddədə işgəncənin müxtəlif növlərini ağırından yüngülünə kriminallaşdırır, 113-cü maddə insanlıq əleyhinə cinayətlər bölümündə, qalan hallarda həyat və sağlamlıq əleyhinə cinayət kimi 133-cü maddə (ağır və az ağır xəsarətə səbəb olmayan mütəmadi döymək və sair zorkaılıq hərəkətləri ilə güclü fiziki ağrı və psixi iztirablar vermə) və ədalət mühakiməsinə qarşı cinayətlər bölümündə 293-cü maddədə kriminallaşdırır. Lakin istər LGBTİ+ işləri, istər bir çox işlərdə bu maddənin tətbiqini görmək mümkün olmur.

Bakıda LGBTİ+ Aktivisti və Trans Qadına Hücum olub

Avqust ayının 20-də Bakıda Emili Hacızadə və LGBTİ+ aktivisti Əli Məlikov naməlum iki nəfər tərəfindən hücuma məruz qalıb. Zərərçəkmişlərin sözlərinə görə, hücum edənlər onların geyimlərinə ilişərək “utanmırsız, bu nədir geyinmisiz” tipli cümlələr istifadə edib və onları təqib etməyə başlayıblar. 

Emili “sizə nə, nə istəyirik, geyinirik deyib yola davam etməyimizə baxmayaraq, arxamızca düşüb, təhqir etməyə davam etdilər”, deyə bildirib. Daha sonra hücum edən kişilər Emiliyə iki yumruq zərbəsi endirib və zərərçəkmişlər səslərini yüksəldərək polisin onlara yaxınlaşmasına nail olublar. Polis onların şikayət qəbul edib və 9-cu polis bölməsinə şikayət ərizəsi yazmaq üçün aparıb. 

Polis bölməsini təsvir edən Emili deyib: “Biz içəri girəndə mənzərə belə idi – divarda qan ləkəri var idi, yumruq izləri var idi. Bəlli idi ki, burada insanlar döyülüb. Mən yorğun idim deyə oturmaq istəyirdim, polis üstümə qışqıraraq “OTURMA” dedi. Vəkil köməkçisi gələnə qədər bizi süründürdülər, 3 saata yaxın bölmədə qaldıq.”

Vəkil köməkçisi gəldikdən sonra zərərçəkmişlərin şikayəti qeydə alınıb. Lakin polisin gözü qarşısında Emiliyə yumruq atan şəxs qaçmağa nail olub. Polis zərçəkmişlərə hücum edənləri 50 AZN məbləğində cəri edəcəklərini deyib və onlarla yaxşı rəftar etməyib.  

Emili Nəfəs LGBTİ Azərbaycan Alyansına bilidirib ki, polis işi baxmaq istəməyib, tədqiqatçılar öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırdıb. Yalnız vəkil adı eşitdikdən sonra işə baxılıb. “Hüquq mühafizə orqanlarına heç bir şəkildə güvən yoxdur,” – deyə əlavə edib. 

aktivisti

[Gəncədə Gey Kişilərə Hücum olub]

Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər. 

Avropa və Mərkəzi Asiyanın 54 ölkəsindən 600-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatı olan İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49  ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir. 

Media və Jurnalistlər üçün Terminlər Lüğəti: Trans

Translar haqqında hekayələr yaradarkən əlavə tövsiyyələr üçün zəhmət olmasa, Nəfəs LGBTİ Azərbaycan Alyansı və ya Queer Radar ilə əlaqə saxlayın. 

Translar və qeyri-binar insanlar tərəfindən istifadə olunan bir çox termini başa düşmək üçün doğuş zamanı təyin olunan cins, gender, kimlik və gender ifadəsi arasındakı fərqi və bu üç nəsnənin seksual oriyentasiya ilə eyni olmadığını anlamaq lazımdır. Buna görə də, əvvəlcə həmin dörd termin müəyyən edilir, sonra isə trans və qeyri-binar insanlar tərəfindən istifadə olunan əlavə terminologiya gəlir.

Doğuş zamanı təyin olunan cins

Körpələrə doğuş zamanı onların xarici anatomiyasının görünüşünə görə “kişi” və ya “qadın” cinsi təyin edilir və doğum haqqında şəhadətnamədə K və ya Q hərfi yazılır. Bununla belə, insan bədəninin inkişafı mürəkkəb bir prosesdir və cins təkcə anatomiya ilə müəyyən edilmir, nə də ciddi şəkildə ikili deyil. İnsanların 1,7%-i interseks xüsusiyyəti ilə doğulur. Bundan əlavə, bir insanın bədəni doğuş zamanı təyin edilmiş cinsi əsaslı şəkildə dəyişdirən üsullarla tibbi keçid/tranzisiya yolu ilə dəyişdirilə bilər.

Gender kimliyi

Gender kimliyi bir insanın öz genderinə dair daxili, dərin bilikləridir. Hər kəsin gender kimliyi var. Əksər insanlar üçün onların gender kimliyi doğulduqları zaman təyin olunduqları cinsə uyğun gəlir. Translar üçün onların gender kimliyi doğuş zamanı təyin olunduqları cinsə uyğun gəlmir. Bir çox insanın gender kimliyi kişi və ya qadındır. Digər insanlar üçün onların gender kimliyi bu iki ikili genderdən birinə tam uyğun gəlmir. Qeyd: gender kimliyi başqaları tərəfindən gözlə görünmür. Siz kiməsə baxıb onun gender kimliyini “görə” bilməzsiniz. 

Gender ifadəsi

Bir şəxsin adı, istifadə etdiyi əvəzliklər (red: Azərbaycan dili gender-neytral dildir), geyimi, saç düzümü, səsi və/və ya davranışı ilə ifadə edilən genderin xarici təzahürü, manifestasiyasıdır. Cəmiyyətlər bu xarici eyhamları maskulin və feminin kimi təsnif edir, baxmayaraq ki, maskulin və ya feminin sayılan nəsnələr zamanla dəyişir və mədəniyyətə görə fərqlənir (Məsələn, bəzi mədəniyyətlərdə kişilər maskulinlik əlaməti olaraq uzun saç saxlayırlar). Əksər translar öz genderləri haqqında bilikləri ilə dünyanın onları necə “gördüyü” arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün gender ifadələrini gender kimlikləri ilə uyğunlaşdırmağa çalışırlar.

Seksual oriyentasiya

Seksual oriyentasiya və gender kimliyini qarışdırmayın və eyniləşdirməyin. Onlar eyni deyil. Seksual oriyentasiya bir insanın başqa bir insana davamlı fiziki, romantik və/və ya emosional cazibəsini ifadə edir. Gender kimliyi insanın öz genderi haqqında təbii anlayışıdır. Hamı kimi transların da seksual oriyentasiyası var; onlar hetero, lezbiyan, gey, biseksual, panseksual, kuir, aseksual və s. ola bilər. Məsələn, yalnız qadınlara qarşı cazibəsi trans qadın adətən özünü lezbiyan adlandırır; əgər o, yalnız kişilərə qarşı cazibəsi olsaydı, çox güman ki, özünü hetero qadın adlandırardı, eynisini trans kişilər haqqında da demək olar. 

Keçid/Tranzisiya

Tranzisiya insanın öz gender ifadəsini və/yaxud bədənini gender kimliyinə uyğunlaşdırmaq üçün üzərinə götürdüyü prosesdir. Bu, uzun müddət ərzində baş verən mürəkkəb bir prosesdir və tranzisiyanı əhatə edən addımlar insandan insana dəyişir. Tranzisiya aşağıdakıları əhatə edə bilər: 

Sosial tranzisiya – Ailəyə, dostlara və iş yoldaşlarına danışmaq, fərqli ad istifadə etmək, fərqli əvəzliklərdən istifadə etmək, fərqli geyinmək, makiyaj və zinət əşyaları taxmağa başlamaq və ya dayandırmaq və s.

Hüquqi tranzisiya – Sürücülük vəsiqəsi, pasport, bank hesabları və s. kimi sənədlərdə adınızın və/və ya gender markerinin dəyişdirilməsi.

Tibbi tranzisiya – Hormon əvəzedici terapiya və/yaxud bir və ya daha çox cərrahi prosedur.

Qeyd etmək vacibdir ki, trans olmaq fiziki görünüşdən və ya tibbi prosedurlardan asılı deyil. İnsan gender kimliyinin doğulduğu zaman təyin edilmiş cinsdən fərqli olduğunu anladığı anda özünü trans adlandıra bilər. Bəzi translar heç bir tranzisiya addımı atmağa ehtiyac duymaya bilər, digər translar isə keçid etmək istəyə bilər, lakin xərclər, tibbi vəziyyətləri və/və ya transfobik ailənin, işəgötürənlərin və s.-nin nəticələrindən qorxduqlarına görə keçə bilmirlər. 

QAÇINILMALI TERMİNLƏR:

“kişi doğulub”, “qadın doğulub”, “bioloji olaraq kişi”, “bioloji olaraq qadın”, “bioloji oğlan”, “bioloji qız”, “genetik olaraq kişi”, “genetik olaraq qadın”

Yuxarıdakı kimi ifadələr mürəkkəb mövzunu həddən artıq sadələşdirir və tez-tez anti-trans fəallar tərəfindən istifadə olunur. “Bioloji oğlan” anti-trans fəalların tez-tez trans qızları görməzlikdən gəlmək və onları gözdən salmaq və onların gerçək/otantik gender kimlikləri ilə cəmiyyətə girişini rədd etmək üçün istifadə etdikləri bir termindir. Yuxarıda qeyd edildiyi kimi, insanın cinsi bir sıra amillərlə müəyyən edilir – və insanın biologiyası onun gender kimliyini müəyyən etmir.

ƏN YAXŞI TƏCRÜBƏ:

Bu terminlərdən insanın gender kimliyi lehinə istifadə edilməməlidir, məsələn: qız, qadın, trans qız, trans qadın, oğlan, kişi, trans oğlan, trans kişi. 

Bir insanın genderini doğuş zamanı təyin edilmiş cinsinə görə təsvir edərkən, cisgender, transgender, trans və/və ya qeyri-binar terminləri adətən kifayət edir.

Əgər kiminsə doğuş zamanı təyin olunmuş cinsinə istinad etmək üçün aydın bir səbəb varsa, istifadə ediləcək terminlər bunlardır: doğuş zamanı kişi təyin olunmuş, doğuş zamanı qadın təyin olunmuş.

QAÇINILMALI TERMİNLƏR:

“transgender fərdlər” “trans fərd”

Translara “fərdlər” kimi müraciət etmək onların dehumanizasiyasına imkan yaradır. 

ƏN YAXŞI TƏCRÜBƏ:

translar, transgender insanlar, trans şəxs və ya vətəndaş

QAÇINILMALI TERMİNLƏR:

“cins dəyişikliyi”, “əməliyyatdan əvvəl”, “əməliyyatdan sonra”

“Cinsi dəyişdirmə əməliyyatı”na istinad etmək və ya “əməliyyatdan əvvəl” və ya “əməliyyatdan sonra” kimi terminlərdən istifadə etmək, insanın tranzisiya üçün əməliyyat olması lazım olduğunu deməyə əsas verir. Translar və ya tranzisiya prosesi haqqında danışarkən cərrahiyyə əməliyyatını həddindən artıq vurğulamaqdan çəkinin.

ƏN YAXŞI TƏCRÜBƏ:

tranzisiya və ya keçid dövrü, keçid

NÜMUNƏLƏR:

Qaçının: “Nuray kişi olaraq doğulub, ancaq qadın olaraq özünü identifikasiya edir.”

Ən yaxşı təcrübə: “Nuray trans qadındır.”

Qaçının: “Samirin iş yoldaşları onun əvvəllər qadın olduğunu bilmirdilər.”

Ən yaxşı təcrübə: “Samirin iş yoldaşları onun trans kişi olduğunu bilmirdilər.”

Qaçının: “Klinika qadından kişiyə keçid edən xəstələr üçün ginekoloji xidmətlər təklif edir.”

Ən yaxşı təcrübə: “Klinika trans kişilər üçün ginekoloji xidmətlər təklif edir.”

Qaçının: “Hekayə məktəb oxuyarkən kişidən qadına keçid edən yeniyetmə haqqındadır.”

Ən yaxşı təcrübə: “Hekayə məktəbdə oxuyarkən keçid (tranzisiya) edən yeniyetmə trans qız haqqındadır.”

Tövsiyyələrin hazırlanmasında GLAAD-in materiallarından istifadə olunub.