“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib.

Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı öz sosial təşəbbüslərini həyata keçirməklərinə dəstək olmaqdır. Qeyd edək ki, proqram müddətində qızların təhsildən yayınması halları ilə mübarizəyə, onların şəxsi və peşəkar inkişaflarının təmin edilməsinə fokuslanılacaqdır.

3 ay ərzində davam edəcək proqram aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

  • Layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili;
  • İcma liderlərinin təşəbbüslərini həyata keçirməkləri üçün təşkilati və mentorluq dəstəyinin göstərilməsi.

Proqramda hazırda hər hansı rayon və ya kəndlərdə yaşayan 22-35 yaş aralığındakı şəxslər iştirak edə bilər.

Qeydiyyat formasına buradan keçid edin. 

Müraciət üçün son tarix: 28 mart 2023-ci il.

Qızlar Oxusun layihəsi yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəyi barədə məlumat verib.

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm Məktəbinə start verib.

Məktəbə MİL Şəbəkəsinin üzvü, hazırda sosial elmlər üzrə magistratura pilləsində təhsil alan və Azərbaycanda feminist hərəkatını araşdıran Fatimə İsmayılova rəhbərlik edəcək.

Proqram Zoom platforması vasitəsilə onlayn keçiriləcək və 18-30 yaş arası iştirakçılar ərizə forması vasitəsilə müraciət edə bilərlər. Son tarix 31 martdır.

Sessiyalar 2023-cü ilin aprel ayında həftə sonları keçiriləcək və iştirak ödənişsizdir.

Seks İşçilərinə Qarşı Zorakılığa Son Beynəlxalq Günü | Nəfəs LGBTİ

LGBTİ+ seks işçiləri həmişə LGBTİ+ hərəkatının bir hissəsi olublar; Marsha P. Johnson və Sylvia Riveranın adları sadəcə tarixi istinadlar deyil, onların 1969-cu il Stonewall üsyanına verdiyi töhfələr bu gün bildiyimiz qlobal LGBTİ+ hərəkatının təməlini təşkil etmişdir. Bununla belə, bir çox seks işçisi müasir LGBTİ+ aktivizmindən kənarda qalıblar.

Biz, Nəfəs LGBTİ Azərbaycan Alyansı, seks işçilərinin insan hüquqlarının müdafiəsi üçün təməli kimi dekriminalizasiyaya çağırış edirik!

Eyni zamanda, Nəfəs LGBTİ Azərbaycan Alyansı LGBTİ+ icması daxilində LGBTİ+ seks işçilərinin üzləşdiyi insan hüquqları pozuntuları barədə məlumatlılığı artırmağı, seks işçilərinə qarşı stiqma ilə mübarizə aparmağı və onların LGBTİ+ icmasında daha görünür olmasını dəstəkləməyi öhdəsinə götürür.

seks işçiləri

Yaşanmış Həyat | Emma Goldman

„Washigton’da bir alman azad düşüncəli icma qarşısında çıxış etdim. Mühazirədən sonra özlərinə “der arme Teufel“ jurnalının oxucuları dedikləri bir qrup Reizel Freunde ilə tanış oldum. Digər bir Reitzel “dostu” özünü Cincinnati-dən bir pivəbişirən kimi təqdim etdi. Mənə yaxınlaşdı və seksdən danışmağa başladı. O, mənim ABŞ-da “azad sevginin (free love) böyük öndə gedənlərindən” olduğumu eşitmişdi. O, mənim təkcə – elə indicə sübut etdiyim kimi – ağıllı deyil, həm də cavan və cazibədar olduğumu görəndə çox sevinmişdi, heç də təsəvvür etdiyi mavi corablılar icmasından olan feministlər kimi deyildim. 

O da azad sevgiyə (free love) inanırdı, baxmayaraq ki, kişilərin və qadınların çoxunun, xüsusən də həmişə kişidən yapışmağa çalışan qadınların bunun üçün yetkin olduğunu düşünmürdü. Onun mənfur və hırıldayan tərzi mənim ürəyimi bulandırdı. Arxamı ona çevirib otağıma getdim. Çox yorğun idim, demək olar ki, dərhal yuxuya getdim. Qapıdan gələn səsə oyandım. “Kimdir?” dedim. “Bir dost,” deyə cavab gəldi; “Açmırsan?” Bu, Cincinnati-dən pivəbişirənin səsi idi. Yatağımdan atlayaraq bacardığım qədər qışqırdım: “Dərhal burdan getməsən, bütün evi başıma yığacam!” “Xahiş edirəm, xahiş edirəm!” deyə qapıdan yalvardı, “burada teatr çıxartma. Mən yetkin uşaqları olan evli bir kişiyəm. Sənin də sərbəst sevgiyə (free love) inandığını düşünmüşdüm.“ Sonra onun tələsik getdiyini eşitdim.

– Emma Goldman, „Yaşanmış həyat. Avtobioqrafiya“ („Gelebtes Leben. Autobiographie“)

TERF ilə Necə Mübarizə Aparmalı

TERF ideologiyası nədir?

Trans-eksklüziv radikal feminist ideologiya feminist hərəkatımızı riskə və transları və binar olmayanları təhlükəyə atır.

Addımlarımızın hər kəs üçün təhlükəsiz və əhatəli olduğundan əmin olmaq üçün TERF fikirləri necə aşkar edəcəyimizə dair qısa təlimatı tərtib etdik.

‘TERF’ – ‘trans-eksklüviz radikal feminizmi’ deməkdir. Bu ideologiya transfobiyanın xüsusi bir formasıdır və daha konkret olaraq transmisoginiyadır, çünki TERF-lər əsasən trans qadınları və transfeminin insanları hədəf alır.

Bu ideologiyaya görə, trans qadınlar qadınlıqdan kənarlaşdırılır və buna görə də, yalnız qadınlar üçün nəzərdə tutulan məkanlardan – qadın tualetləri, qadınlar üçün açılmış kofeşop və s. – kənarlaşdırılmalıdırlar. Qadınlıq GUYA yalnız “cinsə əsaslanan” – TERF ideologiyasının “bioloji olaraq qadın” adlandırdığının nəticəsi olan opressiya və qısnama təyin olunur. Bu fikir “qadınların” – və ya doğuşdan qadın təyin olunanların – gender əsaslı zorakılıq və qısnamanı eyni şəkildə yaşadığını iddia edərək “biologiya” anlayışını silanlandırır və etnik kimlik, sinif, seksuallıq, əlillik və digər struktural amillər ilə kəsişən fərqli gender təcrübələrimizi silir.

TERF-lərlə mübarizə aparmağın yollarını sizinlə bölüşürük.

Addım 1: Uzaqlaş

Bu ideologiyanı ədalətli debatla ilə məğlub etmək olar – amma qərarlı TERF-lər ədalətli mübarizə aparmırlar. Çox vaxt (xüsusən də onlayn) mübahisə zamanı ən yaxşı şey ayrılmaqdır.

Addım 2: İcmadaxili söhbət

Öz xalana və ya icmanda olan insanlara niyə trans qadınların qadın tualetindən istifadə etməli olduğunu izah et.

Addım 3: Güclü təşkilatlanma

Ətrafında daha güclü pozitiv, trans-inklüziv və aktivist icmaları qurmağa başla, Twitterdə @HashHashRadFemXZ ilə debata girmə.

Addım 4: Kollektiv öyrənmə

Trans qadınların iştirakı ilə  icmalar və qruplar daxilində qarşılıqlı və kollektiv maarifləndirmə apar.

Addım 5: TERF-ləri zibilliyə at

Bu ideologiyaya hər hansı bir zəmin verməkdən imtina et. Kəsişən, sinifli təhlilə əsaslanan materialist feminizm transların əleyhinə deyil, transfeminizmin* tərəfdarıdır.

Nəfəsə abunə ol və birlikdə TERF-ləri məsuliyyətli şəkildə zibilliyə ataq

TERF

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması kimi aparıcı məsələlər istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanda LGBTİ+lərin və qadınların* ayrı-seçkiliyə və təcrid olunmasına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai və siyasi həyata fəal inteqrasiyasını təşviq edir.

Feminizmə Giriş | Lorna Finlayson

Lorna Finlayson özünün ‘Feminizmə Giriş’ kitabında yanlış şüurun beş müxtəlif formasını təsvir edib.

1. Dünya haqqında yanlış bir inanc

Məsələn, kapitalizmin ona zülm etmədiyini düşünən bir işçi və ya qadınların „təbiətən“ riyaziyyatdan başı çıxmadığını düşünən misogynist bu kateqoriyaya misaldır.

2. Dünyanın qeyri-dəqiq təqdimatı

Məsələn, güzgüyə baxıb özünü olduğundan çirkin, yaxud həcmli görən qadın* bu kateqoriyaya misal ola bilər.

3. Vəziyyətə uyğun olmayan emosional reaksiya

Məsələn, təcavüz qurbanı olan müəyyən bir şəxs bu təcavüzdə özünü təqsirləndirə və hətta təcavüz edən şəxsə və şəxslərə hörmət belə edə bilər.

4. Müvafiq bir həqiqəti görməmək

Məsələn, irqçiliyin fərqində belə olmayan və “post-rassist” bir cəmiyyətdə yaşadığını düşünən ağdərili bir insan və ya qadın*ların reproduktiv əməyini görməzdən gələn, “nə ilə məşğulsan, bütün gün evdə oturursan”, – deyən bir kişi* bu kateqoriyaya misal olaraq göstərilə bilər.

5. Müəyyən bir emosional vəziyyəti yaşamamaq

Məsələn, işçilərinə qarşı empatiya hiss etməyən bir kapitalist və ya cəmiyyətin təsiri ilə dərinə hopmuş transfobiya səbəbindən özünü sevməyən trans* bir fərd bu kateqoriyaya aid missallardır.

Bununla yanaşı, Finlayson yanlış şüur anlayışını “sadə yanlış şüur” və “ideoloji yanlış şüur” olaraq iki hissəyə ayırır:

1. “Sadə yanlış şüur” siyasi deyil, texnikidir. Məsələn, bir insan bu gün çərşənbə axşamı olduğu halda bazar ertəsi olduğunu düşünə bilər. Bu da həmin insanın dünya haqqında yanlış bir fikrə sahib olduğunun göstəricisidir.

2. Marksistlərin diqqət dairəsində olan yanlış şüur növü xüsusi güc münasibətləri ilə yaradılan və bu səbəbdən özündə siyasilik ehtiva edən yanlış şüur növüdür. Bu, məhz o “ideoloji yanlış şüur” növüdür ki, onun varlığı və xarakteri bir sosial qrupun maraqlarının digər bir qrupun maraqları önünə keçməsi meyli ilə izah edir.

“İdeoloji yanlış şüur”a patriarxal ideologiyanı nümunə gətirmək olar. Patriarxal ideologiya tabe edilmiş qadın*lar üzərində dominant olan kişi*lərin mənafelərini qoruyan xüsusiyyətləri özündə ehtiva edən dünyaya və hadisələrə yanaşmanı, hissetməni və məntiqi əlaqələndirməni ayaqda saxlayan məfhumdur.

Məsələn, „qadın*lar uşaq baxımına təbii olaraq ən uyğun cinsdir“ inancı (qəbulluğu) ona gətirib çıxarır ki, qadın*lar uşaq baxımının əksər hissəsini öz üzərlərinə götürürlər və bu hal digər cinsdən olan insanlar tərəfindən qadın*ın vəzifəsi kimi görülməyə başlanılır. Bu iddia isə öz növbəsində insanlar arasında bu tənzimləmənin “təbii” və “vacib” olması fikrinə gətirib çıxarır ki, bununla da qadın*ların dəyərlərinin onların hansı dərəcədə müvəffəqiyətli ana olmaqları ilə ölçülməsinə zəmin yaratmış olur. Həmin bu qiymətləndirmə vasitəsi ilə patriarxal gender rolları və patriarxatın cinsi əmək bölgüsü ayaqda saxlanılır. Bu da öz növbəsində ona gətirib çıxarır ki, həm başqaları, həm də qadın*ların özləri onların “yaxşı qadın” olmadığını mühakimə etməsinlər deyə uşaq baxımıprosessinin əksər hissəsini öz üzərlərinə götürmək məcburiyyətində hiss edirlər. Heç də təsadüfi deyil ki, patriarxal mədəni irs ilə gənc qadın*lara uşaqlıqdan bəri yetkinlik dövrünə hazırlıq adı ilə onların gələcəkdə mütləq “ana” və “həyat yoldaşı” olacağı fikrini öyrədirlər.

– Lorna Finlayson, „Feminizmə giriş“ (Lorna Finlayson, „An introduction to feminism“)

Feminizmə Giriş

Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library

La Voz de la Mujer | Argentina

Anarxofeminist jurnal “La Voz de la Mujer”  1890-cı illərdə Argentinada çap edilən ilk qadın anarxistlərin jurnalı olub. 

„Fikirimizcə, bugünkü cəmiyyətdə heç bir şey və heç kim bədbəxt qadınlardan daha dəhşətli vəziyyətdə deyil […] Bu qədər göz yaşı və bu qədər səfalət içində olmağımızdan artıq bezmişik; uşaqların sonsuz əziyyətindən cana doymuşuq; yalvarışdan və dilənçilikdən boğaza yığılmışıq; biz bədnam istismarçılarımıza və ya iyrənc ərlərimizə oyuncaq olmaqdan usanmış halda cəmiyyət konsertində səslərimizi ucaltmağa, həyat ziyafətində sevincimizi tələb etməyə qərar verdik […] 

Biz, „ləyaqətsiz“ və „cahil“ adlandırdığınız qadınlar, təşəbbüs irəli sürüb “La Voz de la Mujer“ jurnalını nəşr etdiyimiz zaman təşəbbüsümüzə siz bədbin avaraların köhnə mexanistik fəlsəfənizlə necə cavab verəcəyinizi bilməliydik . . .“La Voz de la Mujer“-in ilk sayı dərc edildi və əlbəttə ki, qiyamət onda qopmağa başladı:

“Qadın emansipasiyası? Nə üçün?”, “Qadın emansipasiyası? Siz girən kol deyil. Ağlınızın ucundan belə keçməsin!”…”Qoy ilk növbədə biz kişilər emansipasiya əldə edək və azad olaq, ondan sonra siz qadınların emansipasiya söhbətlərinə baxarıq.” 

[…] Biz avtoritarlığa, hökmranlıq anlayışına nifrət edirik, çünki biz insan olmağı seçmişik, sizin kimi “başqasının” iradəsi ilə idarə olunan maşınlar deyilik. İstər o “başqa” adlandırılanlar hakimiyyət olsun, istər din, istərsə də başqa bir kəs olsun. Nə tanrı, nə rəis, nə də ər olsun!”

– „La Voz de la Mujer” anarxofeminist jurnalından bir hissə

Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library

Anarxofeminist

Dünyanın təşkilatlanmış ilk anarxofeminist qrupu XIX əsrin çiçəklənən anarxist hərəkatının bir hissəsi olaraq Argentinada qurulub. Onlar ilk anarxofeminist qəzet olan „La Voz de la Mujer“ jurnalını dərc etməyə başlayıblar. „La Voz de la Mujer“ qadın*lar tərəfindən qadın*lar üçün yazılmış jurnal olub. Bu jurnal Cənubi Amerika işçi hərəkatı içərisində məxsusi olaraq feminist hərkatın müstəqil təmsilçisi rolunu oynayıb. Jurnalın yaranması feminist fikirlərin inqilabçı və fəhlə hərəkatı ilə birləşməsinin sənədləşdirilmiş ilk nümunələrindən biri olaraq tarixə düşüb.

Bu jurnalın ərsəyə gəlməsində rol oynayan feministlər Emma Goldman, Louise Michel və Voltairine de Cleyre yoldaşlarının siyasi fikri və fəaliyyətlərində görüldüyü kimi patriarxata qarşı mübarizəni iqtisadi – sosial siniflərə və iyerarxiyalara qarşı daha geniş bir mübarizənin bir hissəsi kimi təqdim edən işçi sinfi hərəkatı olmaqla „mainstream feminism”, yəni reformist feminizmdən fərqlənirdi. Öz fəaliyyətini mövcud cəmiyyətin devrilməsinə həsr edən „La Voz de la Mujer“ dövrünün yarım əsr davam edən anarxist hərəkatının fəaliyyətdən sonra ərsəyə gəlib. Bu təşkilatlanmış feministlər kommunist-anarxist ənənənin bir parçası olaraq yeni və ədalətli sosial nizamın yaradılmasını özlərinə məqsəd qoyub.

Lezbiyan Feminizmi | Minority Azərbaycan

Başlanğıcını 19-cu əsrdən götürən feminizm hərəkatı zamanla müxtəlif qollara və istiqamətlərə ayrıldı. Onların arasında liberal feminizm, radikal feminizm, anarxo-feminizm, ekofeminizm, sosialist feminizm və s. cərəyanları sadalamaq olar.  Bu istiqamətlərdən biri də lezbiyan feminizmidir.

Bu parlaq, ziddiyətli və radikal hərəkat – 1960-cı illərdə meydana gələn mədəni məfhumdur. Qadın hərəkatının, geylərin hüquqları uğrunda hərəkatın və seksual inqilabın bir-biri ilə yaxınlaşmasından ortaya çıxan hərəkat cəmiyyətdə lezbiyanların vəziyyətini nəzərdən keçirir. O, heteronormativliyi inkar edir. Gender və iqtidar barədə alternativ düşüncə təqdim edir.

Lezbiyan feminizmi xüsusən də Şimali Amerikada və Qərbi Avropada populyarlıq qazanmışdır. Hərəkatın ən əhəmiyyətli mütəfəkkirlərinə Şarlotta Banç, Rita Mey Braun, Adrienn Riç, Merilin Fray, Meri Deyli, Şeyla Ceffris və Monik Vittinq aid edilir.

Hərəkatın yaranmasında bir çox səbəblər rol oynayıb.

1960-cı illərdə gey və lezbiyan icmaları gizli şəkildə mövcud idi. Belə ki, onlar homoseksuallığın psixi pozğunluq və cəmiyyət üçün təhlükə hesab olunduğu dövrlərdə yaşayırdılar.

Cəmiyyətdəki ayrı-seçkiliklərə paralel olaraq, lezbiyanlar o dövrün qadın hərəkatlarında da qəbullanmırdı. Amerikanın Milli Qadın Təşkilatının təsisçisi Betti Fridan deyirdi ki, lezbiyanlar “lavanda təhlükəsidir.” O, hesab edirdi ki, lezbiyanlar feminist hərəkatının nüfuzunu aşağı salır və onları siyasi dəyişikliklərin əldə olunmasında maneə kimi görürdü. Bu cür lezbofobiya feminist hərəkat üçün ironikdir. Çünki nəzərdə tuturdu ki, lezbiyanlar qadın hərəkatından uzaqda qalmalıdır. Burdan belə nəticəyə gəlmək olar ki, lezbiyanlar qadın deyil.

Eyni zamanda lezbiyanlar homoseksualların hüquqlarını müdafiə edən təşkilatlarda da təklənməyə başlamışdı. Onlar hesab edirdi ki, geylər arasında da seksizm cəmiyyətdəkindən az deyil və geylər lezbiyan qadınların problemlərinə biganədir. Həmçinin ağdərili gey kişilər patriarxal cəmiyyətin kişilərə verdiyi üstünlüklərdən müəyyən qədər faydalana bilirlər.

Lezbiyan feministlərin fikrincə, nə qədər ki, qadınlar heteroseksual münasibətlərdən fayda götürürlər və bu münasibətlər sayəsində öz təhlükəsizliklərini təmin etməyə çalışırlar, onlar belə üstünlükləri olmayan lezbiyan bacılarına xainlik etmiş olurlar.  Nəticədə lezbiyan feministlər öz təşkilatlarını yaradaraq utancı qürura çevirdilər və lezbiyanlığın çatışmazlıq olması barədə inanclara meydan oxumağa başladılar. Onlar qadının qadına olan sevgisinə diqqəti çəkir, cəmiyyətdə kişi üstünlüyünü tənqid edirdilər. Lezbiyan feministlər patriarxal cəmiyyəti məhv etməyə çalışırdılar. Qadın hərəkatlarındakı və cəmiyyətdəki lezbofobiyaya qarşı mübarizə aparırdılar. Feminizmin ikinci dalğasında seksizmə qarşı mübarizənin tərkibini təşkil edirdilər. Lezbiyan feminizm bir tərəfdən qadın azadlığı uğrunda daha böyük mübarizənin bir hissəsi idi, digər tərəfdən isə ona tənqidi yanaşırdı.

Bu hərəkat qadınların kişi dominantlığından və heteroseksizmdən azad olması üçün imkan yaratdı. Lezbiyan feminizmi cəmiyyəti iki aspektdən təhlil edirdi:

1)   Heteroseksuallıq sadəcə seksual meylliyin bir forması deyil. O, kişi üstünlüyünü və qadın tabeçiliyini bəsləyən və bir məfhumdur. Ənənəvi gender rolları, mövcud ailə strukturları heteroseksuallığı mütləqiyyətə çevirir və şübhə altına qoymur. Heteroseksual münasibətlərdə qadınlar kişilərlə partnyorluq sayəsində əlavə status və iqtisadi üstünlüklər əldə edirlər. Feminist qruplardan biri olan Radikalezbiyanlar 1970-ci il tarixli “Qadın kimlikli qadın” manifestində deyirdilər ki, qadınlar kişilərə bərabərmiş kimi davrananda, oriyentasiyalarından asılı olmayaraq təhqir məqsədilə lezbiyan adlandırılırlar. Lezbiyan adlanmaq qorxusu qadınların bərabərliyə can atmasında güclü məhdudlaşdırıcı amil idi. Eləcə də qadınlar arasında həmrəyliyin inkişafına əngəl olurdu.  

2)   Onlar bildirirdi ki, heteroseksuallıq, eləcə də yalnız kişi və qadın arasında mümkün olan nikah cəmiyyətdə kişi hakimiyyətini dəstəkləmək üçün mərkəzi mövqe tutur. Odur ki, lezbiyan münasibətlər sosial və iqtisadi cəhətdən ciddi problem yaradırdı. Onlar kişinin üstünlüyü, qadının natamamlığı təsəvvürlərini inkar edirdilər. Qadının iqtisadi, şəxsi, seksual azadlığını nümayiş etdirirdilər. Eyni zamanda da “Butç və Femm” rol oyunlarını da tənqid edirdilər və onu repressiv heteroseksuallığın təqlidi kimi görürdülər.

Lezbiyan feministlər elə bir mühit yaratmışdılar ki, özlərini lezbiyan kimi identifikasiya edənlər qadın hərəkatında özlərinə yer tapa bilsin.

Lezbiyan feministlərin bəziləri hesab edirdi ki, təkcə qadınlardan ibarət icmaların qurulması kişi iqtidarına son verəcək və bu icmalar daha az istismarçı, daha ədalətli və qayğıkeş olacaq. Onlar yalnız qadınlardan ibarət olan kollektivlər, kommunalar yaradırdılar.

Lakin 1970-ci illərin lezbiyan feminizmi bir çox tənqidlərlə üz-üzə qaldı. Tənqidlərdə deyilirdi ki, bu hərəkatın üzvləri ağdərili və orta sinfə aid olmaqla, irqi və sinfi təsəvvürlər yaradırdılar. Butç-fem kimliyindən uzaq durmağa çalışırdılar. Trans qadınları qadın olaraq qəbul etmirdilər. Biseksual arzuları inkar edirdilər.

İrqçiliklə bağlı tənqidlərin fonunda qaradərili lezbiyanların ayrıca hərəkatları formalaşmağa başlayırdı.

Lakin 1970-ci illərdən sonra lezbiyan feministlər QİÇS əleyhinə mübarizədə, eləcə də ailə hüququ və başqa məsələlərlə bağlı geylərlə və digər qadınlarla həmrəylik nümayiş etdirdilər.

Onların fəaliyyətinin zirvə nöqtəsi 1970-1980-ci illərdə qalsa da, lezbiyan feministlər tərəfindən heteroseksuallığın bir sosial institut kimi fundamental təhlili indi də feminist elmin və fəaliyyətin mühüm hissəsidir.

Bu yazı ilk dəfə Minority Azərbaycan jurnalının 10-cu sayında dərc olunmuşdur.

Azərbaycanda ilk Feminist Kitabxana istifadəyə verilib

“Feminist kitabxana müxtəlif insanların kitab və pul ianəsi sayəsində ərsəyə gəlib,” – deyə feminist fəal Gülnara Mehdiyeva sosial media hesabında qeyd edib.

Hazırda kitabxanada feminizm və kuir istiqamətində müxtəlif mövzuları əhatə edən 4 dildə 161 kitab və jurnal var. Kitabları Baku Community Space-dən əldə etmək olar. Kitabları ödənişsiz şəkildə 1 ay müddətinə oxumağa götürmək mümkün olacaq. Hansı kitabın əldə olduğunu, hansının isə oxucu tərəfindən artıq götürüldüyünü bilmək üçün Gülnara Mehdiyeva ilə əlaqə saxlamaq lazım olacaqdır.

“Kitabxana ayrı-ayrı şəxslərin ianələri sayəsində və tam könüllü əsaslarla fəaliyyət göstərdiyi üçün kitabxanadan istifadə qaydaları müəyyən etmişik. Kitabxanaya müvafiq məzmunda kitablar ianə etmək fəzilətli əməllərdən sayılı,” – deyə LGBTİ+ hüquqları aktivisti və feminist fəal Gülnara Mehdiyeva bildirib.

“Feminist Kitabxanadan” istifadə qaydaları

Kitabxananın hər kəs üçün ədalətli və çatımlı şəkildə istifadəsi məqsədilə aşağıdakı qaydaları tərtib edilib:

  • Kitabxanadan istifadə pulsuzdur.
  • Bir nəfər eyni vaxtda yalnız 1 kitab götürə bilər. Növbəti kitabı götürmək üçün əvvəlkini geri vermək lazımdır.
  • Bir kitabın oxunma müddəti bir aydır. Bu müddətdən sonra kitab geri verilir.
  • Kitabxananın daimi büdcəsi yoxdur və kitabların sayı məhduddur. Odur ki, kitablara qayğı ilə yanaşmaq xahiş olunur.
  • Götürdüyünüz kitab zədələndikdə və istifadəyə yararsız vəziyyətə düşdükdə onu yenisi ilə əvəz etməli, bu mümkün olmadıqda isə 10 azn dəyərində cərimə ödənilməlidir.

“Feminist Kitabxana haqqında Gülnaranın paylaşımını görəndə bell hooksun ‘Feminist düşüncəni elit kolleclərdən çıxaran, qapı-qapı dolaşacaq və tarix səhifəsindən kənarda insanlara, xüsusən də qadınlara feminizmin nə haqqında olduğunu, necə və harada qoşula, öyrənə və həyatlarını dəyişdirə biləcəklərini izah edəcək təhsil yoxdur’ sözləri yadıma düşdü, – deyə Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev bildirib. “Son illərdə Azərbaycanda feminizm aktivizmi güclənməkdədir və bu siyasi imperativ Feminist Kitabxananı qadınların təşkilatlanması, feminizmin və qadın* hüquqlarının təbliği və təşviqi, qadın və kuirlərin şəbəkələşməsi və fikirlərini bölüşməsi üçün feminist məkana çevirə bilər,” – o, əlavə edib.

Kitabların siyahısını buradan əldə edə bilərsiz.

Gülnara Mehdiyeva ilə əlaqə saxlamaq üçün Tvitter hesabına yaza bilərsiz.

Feminizm 101

Nəfəs LGBTİ Azərbaycan Alyansı Kuir-Feminist podkastlar seriyasını qürurla təqdim edir! Seriyamızın ilk mövzusu “Feminizm 101” – dir və bu podkastda qonaqlarımız Nigar və Turana ölkəmizdə və dünyadaki feminist hərəkatlarından, feminizmin tarixindən və dalğalarından, “TERF” – lərdən və feminizmin ideoloji təsnifləndirilməsindən danışır!