İsveçrə səfirliyi Azərbaycanı EuroGames 2023-də təmsil olunmaqdan mərhum etdi
İsveçrənin Bern şəhəri Avropanın ən böyük LGBTIQ idman tədbirinə ev sahibliyi etməkdədir. EuroGames 2023 cinsi oriyentasiya və gender kimliyinin müxtəlifliyi qeyd edən Avropa qitəsi üzrə əsas multi-idman tədbiridir. Bu yarışların keçirilməsində əsas məqsəd Avropanın kuir atletlərini bir araya gətirərək idmanda müxtəlifliyi və inklüzivliyi qeyd etməkdir. Təəssüf hissi ilə bildiririk ki, hazırda davam etməkdə olan yarışda Azərbaycan bu dəfə də təmsil oluna bilmədi. Daha doğrusu, İsveçrənin Azərbaycandakı səfirliyi Nəfəs komandasını belə bir tarixi imkandan məhrum etdi.
Belə ki, EuroGames təşkilatı 3 nəfərdən ibarət Nəfəs komandasının yarışlarda iştirakını təmin etmək üçün artıq öz dəstəyini göstərmişdi. Azərbaycanın bu tədbir tarixində ilk dəfə olaraq təmsil olunacağı ilə qürurluyduq. Bununla belə, səfirlik komandanın 2 üzvünə viza verməkdən imtina etdi. İmtina səbəbi olaraq isə həmin iştirakçıların “Avropa Birliyi sərhədlərini nəzərdə tutulmuş müddətdə tərk etməyəcəkləri ilə bağlı səfirliyin əsaslı şübhələrinin olması” göstərildi.
Səfirliyin bu davranışına etiraz etmək və komanda yoldaşları ilə həmrəylik göstərmək üçün viza ilə təmin edilmiş komandanın digər üzvü yarışa getməkdən imtina etdi. Bu cür qərəzli fərziyyə nəinki bizi bu tarixi fürsətdən məhrum etdi, həm də ləyaqətimizi alçaltdı. Məqsədimiz EuroGames-in bir hissəsi olmaq, dostluqlar qurmaq və bu dəyərli təcrübəni qayıdaraq yerli kontekstdə tətbiq etmək idi.
Göstərilən bu münasibət həm də təcridolunma və ayrı-seçkiliklə bağlı ciddi narahatlıqlar yaradır. Azərbaycandakı LGBTİQ icmasının üzvləri olaraq ölkəmizin sosial və siyasi reallıqlardan dolayı onsuz da çoxsaylı problemlərlə üzləşirik. LGBTİQ icmasının insan hüquqlarının müdafiəsi uğrunda apardığımız bu mübarizə özlüyündü sosial-iqtisadi marginallaşmağımızı daha da dərinləşdirir. Üzləşdiyimiz bu vəziyyət, Azərbaycandakı LGBTQ icmasının qarşılaşdığı çətinliklər barədə fərqindəlik yaratmaq, o cümlədən beynəlxalq həmrəyliyin qazanılması və onun bir hissəsi olmaq üçün EuroGames kimi tədbirlərin yaratdığı imkanlara çıxışı daha da vacib edir.
Çaşqınıq, məyusuq və bu xoşagəlməz təcrübəni unutmayacağımızı bildirməklə yanaşı, qərəzli fərziyyə səbəbiylə bu tarixi fürsəti əlimizdən aldığı üçün İsveçrənin Azərbaycandakı səfirliyini qətiyyətlə qınayırıq. Təəssüf ki, İsveçrə səfirliyi şəxsi təhlükəsizliyimizi belə heçə saydığımız bu mübarizənin sosial və iqtisadi rifahımızda yaratdığı çətinlikləri bizə qarşı istifadə etməkdən çəkinmədi. Bu kimi qərəzli fərziyyələr, Avropa Birliyinin və onunla həmfikir ölkələrin ağız-dolusu müdafiə etdikləri prinsiplərə ziddir. Biz inanırıq ki, insan hüquqları, inklüzivlik və bərabərlik kimi dəyərlər sosial-iqtisadi, o cümlədən siyasi kimliyindən asılı olmayaraq hər bir kəsə kəsə şamil edilməlidir.