Son illər ərzində kuir fəalların və kollektivlərin, müxtəlif vətəndaş cəmiyyəti qruplarının, jurnalistlərin cəsarətli və yorulmaz işləri sayəsində Azərbaycanda LGBTİ+ insan hüquqlarının vəziyyəti yerli və beynəlxalq səviyyədə əhəmiyyətli fərqindəlik qazanmışdır.
Lakin, ölkədəki LGBTİ+ aktivizmindəki artmaqda olan bu fərqindəlik aktivizm marağında olan LGBTİ+lərin bilik, bacarıq və adekvat resurslara çıxışının arzuolunan dərəcədə əl çatımlı olmaması səbəbindən hələ də natamam olaraq qalır.
Bu istiqamətdə mövcud boşluqların doldurulmasına töhfə vermək üçün Nəfəs LGBTİ Azərbaycan Alyansı 2022-ci ildə Göyqurşağı Müvəkilliyi Akademiyasını təssis edib.
Program icma ilə iş təcrübəmiz, o cümlədən, bənzər proqramların araşdırılması və ekspertlərlə məsləhətlər əsasında tərtib edilib.
Göyqurşağı Vəkilliyi Akademiyası
3 əsas mərhələdən ibarətdir:
Seçilmiş iştirakçılar 2 günlük intensiv layihə yazılışı və idarə olunması mövzusunda təlimdə iştirak edirlər.
Növbəti mərhələdə Akademiya iştirakçılarıdan 2 günlük intensiv təlim zamanı əldə etdikləri bacarıqları tətbiq edərək qısaca LOTS adlandırdığımız təşəbbüs təklifləri hazırlamaları stəniləcək. Bu müddətdə isə onlara konsultasiya sessiyaları ilə dəstək olunacaq. Konsultasiyalar təkcə Akademiyanın son mərhələsində həyata keçirtmək istədikləri xəyali təşəbbüs təkliflərini təkmilləşdirmək üçün deyil, həm də onların layihə yazılışı və planlaması mövzusunda bilik və bacarıqlarını dərinləşdirmək fürsəti yaradacaq.
Sonuncu mərhələdə isə əldə etdikləri bilik və bacarıqları tətbiq edərək həqiqi təcrübə qazanmaq istəyində olan Akademiya iştirakçıları könüllü müsabiqədə iştirak etməyə dəvət olunacaq. Müsabiqəyə göndərilmiş təkliflər arasından ən uğurluları seçilərək, təşəbbüskarların Nəfəsin könüllü mentorluq dəstəyindən yararlanmaq fürsətləri olacaq.
❗Göyqurşağı Müvəkilliyi Akademiyası yarandığı gündən bəri 2022-2023 və 2023-2024-cü illəri əhatə edən 2 dövrü uğurla başa vuraraq 4 LOTS layihəsini dəstəkləyib.❗
Lahiyə iş mühitində və ya əmək bazarına daxil olduqda baş verən ayrı-seçkilik məsələlərinə toxunur.
Layihənin əsas məqsədi Bakıda yaşayan 20-ə yaxın kuiri əmək hüquqları mövzusunda maarifləndirmək, onlara iş mühitində öz haqlarını daha yaxşı müdafiə edə bilmələri üçün yön vermək və beləcə iş yerlərində şiddət və sui-istifadə hallarını azaltmağa kömək etməkdir.
Layihə çərçivəsində 2023-cü ilin aprel ayında 1 günlük vörkşop təşkil edildi. Mütəxəssis hüquqşünas tərəfindən aparılan təlimdə 25 iştirakçı ümumi əmək hüquqları, xüsusilə də iş mühitində qeyri-diskriminativ yanaşma və bərabərhüquqluluq ilə bağlı yerli hüquq məcəllələri, eləcə də bərabərlik, birbaşa və dolayı yolla baş verən ayrı-seçkilik anlayışları ilə tanış oldular və bu kimi hüquq pozuntuları yarandıqda ata biləcəkləri hüquqi addımlar barəsində məlumatlandırıldılar.
Vörkşopdan anları əks etdirən Instagram postunu izləmək üçün BURAYA keçid edin.
QıyVaar! Kuir Platformasının təşəbbüsü ilə həyata keçirilən layihə görünən aktivizmin yaratdığı çətinliklər barəsində ümumi məlumatlılığın və agahlığın yaradılmasını hədəfləyir.
Layihə hekayə yolu ilə LGBTİ+ların və aktivistlərin polis məntəqələrində yaşadıqları çətin məqamları sənədləşdirməyi əhatə edib.
Layihə çərçivəsində əsas problemlərdən diqqət yayındırmaq məqsədilə kuir icmanın hədəf göstərildiyi 8 mart və 14 may (2022) etirazlarında iştirak edən aktivist və icmadaşların yaşanmış hekayələri əsasında sənədli film hazırlanaraq onlayn və oflayn şəkildə ictimaiyyətə təqdim edildi.
“Dövlətlə üz-üzə: polis bölmələri və LGBTQ+lar” qısametrajlı sənədli filmi ikisi aktivist olmaqla 4 kuirin öz hekayələrini paylaşa bilmələri üçün platformaya çevrildi. Filmin təqdimatı #IDAHOBIT2023Bakı həftəsi çərçivəsində may ayının 17-də keçirilən icma yığıncağında baş tutdu və film nümayişindən sonra mövzu ilə bağlı panel müzakirə təşkil edildi.
Eyni gündə filmin “Qıy Vaar!” youtube səhifəsi üzərindən onlayn təqdimatı da baş tutdu.
Premyera və panel müzakirədən anları əks etdirən Instagram postunu izləmək üçün BURAYA keçid edin.
Sənədli filmi YouTube üzərindən izləmək üçün BURAYA keçid edin.
Layihə Bakı və ətrafında işsizlik və aşağı gəlir səbəbilə peşəkar psixoloji dəstək ala bilməyən 20 kuirə alternativ mental dəstəyin göstərilməsini əhatə edir.
Terapiya üsulu olaraq isə su üzərində rəsm çəkməyə əsaslanan ənənəvi türk texnikası olan Ebru sənətinə müraciət edilib.
Layihədə 8 nəfər ilk qrupda, 6 nəfər ikinci qrupda olmaqla ümumilikdə 14 kuir iştirak edib.
Sessiya günlərinin qısaca icmalı:
Sessiyaların icmalı və iştirakçıların fikirləri əsasında hazırlanmış videonu izləmək üçün BURAYA keçid edin.
Sessiyaların sonunda LOTS layihə komandasının əlində benefisiarlar tərəfindən toplanmış onlarla Ebru sənət nümunəsi qaldı. Bu isə özlüyündə başqa bir fəaliyyətə təkan verdi və hazırlanan əsərlər #IDAHOBIT2024Baku həftəsi çərçivəsində may ayının 17-i, 18-i və 19-u təşkil edilən Ebru Sərgilərində nümayiş etdirildi.
Sərgidən əlavə tədbir proqramı başqa fəaliyyət növləri ilə də zəngin idi.
Tədbirin ilk günündə LOTS layihə meneceri Ömər Məmmədin eksklüziv performansı tamaşıçılara nümayiş etdirildi. “Azərbaycanda kuir tle” başlıqlı performans Ebru sənəti vasitəsilə Azərbaycanda yaşayan kuirlərin doğulandan başlayan və hələ də davam edən mübarizələrini əks etdirirdi. Ömər öz performansı ilə Azərbaycanda kuir olmağın çətinliklərindən danışarkən eyni zamanda irəli addımlaya bilmək üçün kollektiv gücün önəmini də vurğulayır.
Tədbirin ilk günü ilə bağlı video çarxımızı izləmək üçün BURAYA keçid edin.
Çoxsaylı istəkləri nəzərə alaraq tədbirin ikinci günü də “Azərbaycanda kuir tale” performansı ilə başladı və ardınca isə çoxlarının səbirsizliklə gözlədiyi “Hər şey yaxşı olacaq” başlıqlı şeir səsləndirildi.
Belə ki, #IDAHOBIT2024Baku həftəsinə hazırlıq ərəfəsində icma üzvlərini sosial media vasitəsilə bizə öz şeir misra və bəndlərini anonim olaraq göndərməyə dəvət etmişdik.
#IDAHOBIT2024Baku komandası anonim göndərilən bu misraları həftənin şüarı olan “Hər şey yaxşı olacaq” başlığı altında toplayaraq bir az siyasi, bir az qeybətcil, bir az romantik və bir az da seksual bir şeir hazırladı.
İkinci gün ilə bağlı video çarxımızı izləmək üçün BURAYA keçid edin.
Tədbirin üçüncü günü isə “Özünə qulluq müqavimətdir!” adlı paneldə icmamızla görüşdük. Bu görüşdə biz həm Azərbaycanda LGBTİ+ icması daxilində mental rifahın vacibliyini vurğulamaq, bu istiqamətdə fərqdindəlik yaratmaq, həm də sosial-iqtisadi problemlərin kəsişməsi fonunda yaranmış çətinliklərin fərdi və kollektiv rifaha təsirini, o cümlədən LGBTİ+ icmasının kollektiv rifahının və dayanıqlılığının gücləndirilməsi istiqamətində atıla bilinəcək addımlar və müvafiq ehtiyacları araşdırmağa çalışdıq.
Üçüncü gün ilə bağlı video çarxımızı izləmək üçün BURAYA keçid edin.
Şəhərimizdə sahibsiz heyvanlar bir çox problemlərlə üzləşirlər. Heyvansevər şəxslər və qruplar onları sığınacaq, yemək və tibbi yardım dəstəyi təmin etmək üçün yorulmadan çalışsalar da, bütün bunlar çox məhdud resurslarla edilir. Paylaşmaq qayğıkeşlikdir deyib benefisiarlarının da razılığı ilə onların yaratdıqları Ebru əsərləri sərgi günlərində simvolik bir qiymət olaraq 5 AZN-ə satışa çıxarıldı.
Ümumilikdə 250 AZN toplanmış ianə sonrakı günlərdə “Veqan kollektiv” təşəbbüsünün dəstəyi ilə Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların qida və sağlamlıq ehtiyaclarının qarşılanmasına xərcləndi.
İanənin bir hissəsi dövlət dəstəkli Toplan “Qayğı” Mərkəzi tərəfindən balaları aparıldığından döş şişliyi problemi yaşayan iki ana itin əməliyyatlarına sərf edildi. Vəsaitin digər bir hissəsi Bakıda öz həyətində təxminən 18 pişiyə qucaq açmış bir qadına dəstək məqsədilə 1 aylıq pişik yemi almaq üçün ayrıldı. Toplanan vəsaitin geri qalanı isə Bakı və Abşeronda, eləcə də Qobustanda küçə heyvanlarına, xüsusilə də itlərə yem aparmağa xərcləndi.
Bu addım bizim LGBTİ+ icması daxilində və icmadan kənarda empatiya, həmrəylik və sosial məsuliyyət duyğusunu inkişaf etdirmək məqsədimizin bir göstəricisi idi.
Bu təşəbbüsdən yararlanan dördayaqlı dostlarımızla tanışm olmaq üçün BURAYA keçid edin.
Təşəbbüs, LGBTI+ icması üçün təhlükəsiz məkanların mövcudluğu ilə bağlı artan narahatlıqlar fonunda həyata keçirilib.
Xüsusilə şəhərsalma və gender baxış bucağından təşəbbüs, Azərbaycanda LGBTI+ların ictimai məkanlarda qarşılaşdığı çətinliklər barədə məlumatlılığı artırmağı və daha təhlükəsiz, inklüziv ictimai məkanlar üçün siyasətləri təşviq etməyi hədəfləyib.
Təşəbbüsün ilk mərhələsində 4 yerli kuir sənətçi Azərbaycanda şəhər məkanlarının LGBTI+ların həyatına təsirini, gender və təhlükəsiz məkanların kəsişməsini şəhərsalma baxış bucağından araşdırıblar.
Araşdırmanın bir hissəsi olaraq sonradan şəhər infrastrukturunun marginal qruplara necə təsir etdiyini izah edən 6 infoqrafika hazırlanıb. Sadə nümunələrdən başlayaraq daha mürəkkəb mövzulara doğru, bu infoqrafiklər ictimai nəqliyyat, ictimai tualetlər, şəhər həyatı ilə bağlı narahatlıq, sinfi fərqlər və sisgender kişilərə yönəlik şəhərsalmanın qadın və LGBTI+ların ictimai məkanlara çıxışını necə formalaşdırdığını göstərir.
İnfoqrafikalara baxmaq üçün BURAYA keçid edin.
Sənətçilərə həmçinin araşdırmalarının nəticələrini yaradıcı ifadə formaları ilə birləşdirmək fürsəti yaradılıb. “Təhlükəli Məkanlar” adlandırılan işlər çərçivəsində sənətçilər Bakı Pride 2024 Həftəsi çərçivəsində baş tutan foto sərgi üçün 14 instalyasiya hazırlayıblar.
Sərgidən anları əks etdirən videoya baxmaq üçün BURAYA keçid edin.
Bu təşəbbüs, Azərbaycanda şəhərsalma, gender və kuir məsələlərinin kəsişməsini ilk dəfə araşdırıldığı bir fəaliyyət olub. Araşdırma və incəsənəti birləşdirərək, təşəbbüs həm akademik, həm də bədii diskursda kuir məsələlərinə dair mövcud kritik boşluğun doldurulmasına töhfə verib.
Əgər sən də icmamızın güclənməsinə töhfə vermək və dəyişiklik yaratmaq istəyən 6 nəfərdən biri olmaq istəyirsənsə, bu fürsət o fürsətdir!