Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı 25 Yanvar 2022-ci il Qətnaməsi

Avropa Şurası Parlament Assambleyasının 25 yanvar 2022-ci il qətnaməsindən 7 ay keçməsinə baxmayaraq Azərbaycan qətnamədə qeyd olunanları yerinə yetirməyib. Qətnamədə qeyd olunanlar yerinə yetirilsəydi, Əvəz Hafizlinin qətli nifrət cinayəti kimi nəzərə alınıb, cinayətkara daha ağır cəza verilərdi.

Hazırda Avropa Şurasına üzv dövlətlərdə lezbiyan, gey, biseksual, trans və interseks – LGBTİ+lərin vəziyyəti və onların insan hüquqlarına hörmət qeyri-bərabərdir. Qanunvericiliklə verilən hüquqların qorunması və ayrı-seçkiliyə qarşı siyasətin effektivliyi bir ölkədən digərinə çox dəyişir. Bu bərabərsizlik aradan qaldırılmalıdır. İnsan hüquqlarına və əsas azadlıqlara riayət olunmasını təmin etmək bütün üzv dövlətlərin məsuliyyətidir.

Assambleya hesab edir ki, ölkənin mədəni və dini adət-ənənələri seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətlərə əsaslanan ayrı-seçkiliyə haqq qazandırmaq üçün istifadə edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasını imzalayan hər bir dövlət öz aralarında münaqişələrin qarşısını almaq üçün ən yaxşı yolları tapmaqla yanaşı, əsas hüquqlardan istifadəni təmin etmək öhdəliyinini öz üzərinə götürüb. 

Həqiqətən də, şəxsi və ailə həyatına hörmət hüququ, fikir, vicdan və din azadlığı, ifadə azadlığı ilə toplaşmaq və birləşmək azadlığı arasında ziddiyyət yoxdur. Buna görə də, LGBTİ+lərə qarşı ayrı-seçkiliklə mübarizə və onların hüquqlarını təşviq etmək üçün keçirilən ictimai tədbirlər, məsələn, Qürur yürüşləri, onlarla razılaşmayan şəxslərin hüquqlarının pozulması və ya məhdudlaşdırılması hesab edilmir, qətnamədə qeyd edilib.

Qətnamədə Parlament Assambleyası Azərbaycanda LGBTİ+lərin vəziyyətindən narahatdır və qeyd edir ki, LGBTİ+lərin çox sayda insan hüquqlarının pozuntusu iddia edilib və ya təsdiqlənib. Azərbaycan seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətlərə əsaslanan ayrı-seçkiliyə qarşı tədbirləri gücləndirmək üçün effektiv qanunvericilik və siyasətlər qəbul etməlidir.

Avropa Şurası

Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyət orqanlarını aşağıdakıları yerinə yetirməyə dəvət edir:

  • LGBTİ+lərin hüquqlarını dəstəkləmək üçün Qürur yürüşləri kimi ictimai tədbirlərin keçirilməsi hüququnu, bu tədbirlərin təhlükəsiz şəkildə keçirilməsini təmin etmək və iştirakçıları istənilən zorakılıqdan qorumaq;
  • Media və parlament üzvləri üçün davranış kodekslərinin qəbulunu təşviq etmək, LGBTİ+ləri hədəf alan stiqma və ayrı-seçkilik xarakterli şərhləri və nifrət nitqini qadağan etmək və LGBTİ+fobik nifrət nitqi ilə mübarizə aparmaq üçün əks-narativlərdən istifadə etmək;
  • KİV-in azadlığını və müstəqilliyini və onların şəxsi heyətinin təhlükəsizliyini təmin etmək;
  • Səmərəli araşdırmalar aparmaq və LGBTİ+lərə qarşı zorakılıq hallarını təqib etmək;
  • LGBTİ+lərin hüquqları və onların yaşayış şəraiti haqqında ictimaiyyətin məlumatlılığının artırılması, sosial təcridin, LGBTİ+lərə qarşı stiqmalamanın və ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması və onlarla mübarizə məqsədi ilə seksual oriyentasiya, gender identikliyi, gender ifadəsi və cinsi xüsusiyyətlərə əsaslanan ayrı-seçkiliyə dair fəaliyyət planlarını qəbul etmək və həyata keçirmək;
  • Cisni və reproduktiv sağlamlıq xidmətlərinə və məlumatlara çıxışın yaxşılaşdırılması və cinsi yolla keçən xəstəliklər haqqında məlumatlılığın artırılması;
  • Translara doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində, pasportlarda, diplomlarda və analoji sənədlərdə öz adlarını və genderini dəyişməyə imkan verən, öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan sürətli, şəffaf və əlçatan prosedurlar tətbiq etmək; və bu cür prosedurların aydın olmasını və buna cavabdeh olan qurumların lazımi qaydada təyin olunmasını təmin etmək;
  • Məktəblərdə hərtərəfli cinsi təhsilinin tədris edilməsinə zəmanət vermək və inklüziv yanaşma ilə gender kimliyi və seksual oriyentasiya məsələlərini həll etmək;
  • Qərəz və stiqmatizasiya ilə mübarizə üçün nəzərdə tutulmuş, LGBTİ+lərin vəziyyəti ilə bağlı ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərini həyata keçirmək;
  • Gender, inklüzivlik, seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətlət əsaslı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı məsələlərin başa düşülməsini təşviq etmək məqsədilə bütün aidiyyəti dövlət orqanlarının vəzifəli şəxsləri, məhkəmə və hüquq-mühafizə orqanları üçün insan hüquqlarına dair maarifləndirməni təşviq etmək; 
  • Ədliyyə və hüquq-mühafizə orqanlarının üzvlərinə LGBTİ+fobik nifrət nitqi və nifrət cinayəti ilə bağlı xüsusi və davamlı təlimlər təklif etmək;
  • Cinayət təqiblərinin və bu sahədə hökmlərin səmərəliliyinə dair arayış bazası yaratmaq;
  • Ombudsmanın rolunu və səlahiyyətlərini təşviq etmək, onun müstəqilliyinə təminat vermək, bu institutun bütün vəzifələrini müstəqil şəkildə yerinə yetirməyi üçün onun maliyyələşdirilməsini təkmilləşdirmək və bu vəzifələrə LGBTİ+lərə qarşı ayrı-seçkiliklə mübarizənin daxil olmasını təmin etmək;
  • ECRI və SOGI Bölməsi daxil olmaqla, Avropa Şurasının müvafiq orqanları ilə əməkdaşlığı davam etdirmək və gücləndirmək; və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində başlanmış fəaliyyət planlarının həyata keçirilməsini dəstəkləmək;
  • İnsan hüquqlarını, o cümlədən LGBTİ+lərin hüquqlarını müdafiə edən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı gücləndirmək; onların müstəqilliyinə təminat vermək və onların və onlarla işləyən insanların təhlükəsizliyini qorumaq; ayrı-seçkiliyə qarşı fəaliyyətlərin işlənib hazırlanması, həyata keçirilməsi və təsirinin qiymətləndirilməsi zamanı bu təşkilatlarla məsləhətləşmələr aparmaq;
  • LGBTİ+lərin, xüsusilə də trans və intersekslərin sosial və peşə inteqrasiyası üçün xüsusi fəaliyyətlərin yaradılmasını nəzərdən keçirmək;
  • Müvafiq qanunvericilik və siyasətlərin qəbul edilməsi yolu ilə Nazirlər Komitəsinin seksual oriyentasiya və ya gender kimliyi əsasında ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri üzrə üzv dövlətlərə CM/Rec(2010)5 saylı Tövsiyəsini həyata keçirmək və onun həyata keçirilməsi ilə bağlı Nazirlər Komitəsi tərəfində həyata keçirilən dövri təhlil prosesində fəal iştirak etmək.

Assambleya xüsusilə Azərbaycan hakimiyyətini aşağıdakılara dəvət edir:

  • Ayrı-seçkiliyin qadağan olunmuş əsaslarına seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətləri əlavə edən ayrı-seçkiliyə qarşı qanun qəbul etmək;
  • İnsanları [LGBTİ+ləri] nifrət nitqi və nifrət cinayətlərindən qorumaq üçün mülki, inzibati və/və ya cinayət hüquqi standartları qəbul etmək;
  • LGBTI+fobiyanı ağırlaşdırıcı hal kimi cinayət qanunvericiliyinə əlavə etmək.

Assambleya Azərbaycan hakimiyyətini LGBTİ+lərin qanunsuz həbsi hallarını araşdırmağa və LGBTİ+lərə qarşı polis zorakılığının qarşısını almağa və mübarizə aparmağa dəvət edir.

Qətnamənin tam mətnini ingilis dilində buradan oxuya bilərsiz.