La Voz de la Mujer | Argentina
Anarxofeminist jurnal “La Voz de la Mujer” 1890-cı illərdə Argentinada çap edilən ilk qadın anarxistlərin jurnalı olub.
„Fikirimizcə, bugünkü cəmiyyətdə heç bir şey və heç kim bədbəxt qadınlardan daha dəhşətli vəziyyətdə deyil […] Bu qədər göz yaşı və bu qədər səfalət içində olmağımızdan artıq bezmişik; uşaqların sonsuz əziyyətindən cana doymuşuq; yalvarışdan və dilənçilikdən boğaza yığılmışıq; biz bədnam istismarçılarımıza və ya iyrənc ərlərimizə oyuncaq olmaqdan usanmış halda cəmiyyət konsertində səslərimizi ucaltmağa, həyat ziyafətində sevincimizi tələb etməyə qərar verdik […]
Biz, „ləyaqətsiz“ və „cahil“ adlandırdığınız qadınlar, təşəbbüs irəli sürüb “La Voz de la Mujer“ jurnalını nəşr etdiyimiz zaman təşəbbüsümüzə siz bədbin avaraların köhnə mexanistik fəlsəfənizlə necə cavab verəcəyinizi bilməliydik . . .“La Voz de la Mujer“-in ilk sayı dərc edildi və əlbəttə ki, qiyamət onda qopmağa başladı:
“Qadın emansipasiyası? Nə üçün?”, “Qadın emansipasiyası? Siz girən kol deyil. Ağlınızın ucundan belə keçməsin!”…”Qoy ilk növbədə biz kişilər emansipasiya əldə edək və azad olaq, ondan sonra siz qadınların emansipasiya söhbətlərinə baxarıq.”
[…] Biz avtoritarlığa, hökmranlıq anlayışına nifrət edirik, çünki biz insan olmağı seçmişik, sizin kimi “başqasının” iradəsi ilə idarə olunan maşınlar deyilik. İstər o “başqa” adlandırılanlar hakimiyyət olsun, istər din, istərsə də başqa bir kəs olsun. Nə tanrı, nə rəis, nə də ər olsun!”
– „La Voz de la Mujer” anarxofeminist jurnalından bir hissə
Tərcümə: Alternativ queer feminist kitabxana / Alternative queer feminist library
Dünyanın təşkilatlanmış ilk anarxofeminist qrupu XIX əsrin çiçəklənən anarxist hərəkatının bir hissəsi olaraq Argentinada qurulub. Onlar ilk anarxofeminist qəzet olan „La Voz de la Mujer“ jurnalını dərc etməyə başlayıblar. „La Voz de la Mujer“ qadın*lar tərəfindən qadın*lar üçün yazılmış jurnal olub. Bu jurnal Cənubi Amerika işçi hərəkatı içərisində məxsusi olaraq feminist hərkatın müstəqil təmsilçisi rolunu oynayıb. Jurnalın yaranması feminist fikirlərin inqilabçı və fəhlə hərəkatı ilə birləşməsinin sənədləşdirilmiş ilk nümunələrindən biri olaraq tarixə düşüb.
Bu jurnalın ərsəyə gəlməsində rol oynayan feministlər Emma Goldman, Louise Michel və Voltairine de Cleyre yoldaşlarının siyasi fikri və fəaliyyətlərində görüldüyü kimi patriarxata qarşı mübarizəni iqtisadi – sosial siniflərə və iyerarxiyalara qarşı daha geniş bir mübarizənin bir hissəsi kimi təqdim edən işçi sinfi hərəkatı olmaqla „mainstream feminism”, yəni reformist feminizmdən fərqlənirdi. Öz fəaliyyətini mövcud cəmiyyətin devrilməsinə həsr edən „La Voz de la Mujer“ dövrünün yarım əsr davam edən anarxist hərəkatının fəaliyyətdən sonra ərsəyə gəlib. Bu təşkilatlanmış feministlər kommunist-anarxist ənənənin bir parçası olaraq yeni və ədalətli sosial nizamın yaradılmasını özlərinə məqsəd qoyub.