LGBTİ+ hüquq müdafiəçiləri trans icmasının həbsinə etiraz ediblər
Dünən, mayın 23-də LGBTİ+ fəalları transların saxlanılmasına etiraz etmək üçün toplaşıblar.
Mayın 22-də sosial şəbəkələrdə Bakının Xətai rayonunda polislə üç trans qadının qarşıdurmasını əks etdirən videolar yayılıb.
Görüntülərdə transların polislə mübahisədən sonra saxlanılması əks olunub. Trans fəallardan birinin Meydan TV-yə verdiyi açıqlamaya görə, mayın 22-də baş verən insident polisin trans qadınların şərəf və ləyaqətinə hörmətsizlik və alçaldılması ilə bağlı olub.
Saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə LGBTİ+ hüquqlarını müdafiə edən fəallar 37-ci Polis Bölməsinin qarşısına toplaşıblar. Onların arasında Nəfəs LGBTİ Azərbaycan Alyansının fəalları Əli Məlikov, Cavid Nəbiyev və bir neçə nəfər də olub. Onlar da sonradan polis tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyi (DİN) Meydan TV-yə verilən məlumata görə, faktla bağlı araşdırma aparıldığını təsdiqləyib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai rayonu 37-ci Polis Bölməsinin qarşısında saxlanılan Cavid Nəbiyev və Əli Məlikov hazırda 36-cı Polis Bölməsində saxlanılır.
Polis bölməsi onların həbsinin konkret səbəblərini açıqlamayıb.