Search
Close this search box.

LGBTİ+ hüquq müdafiəçiləri trans icmasının həbsinə etiraz ediblər

Dünən, mayın 23-də LGBTİ+ fəalları transların saxlanılmasına etiraz etmək üçün toplaşıblar.

Mayın 22-də sosial şəbəkələrdə Bakının Xətai rayonunda polislə üç trans qadının qarşıdurmasını əks etdirən videolar yayılıb. 

Görüntülərdə transların polislə mübahisədən sonra saxlanılması əks olunub. Trans fəallardan birinin Meydan TV-yə verdiyi açıqlamaya görə, mayın 22-də baş verən insident polisin trans qadınların şərəf və ləyaqətinə hörmətsizlik və alçaldılması ilə bağlı olub. 

Saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə LGBTİ+ hüquqlarını müdafiə edən fəallar 37-ci Polis Bölməsinin qarşısına toplaşıblar. Onların arasında Nəfəs LGBTİ Azərbaycan Alyansının fəalları Əli Məlikov, Cavid Nəbiyev və bir neçə nəfər də olub. Onlar da sonradan polis tərəfindən saxlanılıblar.

Meydan TV/Fəalların aksiyası

Daxili İşlər Nazirliyi (DİN) Meydan TV-yə verilən məlumata görə, faktla bağlı araşdırma aparıldığını təsdiqləyib. 

Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai rayonu 37-ci Polis Bölməsinin qarşısında saxlanılan Cavid Nəbiyev və Əli Məlikov hazırda 36-cı Polis Bölməsində saxlanılır.

Polis bölməsi onların həbsinin konkret səbəblərini açıqlamayıb.

Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar

“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” filmini təqdim etməklə, Nəfəs LGBTİ Azərbaycan Alyansı 17 May – İDAHOBİT həftəsini ölkədəli reallığı ehtiva edən tədbirlə bitirib.

Tədbirimizdə “LGBTİ+lar tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrantlar müsabiqəsində qalib gəlmiş və Nəfəs LGBTİ Azərbaycan Alyansının maliyyə dəstəyi ilə hazırlanmış, Azərbaycandaki LGBTİ+ların polis bölmələrində üzləşdikləri təcrübələri əhatə edən film təqdimatı baş tutub. 

Filmdən sonra qonaqlar, sosial işçi, aktivist və psixoloqla birgə LGBTİ+ vətəndaşların hüquqi problemlərini analiz ediblər.

2014-cü ildə İDAHOBİT günü necə qeyd edilib?

2014-cü ildə Nəfəs LGBTİ Azərbaycan Alyansı İDAHOBİT günün necə qeyd edib?

2014-cü ildə Nəfəs LGBTİ Azərbaycan Alyansı Niderland səfirliyi ilə birgə Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə – İDAHOBİT Gününə həsr olunmuş əlamətdar tədbir təşkil edib. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Qobustanda keçirilən yürüyüşün məqsədi Azərbaycan cəmiyyətindəki qərəzli münasibətə qarşı çıxmaq və LGBTİ+ hüquqlarının “Avropa idxalı” olması fikrini dağıtmaq olub. “Qobustan qədər tariximiz var!” mövzusu altında iştirakçılar LGBTİ+ icmalarının regionda tarixi mövcudluğunu vurğulayıblar. 

Tədbir səmaya rəngarəng şarların buraxıldığı, göy qurşağı bayraqlarının qürurla dalğalandığı tarixi məkana doğru yüksək əhval-ruhiyəli “Bərabərlik marşı” ilə başlayıb. LGBTİ+ icmasının üzvləri müttəfiqləri ilə birlikdə homofobiya və transfobiyanı pisləmək, birlik nümayiş etdirmək, bərabərlik və LGBTİ+ əleyhinə zorakılığa son qoymaq üçün bir araya gəliblər.

Qobustandakı bu simvolik yürüş LGBTİ+ icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu və bizim hüquq və töhfələrimizin tanınmalı və təqdir edilməli olduğunu xatırladıb.

İDAHOBİT – Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü

İDAHOBİT – Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü “Həmişə birlikdə: Müxtəlifliklə Birləşmiş” mövzusunu qeyd edir.

Mayın 17-də Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Gününün tanınması üçün qlobal LGBTİ+ icması builki “Həmişə Birlikdə: Müxtəlifliklə Birləşmiş” mövzusu altında bir araya gəlir. Mövzu bütün dünya üzrə LGBTİ+ təşkilatları ilə geniş məsləhətləşmələr nəticəsində diqqətlə seçilib, təbliğat, qeydetmə və icmalar arasında birlik hissini gücləndirmək məqsədi daşıyır.

Seçilmiş mövzu kimliklər, hərəkatlar və sərhədlər arasında həmrəyliyin və müttəfiqliyin vacibliyini vurğulayır. Mövzu bütün dünyada LGBTİ+ icmalarının üzləşdiyi artan təhlükələri əhatə edir və çətin qazanılmış nailiyyətləri qorumaq və bərabərliyi təşviq etmək zərurətini vurğulayır. Müxtəlifliyi dəstəkləmək üçün birləşərək, insanlar LGBTİ+ların və icmaların həyatında həqiqi fərq yarada bilərlər. 

Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günü 2004-cü ildən etibarən hər il qeyd olunur. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının 1990-cı ildə homoseksuallığı mental xəstəliklər siyahısından çıxarmaq üçün qəbul etdiyi mühüm qərara hörmət olaraq başladılıb. Hər il bu gün maarifləndirməni artırmaq və qlobal miqyasda LGBTİ+ların üzləşdiyi problemləri həll etmək üçün xüsusi bir mövzuya diqqət yetirir. 

Dünya miqyasında İDAHOBİT qeydetmələrini əlaqələndirən platforma olan may17.org tərəfindən verilən elanda deyilir:

“Biz 2023-cü ildə Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Günün “Həmişə Birlikdə: Müxtəlifliklə Birləşmiş” mövzusu ətrafında keçiriləcəyini bəyan etməkdən məmnunuq. Dünya üzrə LGBTQIA+ təşkilatları ilə geniş məsləhətləşmələr nəticəsində müəyyən edilən bu mövzu insan hüquqları müdafiəçilərinə, LGBTQIA+ vətəndaş cəmiyyəti qruplarına, icma üzvlərinə və müttəfiqlərə müxtəlif təbliğat və qeydetmə formalarında iştirak etmək imkanı verəcək”. 

LGBTİ+ icmaları artan problemlərlə, o cümlədən hüquqlarda geri addımlama və artan ayrı-seçkiliklə üzləşdikcə, bu ilki mövzu birliyin və dəstəyin əhəmiyyətini vurğulayır. İcmanın gücü, həmrəylik və müxtəlif kimliklərin tanınması qlobal miqyasda müsbət dəyişikliyi təşviq etmək üçün vacibdir. 

Bu gün bütün dünyada ayrı-ayrı şəxslər və təşkilatlar Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiyaya Qarşı Günü qeyd edəcəklər. Tədbirlər, müzakirələr və maarifləndirmə kampaniyaları vasitəsilə onlar həmrəylik nümayiş etdirəcək, LGBTİ+ səslərini gücləndirəcək və müxtəlifliyi, bərabərliyi və inklüzivliyi qeyd edən bir dünya yaratmaq öhdəliyini bir daha təsdiq edəcəklər.

Biz də, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq, bu əlamətdar gün münasibətilə podkastlar silsiləri hazırlamışıq:

Bu əlamətdar gündə gəlin güclərimizi birləşdirək, gözəl müxtəlifliyimizi qeyd edək və hamı üçün daha inklüziv və qəbullanan cəmiyyət yaratmaq üçün birlikdə çalışaq. 17 Mayınız mübarək: Birlikdə, Müxtəlifliklə Birləşmiş! 

İşsiz translar

Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinin 2-ci podkastını yayımlayırıq. Biz, könüllümüz Alvi və trans hüquqları aktivisti Vüsalə Hacıyeva ilə transların əmək bazarına çııxışını, iş sahəsində üzləşdiyi təcrübələrini müzakirə etmişik.

Podkast səni həm də transların əmək bazarında qarşılaşıdığı çətinliklərlə mübarizədə həmrəyliyə çağırır.

Azərbaycanda LGBTQİ+ hərəkatının dünəni, bugünü və sabahı

Nəfəs LGBTİ Alyansı olaraq “Ədalət və Hamı Üçün Müdafiə!” şüarımızla başladığımız 17 may həftəsinə podkastımızla davam edirik. Biz könüllümüz Rza və kuir aktivistlər Cavid Nəbiyev, Əli Məlikovla birgə epizod hazırlamışıq. 

17 May Beynəlxalq İDAHOBİT+ gününün Azərbaycanda tarixi, günümüzdə LGBTQİ+ aktivizmi, keçmişimiz və hərəkatımızdan gələcək gözləntilərimizi əhatə edən müzakirəmizi dinləməyə və paylaşmağa tələsin. Biz həm də epizodumuzda Nəfəs LGBTİ Azərbaycan Alyansının tarixçəsindən də danışmışıq. 

Göy qurşağı Xəritəsi və İndeksi 2023

On ildən artıqdır ki, ILGA-Avropa-nın Göy qurşağı Xəritəsi və İndeksi bütün Avropada LGBTQİ+ların hüquqlarını müqayisə etmək üçün mühüm vasitəyə çevrilib. Hazırkı buraxılışda Malta birinci yeri tutmaqda davam edir, Azərbaycan isə 2% xalla sonuncu yerdədir.

 Göy qurşağı Xəritəsi

Göy qurşağı Xəritəsi bərabərlik, ailə və sığınacaq daxil olmaqla yeddi kateqoriya üzrə 74 meyardan istifadə edir. İl ərzində müvafiq məlumat dəstləri toplanır və Avropanın 49 ölkəsindən olan LGBTQİ+ hüquq müdafiəçiləri, tədqiqatçılar, hüquqşünaslar və digər ekspertlərlə birlikdə yoxlanılır. Xəritə və indeks LGBTQİ+ hüquqlarına dair Avropa Şurasının illik hökumətlərarası toplantısı olan IDAHOT Forumu zamanı yenilənir və təqdim edilir.

Göy qurşağı Xəritəsi və İndeksi LGBTQİ+ların nəyə ehtiyacı olduğunu və Avropadakı LGBTQİ+ icmalarının müxtəlif yerlərində insanların həyatları üçün nəyin vacib olduğunu dəqiq və inkişaf edən mənzərəni təqdim edir. Qanunvericilik üfüqlərini genişləndirən ölkələr reytinqdə yüksəlir.

ILGA-Avropa fevral ayında 2022-ci il üçün Azərbaycanda lezbiyan, gey, biseksual, trans və intersekslərin İnsan Hüquqları Vəziyyətinin İllik İcmalını dərc edib. Hesabatda LGBTQI+-ların hüquqi və siyasi vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda əldə edilmiş irəliləyişlər araşdırılır və milli səviyyədə yerli vəziyyətlərə dair konkret nümunələr təqdim edilir. 

Hesabat SOGIESC – seksual oriyentasiya, gender kimliyi və ifadəsi və cinsi xarakteristika əsasları üzrə açıq mandatı olan bərabərlik orqanının yaradılmasını, bütün SOGIESC əsaslarını özündə əks etdirən bərabərlik üzrə fəaliyyət planlarının işlənib hazırlanmasını və bütün SOGIESC əsaslarının səhiyyə, məşğulluq, təhsil və əmlak və xidmət sahələrində ayrı-seçkiliyi qadağan edən qanunvericiliyə daxil edilməsini tövsiyə edir.

İDAHOT+ Forumu 2023

​​Bugün İslandiyanın paytaxtı Reykyavik builki Avropa Dövlətlərarası LGBTQİ+ Əlaqələndirmə Şəbəkəsinin (EFPN) keçirdiyi IDAHOT+ Forumuna ev sahibliyi edir. 

İslandiya Hökuməti tərəfindən təşkil edilən IDAHOT Forum 2023 Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seksual və Gender Kimliyi Şöbəsinin (Council of Europe’s SOGI Unit) dəstəyi ilə baş tutur. Artıq 10-cusu baş tutan İDAHOT+ Forumu hər il may ayının 17-si, Beynəlxalq Homofobiya, Transfobiya, Bifobiya, İnterseksfobiya və Kuirfobiyaya Qarşı Mübarizə Günü (IDAHOBIT) çərçivəsində təşkil olunur.

Forum hər il, qitədə LGBTQİ+ hüquqlarının vəziyyətini qiymətləndirmək, nailiyyətləri qeyd etmək və yeni hədəflər müəyyən etmək üçün Azərbaycanın da qoşulduğu AŞPA üzv dövlətlərinin hökümət başçılarını və nümayəndələrini, regional insan hüquqlarının müdafiəsi təşkilatlarını, üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarını, o cümlədən hüquq müdafiəçiləri, fəallar və digər maraqlı tərəflər ibir araya gətir.

Builki IDAHOT Forum Avropada LGBTQİ+ hüquqlarının vəziyyəti ilə bağlı bir sıra məsələləri, xüsusən də gender kimliyi və özünüifadəsi zəminində təqib və zorakılıq hallarına diqqət, intersekslərin hüquqlarının səmərəli müdafiəsi, LGBTQİ+ hüquq müdafiəçilərinin təhlükəsizliyi, həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən törədilən nifrət nitqi və nifrət cinayətləri ilə mübarizə yollarını əhatə edir.

Qürurla bildiririk ki, Nəfəs LGBTİ Azərbaycan Alyansının ictimai vəkillik üzrə baş mütəxəssisi Cavid Nəbiyev də qonaq qismində forumda iştirak edir. O, “Təhlükə altında olan LGBTİ hüquq müdafiəçilərinə dəstək” mövzusunda panel müzakirəyə qatılacaq. Panel müzakirə, xüsusilə Cənubi Qafqaz və Türkiyə nümunəsində ağır şərtlər altında çalışan LGBTQİ+ hüquq müdafiəçilərinin üzləşdiyi çətinlikləri, o cümlədən səfirliklər və hökumətlərarası institutların LGBTQİ+ hüquq müdafiəçilərinin öz işlərini effektiv və təhlükəsiz davam etdirə bilmələrini təmin etmək üçün göstərə biləcəkləri mənalı dəstək və əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə fokuslanacaq. 

17 May İDAHOBİT həftəsi

17 May Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Mübarizə Günüdür. Bu qlobal gündə biz LGBTQİ+lar olaraq gender kimliyi, seksual orientasiya, sinfi ayrı-seçkilik və digər marginallaşdırılan kimliklərimizə qarşı hədəf göstərmələrə sinə gəririk. 

Bu qlobal hadisə ərəfəsində “Ədalət və Hamı Üçün Müdafiə” devizi altında Azərbaycanda ədalətin və mühafizənin təmin edilməsi üçün daha çox hüquqi və siyasi islahatların aparılmasının vacibliyinə diqqəti cəlb etməkdən qürur duyur. İcmamızın müdafiəsi üçün 2012-ci ildən bəri gücləndirdiyimiz hərəkatımız bu il də 17 Maya öz tövhələrini verəcəkdir.

Biz 11-17 May həftəsində bir neçə fəaliyyətlər nəzərdə tutmuşuq. Həftə boyu könüllülərimizin əməkləri ilə hazırladığımız LGBTQİ+ların hüquqi problemlərindən, əməyə çatımlılığına aid podkastlarımızı yayımlayacağıq. Həftə içərisində icmaya açıq görüşümüz, həftənin sonunda – 17 May günü Azərbaycanda LGBTQİ+ların üzləşdiyi polis zorakılıqlarını əhatə edən film təqdimatı və müzakirəmiz baş tutacaq.

BMT Əhali Fondunun icraçı Direktoru Dr. Natalia Kanemin Bəyanatı

BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru doktor Natalia Kanem dünyanın bəzi yerlərində homoseksuallığın kriminallaşdırılmasına qarşı çıxış edib.

O, bəyanatında insan hüquqlarının genderindən və seksual oriyentasiyasından asılı olmayaraq bütün fərdlər üçün təmin edildiyini vurğulayıb. 

Dr. Kanem LGBTQİ+ların nəinki ifadə azadlığı, azadlıq, şəxsi həyatın toxunulmazlığı və bərabərlik hüquqlarını pozan, həm də ictimai sağlamlıq üçün dağıdıcı nəticələrə səbəb olan təqiblərdən dərin narahatlığını ifadə edib. O, bu cür təzyiqlərin həyat xilas edən xidmətlərə çıxışa mane olduğunu və xüsusilə İİV-lə yaşayan insanlar üçün stiqma və ayrı-seçkiliyi artırdığını, beləliklə, İİV epidemiyasına nəzarət etmək səylərinə zərbə vurduğunu qeyd edib.

Dr. Kanem bütün dünyada LGBTQİ+ların insan hüquqlarının qorunmasına, təşviqinə və yerinə yetirilməsinə çağırıb və bu cür səylərin hər kəs üçün hüquq və seçim təmin edəcəyini vurğulayıb.

BMT-nin Əhali Fondu LGBTQİ+ icmasının üzləşdiyi zorakılıq, ayrı-seçkilik və təcrid ilə mübarizə aparmaq üçün tərəfdaşları ilə işləməyə davam edəcək.