#IDAHOBIT2024Baku Ebru Sərgiləri
Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiyaya qarşı Mübarizə Günü (IDAHOBIT) LGBTİQ+ icmasına qarşı edilən ayrı-seçkiliyə diqqət çəkən və bərabərliyi təşviq edən qlobal bir hadisədir. Bu çətin günlərdə biz ümidli olmağı seçirik.
“Hər şey yaxşı olacaq!” şüarı altında Azərbaycandakı LGBTİQ+ icması daxilində və icmadan kənarda dayanıqlılıq, ümid və həmrəyliyi təcəssüm etdirən silsilə tədbirlər proqramınının bir hissəsi olaraq #IDAHOBIT2024Baku həftəsinin əsas məqamı 17, 18 və 19 may tarixlərində Salaam Cinema Baku, Özünü Yarat İncəsənət Mərkəzi və Vegan Collective ilə həmrəy təşkil olunan sərgilər olacaq.
Sizi #IDAHOBIT2024Baku Ebru Sərgilərində aramızda görməkdən şad olarıq.
Proqram barədə daha ətraflı
Mayın 17-dən 19-a kimi 20 kuirin ənənəvi türk su naxış sənəti olan Ebrudan istifadə edərək yaratdığı əsərlərini nümayiş etdirəcəyik. Bu həvəskar əsərlər peşəkar psixoloji xidmətlərə çıxışı məhdud olan 20 LGBTİQ+ə alternativ psixoloji dəstək təklif edən “Queer Art Therapy” (“QAT”) layihəsi çərçivəsində ərsəyə gəlib.
Sərgidən əlavə olaraq hər gün unikal proqramlar təqdim olunacaq:
17 may, 19:00-21:00 | Bədii tamaşa – “Kuir Tale: Bu dünya mənim rənglərimi daşıyacaq!”
18 may, 19:00-21:00 | Bədii tamaşa – Şeir: “Hər şey yaxşı olacaq!”
19 may, 19:00-21:00 | Panel müzakirə – “Özünə qulluq müqavimətdir!”
Panel müzakirənin əsas məqsədi Azərbaycanda LGBTİQ+ icması daxilində mental rifahın və dayanıqlılığın vacibliyini vurğulamaqdır. Panel müzakirəsində sosial-iqtisadi problemlərin kəsişməsi və onların fərdlərə və icmaya təsiri kimi mövzulara toxunulacaq, kuirlərin mental rifahlarının qeydinə qalmaq üçün alternativ dəstək alətləri araşdırılacaq. Eyni zamanda, Panel Azərbaycandakı LGBTİQ+ icmasının kollektiv rifahının və dayanıqlılığını gücləndirmək məqsədilə atıla bilinəcək addımlar və ehtiyacları müəyyən etməyə çalışacaq.
Daha sonra qonaqlar Ebru sənəti əsərlərinin arasına qərq olmaq və hər bir əsərin hekayəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Paylaşmaq qayğıkeşlikdir! Şəhərimizdə sahibsiz heyvanlar bir çox problemlərlə üzləşirlər. Heyvansevər şəxslər və qruplar onları sığınacaq, yemək və tibbi yardım dəstəyi təmin etmək üçün yorulmadan çalışsalar da, bütün bunlar çox məhdud resurslarla edilir. Bu xeyirxah işdə yer almaq istəyənlər sərgi zamanı simvolik rəqəm qarşılığında (5 AZN) “QAT” benefisiarları tərəfindən yaradılmış Ebru əsərlərini almaqla və ya tədbirin keçirildiyi məkanda mövcud olacaq Ebru guşəsində öz əsərlərini yaratmaqla töhfələrini verə bilərlər. Sərgidən əldə olunan gəlir Bakı və ətraf ərazilərdə sahibsiz heyvanların xilas edilməsi təşəbbüslərinə bağışlanacaq.
!!! VACİB QEYD! !!!
Yalnız dəvət siyahısında olanların sərgiyə girişinə icazə veriləcək. Fəaliyyət göstərdiyimiz kontekst və təhlükəsizliyi təmin etmək öhdəliyimizi nəzərə alaraq, IDAHOBIT+ 2024 Baku Təşkilat Komitəsi olaraq, bu qərarı almaq məcburiyyətindəyik. Yaratdığımız bu forma vasitəsiylə qeydiyyatdan keçərək siz ilkin olaraq sərgilərdə iştiraka marağınızı ifadə edə bilərsiz. Növbəti günlərdə qeydiyyatınızın təsdiqi barədə məlumatlandırılacaqsız.
0 Comments on “#IDAHOBIT2024Baku Ebru Sərgiləri”