Heyvan hüquqları aktivistləri dünən, oktyabr ayının 4-də Dünya Heyvanlar Günündə Bakının Fəvvarələr meydanında aksiya keçiriblər. Onlar bələdiyyə orqanlarının itlərin qeyri-qanuni güllələnməsinə etiraz ediblər.
“Bakıda sahibsiz itlərin tutularaq sterilizasiya olunub buraxılması ilə bağlı dövlətin verdiyi vədlərə zidd olaraq, əslində şəhər kənarına aparılaraq güllələnirlər,” – deyə heyvan hüquqları aktivisti Kamran Məmmədli OC-Mediaya bildirib.
Fəalların iddiaları Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə yaradılan və məqsədi “Bakı sakinlərinin təhlükəsizliyini təmin etmək, sahibsiz heyvanlara qayğı göstərmək və cəmiyyətin onlara münasibətini dəyişmək” olan “Toplan Heyvanlara Qayğı Mərkəzi”nə yönəlib. Lakin fəallar itlərin yoxa çıxdıqlarını iddia ediblər.
“Aksiyada şüarlar açıldı və həmin an aktivistlər polis tərəfindən qaçırıldı!,” – deyə veqan aktivist Əli Məlikov öz sosial media hesabında qeyd edib.



“Qürur yürüşləri etirazdır, vegetarianlıq və veqanlıq da etirazlardan biridir. Bu səbəbdən də, bütün əzilənlərin hüquqlarının qorunması üçün mübarizəmizi davam etməliyik. Bir çox heyvan hüquqları fəalları LGBTİ+ icmasını dəstəkləyir və eynilə LGBTİ+ icması da heyvan hüquqları aktivistlərinin yanındadır, çünki biz cəmiyyətin cəhalətinə və təkəbbürünə məruz qalanlarla birləşirik,” – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Gülnara Mehdiyeva bildirib.