LGBTQİ+lərlə Psixoloji Konsultasiya İşinin Təşkili | Əli Abbasov
LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusuna toxunmazdan qabaq, ilkin olaraq ümumiyyətlə, psixoloqun nə edib, etmədiyinə baxmaq faydalı ola bilər. Daha sonrasında isə LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı diqqət yetirilməli məqamlara, bir çox psixoloqun LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatsız olmağına və LGBTQİ+lərin gətirdiyi mövzuların təməl məqamına toxunulacaqdır.
Psixoloqun nə edib, nə etməyinə baxıldığı zaman, əvvəlcə, deyə bilərəm ki, psixoloqun fərqində olması gərəkən vacib məqamlardan biri müraciət edən şəxsdən üstün olmadığıdır. Psixoloq psixologiya sahəsi ilə bağlı özünü inkişaf etdirsə belə, müraciətçinin həyatının detallarını ondan daha yaxşı bilmir. Bu səbəblə, psixoloqun müraciətçinin hekayəsini maraqla və iyerarxik bir yanaşma mənimsəmədən dinləməsi lazımdır.
Digər bir mövzu psixoloqun ağıl verməməsi mövzusudur. Psixoloqun müraciətçini dinlədiyi zaman müraciətçinin həyatını ondan daha yaxşı bilirmişcəsinə “Məncə, ailənlə barışsan, yaxşı olar”, “Fikrimcə, dostlarınla bu barədə danışmamalısan”, “Məncə, sən dostuna mesaj yazsan, məsələ həll olar” tərzində cümlələr qurmamağı lazımdı. Bu zaman psixoloq həm müraciətçini özündən asılı hala sala, həm də bu məsləhətləri ilə çeşidli konfliktlərin yaranmağına səbəb ola bilər.
Toxunmaq istədiyim başqa bir mövzu isə psixoloqun gələcək haqqında proqnoz verməsidir. Yuxarıda bəhs edilən cümlələr bir növ psixoloqun gələcəyi təxmin etməsindən yarandığını deyə bilərəm. Misal olaraq, yuxarıda qeyd olunan cümlələrdən birini genişlədib “Məncə, ailənlə barışsan, yaxşı olar. Əgər ailənlə barışsan, özünü daha rahat hiss edəcəksən” şəklində bir proqnoz cümləsinə çevirmək olar. Bu tərzdə cümlə quran bir psixoloq çox böyük ehtimal müraciətçinin “ailəsi ilə barışsa, narahat olduğu məsələlərin” həll olacağını təxmin edir. Lakin, müraciətçi özü bunun faydalı olacağını düşünmədən bu cümləni eşidəndə onda qıcıq yarana bilər. Ehtimallardan digəri isə bu danışığın psixoloqun proqnoz etdiyi kimi “rahatlama hissi” ilə nəticələnməməsidir. Beləliklə, psixoloqun gələcəkdə nələrin yaşanıb, nələrin yaşanmayacağını deməsi ciddi problemlərə yol aça bilər.
Bu zaman belə bir sual yarana bilər. Bəs psixoloq nə edir? Psixoloqun etdiklərinin detallı bir şəkildə danışılması çox uzun olacağından, bunları qısaca ifadə etməyə çalışacağam. Fundamental olaraq bir psixoloqun müraciət edən şəxsin həyatının fərqli sahələrində fərqindəlik qazanmasında və müxtəlif həll yolları ilə bağlı fikir alış verişində ona dəstək olduğunu deyə bilərəm. Psixoloq bu fərqindəliyə və həll yollarına gedən yolda müraciətçinin ehtiyaclarının, duyğularının, hisslərinin, düşüncələrinin, davranışlarının və s. açıqlanmasında və başa düşülməsində həm ona dəstək olur, həm də onunla bərabər bu kəşfin bir parçası olaraq aktiv rol alır. Bu yolda isə psixoloqun bəzi bacarıqlardan və texnikalardan istifadə etməsi lazımdır. Bu bacarıq və texnikalardan bəziləri aktiv dinləmə, terapevtik bağ qurma, empatiya, üzləştirmə, səmimilik və şəffaflık olaraq qeyd edilə bilər. Beləliklə bir psixoloqun təməl rolunun qarşısındakı müraciətçiyə nəyi necə etməli olduğunu demək yerinə, müxtəlif bacarıqlar və texnikalar vasitəsi ilə müraciətçinin içində olduğu şərtlərdə ehtiyaclarını, istəklərini, maraqlarını və s. kəşf etməsinə və onu narahat edən mövzuları idarə etməsinə dəstək olmaq olduğu deyilə bilər.
Toxunulması lazım olan digər mövzu LGBTQİ+lərlə psixoloji konsultasiya zamanı psixoloqun diqqət yetirməli olduğu məqamlardır. Bir psixoloqun diqqət etməliəsas məqamlardandan biri, hətta bəlkə də ən əsas məqam etik kodeksdən kənarlaşaraq qarşısındakı fərdə öz dəyərlərini aşılamasıdır. Psixoloqun qarşısındakı müraciətçinin yaşına, etnik kimliyinə, dininə, sosial-iqtisadi vəziyyətinə, gender kimliyinə, seksual oriyentasiyasına və başqa kültürəl və fərdi xüsusiyyətlərinə görə, ona qeyri-obyektiv yanaşmasına yol verilməməlidir. Bu tərz davranışların yalnışlığı Amerika Psixologiya Assosiyasiyasının etik kodeksi kimi fərqli etik kodekslərdə də öz əksini tapır və psixoloqun dəyərlərini qarşı tərəfə aşılamasının etik kodeksə zidd olduğu vurğulanır. Bununla əlaqəli, psixoloqun qarşısındakı LGBTQİ+ə onun gətirdiyi mövzuyu dinləmədən “Heç dəyişməyi düşünmüsənmi?” tərzində suallar verməsini ifadə edə bilərəm. Əfsuslar olsun ki, bəzi psixoloqların hələ də bu tərz suallar verdiyi görülür və bu sualların verilməsi həm birbaşa etik qaydaların pozulması, həm psixoloqun öz dəyərlərini qarşı tərəfə aşılaması mənasına gəlir. Bu tərz bir yanaşması olan psixoloqun isə öz qeyri-obyektiv metodologiyası üzərində işləməsi faydalı olacaqdır.
Digər məqam isə psixoloqun qarşısındakı müraciətçinin gender kimliyinə, seksual oriyentasiyasına və/və ya gender ifadəsinə sırf öz marağı üçün fokuslanmamasıdır. Belə ki, psixoloq, müraciətçinin gətirdiyi mövzuları dinləyərkən, onun gender kimliyinin, seksual oriyentasiyasının və/və ya gender ifadəsinin gətirdiyi mövzularda bir yeri olduğunun fərqində olması lazımdır. Lakin psixoloqun sırf öz marağını aradan qaldırmaq üçün bu barədə suallar verməsi – müraciətçiyə faydası olmadığı halda- və şəxsin gətirdiyi mövzulardan onu yayındırması qarşı tərəf ilə terapevtik bağ qurulmasını zədələyə, şəxsin ehtiyaclarını dilə gətirməsinə mane ola bilər.
Toxunmaq istədiyim başqa bir mövzu psixoloqların LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunda məlumatının niyə az olduğudur. Bunun əsas səbələrindən birinin formal və qeyri-formal təhsildə bu mövzuya kifayət qədər yer verilməməsi ilə bağlı olduğunu düşünürəm. Müşahidələrimə əsasən, ibtidai təhsildən etibarən bu mövzuda məlumatlara formal və qeyri-formal çatımlılığın olduqca az olmaqla bərabər, çatılan məlumatların da çoxunun elmi resurslardan daha çox hansısa şəxsi fikirləri əhatə etdiyini görmüşəm. Bu zaman isə bu barədə elmi resurslara çata bilməyən bir psixoloq da, əgər şəxsi olaraq araşdırma etmirsə, bu sahədə özünü inkişaf etdirə bilməmiş olur və beləliklə, bir LGBTQİ+ ilə qarşılaşdığı zaman çox vaxt ya necə bir yanaşma mənimsəyəciyini bilmir, ya da əlində olan yanlış əzbər düşüncələri hərəkətə keçirir.
Elə əzbərlənmiş yalnış düşüncələrdən yazarkən, başqa bir məqama da toxunmaq istəyərdim. Bu cümlələri yazmaq məni olduqca məyus etsə də, bu mövzuya toxunmadan növbəti hissəyə keçmək istəmirəm. Belə ki, müşahidələrimə əsasən, deyə bilərəm ki, bəzi psixoloqlar LGBTQİ+lərlə psixoloji konsultasiya sahəsində məlumatlı olduqları halda, sırf daha çox “qəbul görmək” adına cəmiyyətdə kök salmış fobik düşüncələri dəstəkləyən nitqlər səsləndirə bilirlər. Bu tərz yanaşma göstərən psixoloq dediklərinin yalnış olduğunu təxmin etsə belə, bəlkə də sırf daha çox insanın qəbulunu almaq üçün dediyi o yalnışa inanmağı seçir. Bu zaman isə həmin psixoloq nəinki etik qaydaları pozur, eyni zamanda, öz statusundan istifadə edərək yalnış düşüncələri gücləndirmiş, hətta bəlkə də dolaylı olaraq nifrət nitqlərini dəstəkləmiş olur.
Qeyd edəcəyim digər məqam isə müraciət edən şəxslərin seanslara gətirdiyi mövzulardır. Bu mövzuların hər birini vurğulamaq ayrı bir çalışmanın mövzusu olacaq qədər uzun olduğundan, bəzi təməl məqamlara toxunacağam. Belə ki, LGBTQİ+lərin gətirdiyi əsas mövzulardan biri aidiyyat hissi ilə əlaqədardır. Müraciətçinin çevrəsindəki insanların bir çoxu tərəfindən başa düşülməməsi özünü çevrəsinə aid hiss etməməsi ilə nəticələnə bilir. Bu zaman isə müraciətçi izolyasiya, yalnızlıq duyğusu və mənasızlıq ilə qarşı-qarşıya gəlir. Bu məqamda müraciətçinin ehtiyacları əsasında onu gender kimliyinə, seksual oriyentasiyasına və/və ya gender ifadəsinə görə diskriminasiyaya məruz qalmasının doğru olmadığı barədə məlumatlandırmaq, icmalaşmasına dəstək olmaq, sosial çevrəsindəki qoruyucu faktorları hərəkətə keçirmək və gücləndirici çalışmalar etmək faydalı ola biləcək yanaşmalardan bəziləridir. Digər məqam isə yenə çevrə ilə əlaqəli olan ailə münasibətlərdir. Bu zaman isə yuxarıdakı çalışmalara əlavə olaraq, əgər ailəni də prosesə daxil etmək mümkündürsə, ailə ilə əlaqə yaratmaq, ünsiyyət şəkilləri üstündə çalışmaq faydalı ola bilir. Bu məqamlar görüşlərə gətirilən mövzuların bir hissəsini əhatə etsə də, müraciətçilərin ehtiyaclarının və ya gətirdikləri mövzuların bunlarla limitli olmadığını vurğulamaq istərdim.
Son olaraq isə, müraciətçilərin gətirdikləri mövzulara sistematik olaraq yanaşılmasının vacibliyinə toxunmaq istəyirəm. Belə ki, psixoloji konsultasiya müraciət edən şəxsin həyatındakı mövzuların müəyyən bir hissəsinə toxuna bilir. Bu səbəblə, psixoloji konsultasiya və terapiya ilə paralel olaraq hüquq, sosial iş kimi dəstəklərin də əlçatan olması vacibdir. Bu dəstəklərin hər biri vahid bir şəkildə hərəkətə keçirildiyizaman isə daha əhatəli və güclü bir yol izləmək mümkün ola bilər.
Yuxarıda LGBTQİ+ lərlə psixoloji konsultasiya mövzusunda fərqli məqamlara qısa da olsa, yer verməyə çalışdım. Bu mövzu, əslində, yazılanlardan daha dərindir və yeni araşdırılmalar ilə daha da zənginləşdirilməsi lazımdır. Bu məqalənin LGBTQİ+lərlə psixoloji konsultasiya mövzusunun əhəmiyyətini bir qədər işıqlarındırmasını və mövzu ilə bağlı gələcəkdəki daha detallı çalışmalara yol açmağını ümid edirəm.
Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirdiyi “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir. Müəllif: Əli Abbasov, psixoloq-konsultant