“İcma liderləri” proqramı | Qızlar Oxusun

Qızlar Oxusun “İcma liderləri” proqramı üçün müraciətlərin qəbulunu açıq elan edib.

Bu proqramın məqsədi regionlardakı icma liderlərinin inkişafına töhfə vermək və təhsil problemləri ilə bağlı öz sosial təşəbbüslərini həyata keçirməklərinə dəstək olmaqdır. Qeyd edək ki, proqram müddətində qızların təhsildən yayınması halları ilə mübarizəyə, onların şəxsi və peşəkar inkişaflarının təmin edilməsinə fokuslanılacaqdır.

3 ay ərzində davam edəcək proqram aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

  • Layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili;
  • İcma liderlərinin təşəbbüslərini həyata keçirməkləri üçün təşkilati və mentorluq dəstəyinin göstərilməsi.

Proqramda hazırda hər hansı rayon və ya kəndlərdə yaşayan 22-35 yaş aralığındakı şəxslər iştirak edə bilər.

Qeydiyyat formasına buradan keçid edin. 

Müraciət üçün son tarix: 28 mart 2023-ci il.

Qızlar Oxusun layihəsi yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəyi barədə məlumat verib.

MİL Şəbəkəsi Gəncləri Feminizm haqqında Maarifləndirmək üçün Feminizm Məktəbi Açır

Azərbaycanda ictimai layihə olan MİL Şəbəkəsi Azərbaycanda və qonşu ölkələrdə feminizm, o cümlədən onun inkişafı, qolları, dalğaları və hərəkatları haqqında gəncləri maarifləndirmək üçün MİL Feminizm Məktəbinə start verib.

Məktəbə MİL Şəbəkəsinin üzvü, hazırda sosial elmlər üzrə magistratura pilləsində təhsil alan və Azərbaycanda feminist hərəkatını araşdıran Fatimə İsmayılova rəhbərlik edəcək.

Proqram Zoom platforması vasitəsilə onlayn keçiriləcək və 18-30 yaş arası iştirakçılar ərizə forması vasitəsilə müraciət edə bilərlər. Son tarix 31 martdır.

Sessiyalar 2023-cü ilin aprel ayında həftə sonları keçiriləcək və iştirak ödənişsizdir.

LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov

Müəllif: Əli Abbasov, psixoloq-konsultant

Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirdiyi “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir.

LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusuna toxunmazdan qabaq, ilkin olaraq ümumiyyətlə, psixoloqun nə edib, etmədiyinə baxmaq faydalı ola bilər. Daha sonrasında isə LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı diqqət yetirilməli məqamlara, bir çox psixoloqun LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatsız olmağına və LGBTQİ+lərin gətirdiyi mövzuların təməl məqamına toxunulacaqdır. 

Psixoloqun nə edib, nə etməyinə baxıldığı zaman, əvvəlcə,  deyə bilərəm ki, psixoloqun fərqində olması gərəkən vacib məqamlardan biri müraciət edən şəxsdən üstün olmadığıdır. Psixoloq psixologiya sahəsi ilə bağlı özünü inkişaf etdirsə belə, müraciətçinin həyatının detallarını ondan daha yaxşı bilmir. Bu səbəblə, psixoloqun müraciətçinin hekayəsini maraqla və iyerarxik bir yanaşma mənimsəmədən dinləməsi lazımdır. 

Digər bir mövzu psixoloqun ağıl verməməsi mövzusudur. Psixoloqun müraciətçini dinlədiyi zaman müraciətçinin həyatını ondan daha yaxşı bilirmişcəsinə “Məncə, ailənlə barışsan, yaxşı olar”, “Fikrimcə, dostlarınla bu barədə danışmamalısan”, “Məncə, sən dostuna mesaj yazsan, məsələ həll olar” tərzində cümlələr qurmamağı lazımdı. Bu zaman psixoloq həm müraciətçini özündən asılı hala sala, həm də bu məsləhətləri ilə çeşidli konfliktlərin yaranmağına səbəb ola bilər.

Toxunmaq istədiyim başqa bir mövzu isə psixoloqun gələcək haqqında proqnoz verməsidir. Yuxarıda bəhs edilən cümlələr bir növ psixoloqun gələcəyi təxmin etməsindən yarandığını deyə bilərəm. Misal olaraq, yuxarıda qeyd olunan cümlələrdən birini genişlədib “Məncə, ailənlə barışsan, yaxşı olar. Əgər ailənlə barışsan, özünü daha rahat hiss edəcəksən” şəklində bir proqnoz cümləsinə çevirmək olar. Bu tərzdə cümlə quran bir psixoloq çox böyük ehtimal müraciətçinin “ailəsi ilə barışsa, narahat olduğu məsələlərin” həll olacağını təxmin edir. Lakin, müraciətçi özü bunun faydalı olacağını düşünmədən bu cümləni eşidəndə onda qıcıq yarana bilər. Ehtimallardan digəri isə bu danışığın psixoloqun proqnoz etdiyi kimi “rahatlama hissi” ilə nəticələnməməsidir. Beləliklə, psixoloqun gələcəkdə nələrin yaşanıb, nələrin yaşanmayacağını deməsi ciddi problemlərə yol aça bilər.

Bu zaman belə bir sual yarana bilər. Bəs psixoloq nə edir? Psixoloqun etdiklərinin detallı bir şəkildə danışılması çox uzun olacağından, bunları qısaca ifadə etməyə çalışacağam. Fundamental olaraq bir psixoloqun müraciət edən şəxsin həyatının fərqli sahələrində fərqindəlik qazanmasında və müxtəlif həll yolları ilə bağlı fikir alış verişində ona dəstək olduğunu deyə bilərəm. Psixoloq bu fərqindəliyə və həll yollarına gedən yolda müraciətçinin ehtiyaclarının, duyğularının, hisslərinin, düşüncələrinin, davranışlarının və s. açıqlanmasında və başa düşülməsində həm ona dəstək olur, həm də onunla bərabər bu kəşfin bir parçası olaraq aktiv rol alır. Bu yolda isə psixoloqun bəzi bacarıqlardan və texnikalardan istifadə etməsi lazımdır. Bu bacarıq və texnikalardan bəziləri aktiv dinləmə, terapevtik bağ qurma, empatiya, üzləştirmə, səmimilik və şəffaflık olaraq qeyd edilə bilər. Beləliklə bir psixoloqun təməl rolunun qarşısındakı müraciətçiyə nəyi necə etməli olduğunu demək yerinə, müxtəlif bacarıqlar və texnikalar vasitəsi ilə müraciətçinin içində olduğu şərtlərdə ehtiyaclarını, istəklərini, maraqlarını və s. kəşf etməsinə və onu narahat edən mövzuları idarə etməsinə dəstək olmaq olduğu deyilə bilər. 

Toxunulması lazım olan digər mövzu LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı psixoloqun diqqət yetirməli olduğu məqamlardır. Bir psixoloqun diqqət etməliəsas məqamlardandan biri, hətta bəlkə də ən əsas məqam etik kodeksdən kənarlaşaraq qarşısındakı fərdə öz dəyərlərini aşılamasıdır. Psixoloqun qarşısındakı müraciətçinin yaşına, etnik kimliyinə, dininə, sosial-iqtisadi vəziyyətinə, gender kimliyinə, seksual oriyentasiyasına və başqa kültürəl və fərdi xüsusiyyətlərinə görə, ona qeyri-obyektiv yanaşmasına yol verilməməlidir. Bu tərz davranışların yalnışlığı Amerika Psixologiya Assosiyasiyasının etik kodeksi kimi fərqli etik kodekslərdə də öz əksini tapır və psixoloqun dəyərlərini qarşı tərəfə aşılamasının etik kodeksə zidd olduğu vurğulanır. Bununla əlaqəli,  psixoloqun qarşısındakı LGBTQİ+ə  onun gətirdiyi mövzuyu dinləmədən “Heç dəyişməyi düşünmüsənmi?” tərzində suallar verməsini ifadə edə bilərəm. Əfsuslar olsun ki, bəzi psixoloqların hələ də bu tərz suallar verdiyi görülür və bu sualların verilməsi həm birbaşa etik qaydaların pozulması, həm psixoloqun öz dəyərlərini qarşı tərəfə aşılaması mənasına gəlir. Bu tərz bir yanaşması olan psixoloqun isə öz qeyri-obyektiv metodologiyası  üzərində işləməsi faydalı olacaqdır.

Digər məqam isə psixoloqun qarşısındakı müraciətçinin gender kimliyinə, seksual oriyentasiyasına və/və ya gender ifadəsinə sırf öz marağı üçün fokuslanmamasıdır. Belə ki, psixoloq, müraciətçinin gətirdiyi mövzuları dinləyərkən, onun gender kimliyinin, seksual oriyentasiyasının və/və ya gender ifadəsinin gətirdiyi mövzularda bir yeri olduğunun fərqində olması lazımdır. Lakin psixoloqun sırf öz marağını aradan qaldırmaq üçün bu barədə suallar verməsi – müraciətçiyə faydası olmadığı halda- və şəxsin gətirdiyi mövzulardan onu yayındırması qarşı tərəf ilə terapevtik bağ qurulmasını zədələyə, şəxsin ehtiyaclarını dilə gətirməsinə mane ola bilər.

Toxunmaq istədiyim başqa bir mövzu psixoloqların LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatının niyə az olduğudur. Bunun əsas səbələrindən birinin formal və qeyri-formal təhsildə bu mövzuya kifayət qədər yer verilməməsi ilə bağlı olduğunu düşünürəm. Müşahidələrimə əsasən, ibtidai təhsildən etibarən bu mövzuda məlumatlara formal və qeyri-formal çatımlılığın olduqca az olmaqla bərabər, çatılan məlumatların da çoxunun elmi resurslardan daha çox hansısa şəxsi fikirləri əhatə etdiyini görmüşəm. Bu zaman isə bu barədə elmi resurslara çata bilməyən bir psixoloq da, əgər şəxsi olaraq araşdırma etmirsə, bu sahədə özünü inkişaf etdirə bilməmiş olur və beləliklə, bir LGBTQİ+  ilə qarşılaşdığı zaman çox vaxt ya necə bir yanaşma mənimsəyəciyini bilmir, ya da əlində olan yanlış əzbər düşüncələri hərəkətə keçirir.

Elə əzbərlənmiş yalnış düşüncələrdən yazarkən, başqa bir məqama da toxunmaq istəyərdim. Bu cümlələri yazmaq məni olduqca məyus etsə də, bu mövzuya toxunmadan növbəti hissəyə keçmək istəmirəm. Belə ki, müşahidələrimə əsasən, deyə bilərəm ki, bəzi psixoloqlar LGBTQİ+lərlə psixoloji konsultasiya sahəsində məlumatlı olduqları halda, sırf daha çox “qəbul görmək” adına cəmiyyətdə kök salmış fobik düşüncələri dəstəkləyən nitqlər səsləndirə bilirlər. Bu tərz yanaşma göstərən psixoloq dediklərinin yalnış olduğunu təxmin etsə belə, bəlkə də sırf daha çox insanın qəbulunu almaq üçün dediyi o yalnışa inanmağı seçir. Bu zaman isə həmin psixoloq nəinki etik qaydaları pozur, eyni zamanda, öz statusundan istifadə edərək yalnış düşüncələri gücləndirmiş, hətta bəlkə də dolaylı olaraq nifrət nitqlərini dəstəkləmiş olur.

Qeyd edəcəyim digər məqam isə müraciət edən şəxslərin seanslara gətirdiyi mövzulardır. Bu mövzuların hər birini vurğulamaq ayrı bir çalışmanın mövzusu olacaq qədər uzun olduğundan, bəzi təməl məqamlara toxunacağam. Belə ki, LGBTQİ+lərin gətirdiyi əsas mövzulardan biri aidiyyat hissi ilə əlaqədardır. Müraciətçinin çevrəsindəki insanların bir çoxu tərəfindən başa düşülməməsi özünü çevrəsinə aid hiss etməməsi ilə nəticələnə bilir. Bu zaman isə müraciətçi izolyasiya, yalnızlıq duyğusu və mənasızlıq ilə qarşı-qarşıya gəlir. Bu məqamda müraciətçinin ehtiyacları əsasında onu gender kimliyinə, seksual oriyentasiyasına və/və ya gender ifadəsinə görə diskriminasiyaya məruz qalmasının doğru olmadığı barədə məlumatlandırmaq, icmalaşmasına dəstək olmaq, sosial çevrəsindəki qoruyucu faktorları hərəkətə keçirmək və gücləndirici çalışmalar etmək faydalı ola biləcək yanaşmalardan bəziləridir. Digər məqam isə yenə çevrə ilə əlaqəli olan ailə münasibətlərdir. Bu zaman isə yuxarıdakı çalışmalara əlavə olaraq, əgər ailəni də prosesə daxil etmək mümkündürsə, ailə ilə əlaqə yaratmaq, ünsiyyət şəkilləri üstündə çalışmaq faydalı ola bilir. Bu məqamlar görüşlərə gətirilən mövzuların bir hissəsini əhatə etsə də, müraciətçilərin ehtiyaclarının və ya gətirdikləri mövzuların bunlarla limitli olmadığını vurğulamaq istərdim.

Son olaraq isə, müraciətçilərin gətirdikləri mövzulara sistematik olaraq yanaşılmasının vacibliyinə toxunmaq istəyirəm. Belə ki,  psixoloji konsultasiya müraciət edən şəxsin həyatındakı mövzuların müəyyən bir hissəsinə toxuna bilir. Bu səbəblə, psixoloji konsultasiya və terapiya ilə paralel olaraq hüquq, sosial iş kimi dəstəklərin də əlçatan olması vacibdir. Bu dəstəklərin hər biri vahid bir şəkildə hərəkətə keçirildiyizaman isə daha əhatəli və güclü bir yol izləmək mümkün ola bilər.

Yuxarıda LGBTQİ+ lərlə psixoloji konsultasiya mövzusunda fərqli məqamlara qısa da olsa, yer verməyə çalışdım. Bu mövzu, əslində, yazılanlardan daha dərindir və yeni araşdırılmalar ilə daha da zənginləşdirilməsi lazımdır. Bu məqalənin LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunun əhəmiyyətini bir qədər işıqlarındırmasını və mövzu ilə bağlı gələcəkdəki daha detallı çalışmalara yol açmağını ümid edirəm.

LGBTİ+lərin vəziyyəti haqqında sorğu | Queerdian

Queerdian təşəbbüsü LGBTİ+ vətəndaşlara qarşı gender kimliyi və seksual oriyentasiyaya görə baş vermiş ayrı-seçkilik, zorakılıq və digər hüquq pozuntularının, həmçinin belə halların araşdırılması haqqında vəziyyəti öyrənmək məqsədi ilə sorğu keçirir.

Sorğunu doldurmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.

Queerdian Azərbaycanda LGBTİ+ vətəndaşların mövcud sosial-siyasi təmsilçiliyi və LGBTİ+ vətəndaşlara qarşı hər cür təzyiqlərə qarşı mübarizə aparmaq və LGBTİ+ vətəndaşlarının bütün əsas hüquq və azadlıqlarının təmin olunduğu təhlükəsiz və qanuni cəhətdən əlverişli mühit üçün çalışır.

Queerdian təşəbbüsünün məqsədi Azərbaycanda LGBTİ+ vətəndaşlarının ehtiyaclarını və hüquqlarını cəmiyyətin dərk etməsi üçün yaxşılaşdırılması, daha yaxşı məlumat resurslarının yaradılması və saxlanılmasına töhfə verməkdir.

Əvəz Hafizlinin qətlindən bir il ötüb | Minority Azərbaycan

22 fevral LGBTQ+ hüquqları aktivisti, jurnalist Əvəz Hafizlinin qətlindən 1 il keçib. Əvəz Hafizli ölkədə LGBTQ+ icmasını təşkilatlandırmaq üçün müstəsna işlər görmüş və hər hansı ayrı-seçkilik olmadan cəmiyyətin bütün kəsimlərinin problemlərini işıqlandırıb.

Əvəz Hafizli 2022-ci ilin yay aylarından etibarən homofob və transfob blogger Sevinc Hüseynovanın hədəfinə tuş gəlib. Blogger Əvəz Hafizlinin, eləcə də bir sıra icma üzvlərinin döyülməsinə və öldürülməsinə çağırış etsə də, heç bir hüquq-mühafizə orqanı tərəfindən hər hansı əks tədbir həyata keçirilməyib.

Əvəz Hafizli dəfələrlə bu məsələyə qarşı etiraz aksiyaları keçirsə və həyatının təhlükədə olduğunu bildirsə də, nə DİN, nə prokurorluq, nə də Dövlət Təhlükəsizlik Xidməti müraciətlərə reaksiya verməyib.

Əvəz Hafizli 22 fevral 2022-ci ildə öz əmisioğlu tərəfindən seksual oriyentasiyası zəminində qətlə yetirilib. Cinayət işinin araşdırılması zamanı işin halları, çoxsaylı bıçaq zərbələri, nifrət zəminində olması nəzərə alınmayıb və qatilə mümkün olan ən aşağı cəza verilib. Onun hüquqi varisi olan qardaşı məhkəmə zamanı qatildən şikayətçi olmadığını bildirib.

Qətlindən aylar sonra Əvəz Hafizlinin dostlarına məlum olub ki, ailəsi onun qəbrini itirmək məqsədilə ona başdaşı qoymaqdan imtina edir. Hafizlinin dostları öz vəsaitləri hesabına baş daşı qoymağa təşəbbüs etsələr də, ailəsi buna mane olub. Onun qəbri hələ də məzar daşından məhrumdur.

Bu gün LGBTQ+ icması, ictimai-siyasi fəallar, jurnalistlər Əvəz Hafizlinin məzarını ziyarət ediblər, onun xatirəsini yad ediblər. Dostları bildirib ki, Əvəzin xatirəsinin unudulmaması üçün əllərindən gələni edəcəklər. 

Əvəz Hafizli

Azərbaycanda Gənclərin Digər Ölkələrə Münasibəti | AGORA

BAKI, 9 Fevral 2023, AGORA: Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsidir. Sorğu çərçivəsində respondentlərin, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı düşüncələri öyrənilib.

Sorğu 20 noyabr – 27 dekabr 2022-ci il tarixlərində hibrid metodlarla həyata keçirilib. Respodentlərin bir hissəsi sualları üzbəüz müsahibələrlə cavablandırıb. Eyni zamanda, könüllülər sorğuda istifadə edilən sorğunun suallarından ibarət linki öz icmaları vasitəsilə yayıb (əsasən, sosial şəbəkələrdə müxtəlif mövzulu yerli qruplarda). Diqqət yetirilib ki, respondentlər gənc əhalinin sadəcə müəyyən seqmentləri ilə məhdudlaşmasın.

İctimai rəy sorğusunda iştirak edən respodentlərin 56 faizi Abşeron yarımadasında, 44 faizi isə ölkənin digər bölgələrində yaşayan şəxslərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub.

Sorğunun nəticələrinə bu link və ya aşağıdakı təsvir vasitəsilə keçid edə bilərsiniz.

Agora – Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Kuirlərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasının növbəti episodunu təqdim edir. 

Bu dəfəki episodumuzun mövzusu “Kuirlərlə psixoloji konsultasiya işinin təşkili” və qonağımız isə psixoloq konsultant Əli Abbasovdur.

Epizodda psixoloji dəstəyin təşkili zamanı psixoloqun məqsəd və vəzifələr, başqa sözlə psixoloq nə edir və nə etmir və ya etməməlidir; psixoloqun peşəkar inkişafı və kuir kimliklərlə işləyən psixoloqların diqqət etməli olduğu məqamlar; LGBTİ+lərin Azərbaycanda peşəkar psixoloji dəstəyə çatımlılığı, kuir-həssas psixoloqların çatışmazlığı; o cümlədən, Əli Abbasovun iş təcrübəsində kuirlərin konsultasiya almaq üçün müraciət etmə səbəbləri kimi məsələlərdən söhbət edilir.

Podkasta SoundCloud və ya Spotify platforması üzərindən qulaq asa bilərsiz.

2022-2023 Mental Sağlamlıq podkastlar seriyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirilən “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir. 

İstanbul Konvensiyası | Avropa Şurası

Bu informativ broşur Avropa Şurası və Avropa Birliyi tərəfindən maliyyələşən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartları haqqında məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanıb.

Kiçik Qrant Müsabiqəsi | Göy Qurşağı Vəkillik Proqramı

Yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən, onların ictimai iştirakçılığını dəstəkləmək məqsədi ilə Nəfəs LGBTİ Azərbaycan Alyansı “Göy Qurşağı Vəkilliyi” proqram çərçivəsində kiçik qrant müsabiqəsi elan edib.  

Kiçik qrant müsabiqəsi daxilində təkliflər;

  • LGBTİ+ icmasının qarşılaşdığı sosial və sistematik çətinliklərlə bağlı ümumi məlumatlılığı artırmaq, bu istiqamətəndə fərqindəlik yaratmağı hədəfləməlidir.
  • İcra müddəti Mart, Aprel və May aylarını əhatə etməlidir.
  • Ümumi büdcəi 800 AZN-dən artıq olmamalıdır.  

Müsabiqədə iştirak icmadan olan hərkəsə açıqdır. Növbəti mərhələdə seçilmiş 2 layihə təklifinin həyata keçirilməsi üçün qaliblərə proqram tərəfindən maddi, texniki və mentor dəstəyi ediləcək. 

Layihə təkliflərinin 28 Fevral 2023, Bakı vaxtı ilə 15:00-dan gec olmayaraq nafaslgbtiazerbaijan@proton.me ünvanına göndərilməsi xahiş olunur.

Layihə təklifi formasını buradan yükləyə bilərsiz. 

kiçik qrant

“Göyqurşağı Vəkilliyi” proqramının əsas məqsədi yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən onların ictimai iştirakçılığını dəstəkləməkdir. Proqramı uğurla bitirən məzunlar Sertifikatla qiymətləndirilmək ilə yanaşı, Nəfəsin Məzunlar Proqramına üzv olacaq. Proqram haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiz.

Proqram çərçivəsində Yanvar və Fevral aylarında müraciət prosesini izah edən və mövzu ətrafında icmanın praktik bilik və bacarıqlarını artırmaq məqsədi ilə 3 informativ sessiya təşkil ediləcək.

Layihə təklifləri göndərməyi planlaşdıranların həmin sessiyalarda iştirakı etmələri arzuolunandır. 

Sessiyaların tarixi barədə məlumatlı olmaq üçün Nəfəs LGBTİ Azərbaycan Alyansının teleqram kanalını izləməyi unutmayın.

“Göy Qurşağı” klipi | Fərqanə Abdulla

22 yanvar Azərbaycanda seksual oriyentasiya, gender kimliyi və gender özünüifadəsi əsaslı ayrı-seçkilik, nifrət çağırışları və cinayətləriylə mübarizə günüdür. İsa Şahmarlının əziz xatirəsinə və apardığı mübarizəyə ithafən Nəfəs LGBTİ Azərbaycan Alyansı və AZAD LGBTİ Kollektivinin başlatdığı ənənənin əsası 2015-ci ildə qoyulub. 

Vəfatının 9-cu il dönümündə İsa Şahmarlını və Azərbaycanın LGBTİ+ icması üçün apardığı mübarizəni ehtiramla yad edir, Nəfəs LGBTİ və dostları olaraq İsa Şahmarlı, Əvəz Hafizli, Aysun Məmmədova və onların timsalında sosial və siyasi ədalətsizliyin, nifrətin qurbanı olmuş hər kəsin əziz xatirəsinə həsr olunmuş “Göy Qurşağı” klipini təqdim etməkdən qürur duyuruq.

Sözləri və musiqisi Fargana Abdullaya məxsus “Göy Qurşağı” Klipinin onlayn primyerası 22 yanvar, saat 21:00-də baş tutacaq.

Göy Qurşağı üzərinizdən əksik olmasın!

Göy Qurşağı – Fərqanə Abdulla