Kuir Sosial İş Nədir | Elnur Musayev
Müəllif: Elnur Musayev, sosial işçi
Bu məqalə Nəfəs LGBTİ Azərbaycan Alyansının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID Azərbaycan) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə dəstəyi ilə həyata keçirdiyi “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində təqdim edilir.
Sosial xidmətlərdən istifadə birbaşa demoqrafik qruplar ilə bağlıdır. Sosial xidmətlər – çətin həyat şəraitində yaşayan, sosial qrupların və şəxslərin yaşam və həyat fəaliyyətlərini digər şəxslərlə bərabər səviyyəyə çatdırmağı hədəfləyən kompleks tədbirlər sistemidir. Bu xidmətlərə kuirlərin əlçatımlılığının olmaması və uzun müddət inklüziv sosial xidmətlərin müəyyən edilməməsi sosial xidmətlərin dəyişilməsi üçün önəmli idi.
Sosial xidmətlərin əsasını təşkil edən hər kəs üçün əlçatan və bərabər imkanlar tanıyan funksiyaların olmamasının fərqli səbəbləri var və hələ də qalmaqdadır. Buna sosial xidmət sferasının heteronormativ və binar olması, sistematik diskriminasiya, kuirlərin iş və ev tapmaqda çətinlik çəkməsi, fobik cəmiyyətin təsiri ilə öz reaksiyasızlıqlarını hələ də qorumaqda davam edən qurumların məsuliyyətdən qaçmağa çalışması və bizə öz iş tarixində heç bir uğurlu praktika təqdim edə bilməməsi kimi nümunələri göstərmək olar.
Daha ətraflı ifadə etsək, sosial xidmətlər bizim cəmiyyətimizdə hələ də sadəcə “qadın” və “kişi” genderindən başqa gender tanımır və bunun nəticəsi olaraq bu xidmətlərin tətbiqi zamanı gender müxtəlifliyi göz ardı edilir və nəticə etibarı ilə bu cəmiyyətdə kuir olmağın yaratdığı problemlər toxunulmamış qalır. Öz genderinə görə problem yaşayan şəxslər bu sosial xidmətlərdən istifadə edə bilmir. Çünki onlara fayda olacaq müfəssəl mexanizmlər bu xidmətlər qurularkən nəzərə alınmayıb.
Cəmiyyətdə patriarxal və balanssız güc münasibətlərinin olması kuirlərə sosial iş xidməti göstərməyi daha da çətinləşdirir Belə mühitdə təbii ki, sosial işçi təkcə müraciətçilərin cinsi orientasiya və gender kimlikləri səbəbindən qarşıladığı problemlər üzərində deyil, bir-biri ilə əlaqəli digər problemlər üzərində də işləməl olur. Amma yuxardakı səbələrə görə sosial iş belə cəmiyyətlərdə hamı üçün inklüziv olan sistematik yanaşmalar təqdim etməkdə çətinlik çəkir. Bunun nəticəsi olaraq biz sosial işçi kimi işlədiyimiz şəxslərin problemlərinə fokuslanmaqla bərabər, hüquqi, iqtisadi, tibbi və digər sahələrdə sistematik əngəllərlə də qarşılaşır və onlarla da işləməli oluruq.
Beləki, sosial işçilər benefisiarları ilə işləyərkən kuirlərin sosial xidmət sferasından necə istifadəsi ilə bağlı protokolun olmaması, kuirlər üçün yaradılmış və birbaşa bu sosial qrupa ünvanlanan müdaxilə mexanizminin yoxluğu, sığınacaqların azlığı və eyni zamanda olanların da inklüziv olmaması, birbaşa benefisiarlarla işləyən şəxslərin fobik olması kimi problemlərlə qarşılaşırlar. Bu kimi əngəllər isə sosial işçilər üçün benefisiarların müraciət etdiyi problemlərlə bərabər işlənilməli olan hissələrə çevrilir və bu həmin problemlərin daha gec və çətin həll edilməsinə gətirib çıxardır.
Seksuallıq Azərbaycan cəmiyyəti üçün hələ də tabu mövzu olaraq qalmaqdadır. İnsanların öz seksuallığı və seksual həyatları haqqında danışmaqda çətinlik çəkir. Bütün bunları nəzərə aldıqda kuirlərin heteronormativ cəmiyyətdə öz seksuallıqlarını ifadə etməkdə yaşadıqları çətinliklərə və yaşadıqları təcrübələrə, kuir sosial iş perespektivindən yanaşdıqda, bir neçə məqamdan baxmağa ehtiyac yaranır və onlardan ən önəmlisi sağlam mühitin yaradılmasıdır..
Seksuallığın kəşfi sağlam mühitlə birbaşa bağlı olub, bu mühitin təsiri nəticəsində necə dəyişikliyə məruz qaldığı davamlı olaraq sosial işçilərin praktik işlərinin bir hissəsidir. Beləki, zamanla fərqli şəxslərin hormon qəbuluna məcbur edilərək “normallaşdırma” adı altında cinsi orientasiyalarının “dəyişdirilməsi” nə məcbur edildiyini açıq şəkildə görürük.
Bir çox hallarda isə yeniyetməlik çağındakı şəxslərin valideynləri bu haqda məlumatsız olduqları üçün uşaqlarının “problem” adlandırdıqları orientasiyalarını dəyişdirmək üçün həkimlərə müraciət edirlər. Psixoloqların orientasiya axışqanlığını “dəyişkənlik” olaraq adlandırdıqları və bunu “düzəldə” biləcəklərini bildirdikləri hallarla da qarşılaşırıq. Bu isə ailələr tərəfindən yeganə həll yolu olaraq görülməkdədir.
Psixoloqlar tərəfindən kimlik dəyişikliyi üzərində işlənilən şəxslərin bir çox hallarda ailələri və psixoloqlar tərfindən təzyiqlərdən qaçmaq üçün onlara “sağaldıqlarını” və artıq psixoloqlara ehtiyac hiss etmədiklərini bildirirlər. Prosesin sonunda travmalar yaşamış və bu travmanı ailələri ilə bərabər psixoloqalar tərfindən almış kuirlər özlərini təhlükəsiz mühitdə hiss etmir və başqa səbəblərə görə psixoloqa ehtiyacı olduqları halda belə əvvəl yaşadıqlarına görə terapiya almaqdan imtina edirlər.
Azərbaycanda kuir sosial iş xidmət göstərən sosial işçilərin müşahidələrinə əsasən, hegemon maskulin cəmiyyətdə kuirliklə eyniləşdirilən bütün simvollar kuirləri zorakılıq və təzyiqin hədəfinə çevirib, onlar üçün iş tapmaqda, gündəlik ərzaq və yaşayış üçün yer kimi təməl ehtiyacların qarşılanmasında, tibbi, psixoloji və hüquqi xidmətlərdən yararlanmaqda maneələr yaradır.
Hüququn heç bir halda qorumadığı, əksinə bir sosial qrup olaraq belə görmədiyi kuirlər, davamlı məişət zorakılığının hədəfinə çevrilir və təməl ehtiyaclarını ödəmək üçün xidmət sektoru kimi daha azgəlirli işlərdə işləməyə məcbur olur. Məktəblərdə və universitetlərdə qarşılaşdıqları qısnama və zorakılıq səbəbi ilə təhsil almaq hüququndan birbaşa və ya dolayı yolla məhrum edilir. Ailələri tərəfindən ya evlərindən qovulur, ya təhdidlər səbəbi ilə öz yaşadığı yerləri tərk etməyə, ya da zorakı şəxslərdən qaçmaq üçün öz yaşadığı yerləri gizli saxlamağa məcbur olurlar.
Açılma (coming out) prosesi kimi çətin və dəstəyə ehtiyacın olduğu bir dövrdə yeniyetmə kuirlər ailələri tərəfindən evsizliklə üz-üzə buraxılır, fiziki, iqtisadi və psixoloji zorakılığın birbaşa hədəfinə çevrilir, sadəcə kimliyi səbəbi ilə sığınacaqlara qəbul edilməkdən imtihan edilir və bütün bunların fonunda sistematik ehtinasızlıqla qarşılaşır.
Yuxarıda sadalanan səbəblər bizə sosial işdə istifadə edilən və daha inklüizv yanaşmalar təqdim edən kuir sosial iş praktikasından danışmağın əhəmiyyətini daha da artırır. Sosial işçilər işləyəcəyi sosial qrup haqqında əvvəlcədən məlumatlı olmalı və ehtiyacları müəyyənləşdirməlidir. Bu bizə sahədə iş zamanı qarşılaşacağımız problemlər üçün müdaxilə mexanizmlərinin müəyyənləşməsində kömək edəcəkdir.
Bundan başqa sosial işçilər öz fobik tərəflərini sorğulamalı, inklülizv və həssas dildən istifadə etmək kimi məqamlara diqqət etməlidirlər. Sosial işçi benefisiarı ilə iş zamanı patriarxal və heteronormativ cəmiyyətdən ala bilmədiyi güvəni ona verməli və bu güvəni verərəkən konfidensiallığı qorumalıdır. Gizlilik prinsipinin qorunması sosial işçi və benefisiar münasibətlərində güvənli mühitin qurulması və prosesin təhlükəsiz, sağlam şəkildə davam etməsi üçün ən önəmli məqamlardan biridir.
Eyni zamanda kuir sosial iş benefisiar və sosial işçi arasındakı güc münasibətlərinin aradan qaldırılmasına, mütləq qərarın sadəcə sosial işçi tərəfindən yox, birlikdə verilməsinə önəm verir, bu prosesin sadəcə sosial işçi tərəfindən göstərilən xidmət kimi yox, sosial işçi və benefisiar arasında əməkdaşlıq kimi həyata keçirir.
Kuir sosial iş kuirlərin seksuallıq və gender kimliyi ilə bağlı yaşadıqları problemləri birbaşa bu məsələ ilə bağlı problem kimi görür və müdaxilə mexanizmlərini onun ətrafında formalaşdırılmasına çalışır. Bunu edərkən kuir sosial iş təkcə mikro səviyyədə, yəni benefisiarları ilə işləməklə bərabər, kuir sosial iş mezo və makro səviyyələrdə də sistematik dəyişikliklərin baş verməsini dəstəkləyir.
Yuxarıda danışılanları ümumiləşdirərək razılaşa bilərik ki, bütün resurslar insanlar arasında ədalətli bölünməli, ayrıseçkilik olmadan bütün xidmətlər hər kəs üçün əlçatımlı olmalıdır. Bunun baş verməsi üçün isə müxtəlif sosial qrupların fərqli ehtiyaclarını dəyərləndirib, resurslara çatımlılıqlarını təmin etmək üçün onlara dəstək göstərən insanlara, yəni, sosial işçilərə ehtiyac olacaqdır.
Bu ehtiyacların qarşılanması üçün kuir sosial iş hamı üçün bərabər və ədalətli yanaşmaların olmasını, sosial xidmət sferasının daha inkuliziv və hər kəsə əlçatan olmasını öz prinspləri əsasında tələb edir. Bu tələblərin baş verməsi üçün kuir sosial iş qanunların kuirləri qorumasını, fobik cəmiyyətin kuirlər üzərində mənfi təsirlərini azaltmaq üçün təhsil siteminə gender və cinsi orientasiya mövzularını salınmasının vacibliyini vurğulayır.
Sosial iş təcrübələrinin özünə gəldikdə isə kuirlərlə işləyən sosial işçilər resurslarla insanlar arasında körpü olmağın gətirdiyi, sosial işçi ilə benefisiar arasında məlumatlılıq fərqindən yaranan və adətən sosial işçinin lehinə olan güc münasibətlərini aradan qaldırmağa fokuslanmalıdırlar.