BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. Azərbaycanın nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Samir Şərifov rəhbərlik edib.

Baxış zamanı 6 ölkə Azərbaycanda LGBTİ+ icmasının fundamental hüquq və azadlıqlarının tanınması, qorunması və təşviqi istiqamətində 11 tövsiyə edib. 2018-ci ildə baş tutan 3-cü dövri qiymətləndirmənin nəticələri ilə müqayisədə bu dəfə LGBTİ+ fokuslu tövsiyyələrin sayında artım müşahidə edilir.

Tövsiyələrdə Azərbaycan hökumətinə bəziləri daha geniş, bəziləri isə daha konkret olmaqla LGBTİ+-ların hüquq və azadlıqlarının təmin edilməsi üçün və inzibati islahatlar aparılmasına çağırışlar edilir.

Bu tövsiyyələri şərh edən Nəfəs LGBTİ Azərbaycan Alyansının ictimai vəkillik üzrə baş məsləhətçisi Cavid Nəbiyev bildirib ki,

tövsiyələrin əksəriyyətində ayrı-seçkiliyə qarşı qanunvericilik bazasının gücləndirilməsi, xüsusi ilə cinsi oriyentasiya və gender kimliyinin qorunan əsaslardan biri kimi tanınmasının zəruriliyinə işarə edir. Daha spesifik tövsiyələrdə isə Azərbaycan tibbi və ya diaqnostik tələblərdən azad, şəxsin öz bəyanına əsaslanan gender kimliyinin hüquqi tanınmasını təmin edəcək şəffaf mexanizm qurmağa çağırılır. Zərərli təcrübələrə gəlincə, Azərbaycana “normallaşdırma (düzəltmə)” terapiyalarının, o cümlədən interseks uşaqlar üzərində tibbi müdaxilələrin qadağa etməsi tövsiyə edilir. LGBTİ+-ların ədalət mühakiməsinə çıxışının təmin edilməsinə gəldikdə isə, Azərbaycan hökümətindən nifrət cinayətləri və nifrət çağırışları halları ilə vaxtında və effektiv mübarizənin təşkili üçün məhkəmə orqanları əməkdaşlarının, xüsusilədə polisin bilik və bacarıqlarını artırmağa, bu istiqamətdə müvafiq təhsil proqramları və maarifləndirmə kampaniyaları həyata keçirməsi istənilir.

Nəbiyev o cümlədən əlavə edib ki,

LGBTİ+lərə qarşı baş verən insan hüquqları pozuntularını göstərmək və vəziyyətin yaxşılaşdırması üçün çağırışlar edilməsi istiqamətində önəmli olan prossesin bu mərhələsinin icmamız adına uğurla bitdiyini deyə bilərik. Nəfəs olaraq prosesdə iştirak edərək bu nəticənin əldə olunmasında verdiyimiz töhfənin qürurunu keçiririk Nəfəsin ictimai vəkillik bəyanı və eyni məram uğrunda səfərbər olan digər icma təşəbbüslərinə və yoldaşlarımıza təşəkkür edirik.

Qeyd edək ki, Azərbaycanın 4-cü dövr UDİ qiymətləndirilməsi hələ davam edəcək. Qarşıdan gələn 3 ay ərzində Azərbaycan höküməti ona edilmiş bütün tövsiyələri nəzərdən keçirərək onlar arasından hansılarını qəbul, hansılarının isə qəbul etməyəcəyini və ya sadəcə qeyd edəcəyi ilə bağlı qərarını təqdim etməlidir.

Edilmiş tövsiyələri sizə təqdim edirik.

Meksika
– Cinsi oriyentasiya və gender kimliyi əsaslı ayrı-seçkiliyin də daxil olduğu hərtərəfli Ayrı-seçkilik Əleyhinə Qanun qəbul et.

İspaniya
– Cinsi oriyentasiya və gender kimliyini ayrı-seçkilikdən müdafiə olunan əsaslar kimi qanunvericiliyə daxil et.

Çili
– Cinsi oriyentasiya, gender kimliyi və cinsi xarakteristika əsaslı ayrı-seçkiliyin də daxil edildiyi əhatəli Ayrı-seçkilik Əleyhinə Qanun qəbul et.

Argentina
– LGBTİ+ icmasına qarşı zorakılıq və ayrı-seçkilik aktları ilə mübarizə aparmaq, o cümlədən bu cür əməllərin araşdırılmasını və cəzalandırılmasını təmin etmək üçün qanunvericilik təşəbbüsləri həyata keçir. Bundan əlavə, gender kimliyi və eyni cinsli birliklərin mülki hüquqlar sahəsində də irəliləyiş göstər.

Fransa
– LGBTQİ+lərin hüquq və azadlıqlarını təmin et, hər cür zorakılıq və ayrı-seçkilikdən qoru.

İslandiya
– Ailə Məcəlləsinə bütün ailə formalarını, o cümlədən eyni cinsli cütlükləri daxil etmək üçün dəyişiklik et;
– Tibbi və ya diaqnostik tələblərdən azad, şəxsin öz bəyanına əsaslanan gender kimliyinin hüquqi tanınmasını təmin edəcək şəffaf mexanizm qur;
– Normallaşdırma (düzəltmə) terapiyalarını qadağa et;
– İnterseks uşaqların öz kimliklərini təyyin etmək hüququna hörmət et və onlar üzərində tibbi müdaxilələrin qadağan et.

İsrail
– Cinsi oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xarakteristika motivli törədilmiş nifrət cinayətləri və nifrət çağırışları halları ilə vaxtında və effektiv mübarizənin təşkili üçün məhkəmə orqanları əməkdaşlarının, xüsusilədə polisin bilik və bacarıqlarını artırmaq məqsədi ilə müvafiq təhsil və maarifləndirmə proqramları hazırla, təlimlər həyata keçir.