Bu ay bütün dünyada LGBTQI+ icmalarının üzləşdiyi davamlı problemləri dərk edərək, hərəkatlarımızdakı nailiyyətləri və dayanıqlılığını qeyd edirik. Mövcudluğumuzun daha çox risk altında olduğu bu zamanlarda səsimizi bir daha eşitdirmək, Heç kim geridə qalmasın! – demək üçün Bakı Qürur Həftəsində bir daha bir yerə gəlməyi özümüzə borc bilirik.

Təəssüf ki, Azərbaycanda LGBTİ+lər, sosial stiqmadan tutmuş hüquqi ayrı-seçkiliyə qədər bir çox ciddi maneələrlə üzləşməyə, müddafiəsiz qalmağa, təcrid olunmağa və təkləşməyə davam edir. Məruz qoyulduğumuz sosial, iqtisadi və hüquqi çətinliklər fonunda biz həm də icmamızın həmrəyliyini, dayanıqlığını və gücünü nümayiş etdirən mühim hadisələrin də şahidi olduq. 

Ötən Qürur Ayından bəri biz müxtəlif fürsətlərdə, o cümlədən 2023-cü ilin noyabrında Trans Anım Həftəsi, 2024-cü ilin yanvarında Azərbaycanda LGBTİ+ Fobiyaya Qarşı Yerli Həftə və ötən ay IDAHOBİ+ Bakı Həftəsində icmamızla və dostları ilə bir araya gəlməyə davam etdik.

O cümlədən, bu ilin mart ayında BMT-ni mötəbər insan hüquqları mexanizmlərindən olan, beş ildən bir keçirilən Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş tutdu. Azərbaycana icmamızın hüquq və azadlıqlarının tanınması, təminatı və qorunmasına çağırış edən 10 LGBTİ+ spesifik tövsiyyə edilməsi və bu tövsiyələrin hər birinin Azərbaycan tərəfindən inkar olunmaması əlamətdar məqam olmaqla yanaşı, həm də apardığımız haqlı mübarizəmizin və inadkar vəkillik cəhdlərimizin nəticəsi idi. 

Bundan əlavə, bu il Avropa İnsan Haqları Məhkəməsi “A və 24 digəri Azərbaycana qarşı” işinə dair qərarını da elan etdi. Bu qərarı ilə Avropa Məhkəməsi Azərbaycan hökumətini icma yoldaşlarımıza qarşı törədilmiş hüquq pozuntularına görə məsul tutmağı bacarmasa da, hökumətin Konvensiya hüquqlarını pozduğunu etiraf etməsi, Azərbaycanda LGBTİ+lərin insan hüquqlarının tanınması, qorunması və dayanıqlı təminatı istiqamətində görülməsi vacib olan vəkillik təşəbbüslərinə, ən əsası strateji məhkəmə işlərinin təşkilinə zəmin yaradacaq əhəmiyyətli bir hadisədir.

Yolumuza qətiyyətlə davam edirik! Biz başa düşürük ki, həqiqi və dayanıqlı bərabərliyə və sosial ədalətə nail olmaq təkcə hüquqi dəyişikliklərdən asılı deyil. Biz buna müxtəlifliklərə qarşı qərəzin və düşmənçiliyin bir kənara qoyulması, hər bir fərdin olduğu kimi qəbul edildiyi, cəmiyyətin genişlənərək müxtəliflikləri ilə bütünləşdiyi halda nail ola bilərik.  

Genişlənmə, müxtəlifliyin bütün formalarını özündə cəmləşdirən və bu fərqlilikləri dəyişməyə çalışmayan bir cəmiyyətin qurulmasını özündə ehtiva edir. Bu yalnız təcrid olunmuş icmaları qorumağı, onların həyat şəraitini yaxşılaşdıran, cəmiyyətin inkişafında iştirakını təmin edən siyasət və praktikaların yaradılmasını deyil, həm də hər kəsin, dəyişmədən, öz kimliyini – fərqliliyini qoruyaraq azad və ləyaqətli həyat şərtlərində yaşamaq imkanını nəzərdə tutur. 

Hər bir insan qorunması və müdafiə olunması gərəkən əvəzedilməz fərddir. Bu Qürur Ayında biz cəmiyyətin bütün üzvlərini bir-birlərini eşitmək və anlamağa, LGBTİ+ icmasına qarşı ayrı-seçkiliyin, zorakılığın və qərəzli münasibətin aradan qaldırılması üçün birgə işləməyə çağırırıq. Göy qurşağı altında birləşərək, biz hər bir soydaşımızı öz qərəzləri üzərində düşünməyə, icmamızı təcrid edən və təəssüf ki, canlar alan zərərli stereotiplərə və təcrübələrə qarşı çıxmağa dəvət edirik. 

Heç kim arxada qalmasın!
Heç kim cinsindən, cinsi oriyentasiyasından, gender kimliyi və özünü ifadəsindən asılı olmayaraq ayrı-seçkiliklə üzləşməsin!
İş yerlərində, təhsil ocaqlarında, küçədə, kafe-restoranda mobbinq və bullinqlə üzləşməyək!
Heç kim sosial, iqtisadi, mədəni və siyasi ayrı-seçkiliklə üzləşməsin!
Heç kim öz dostunu, övladını, iş yoldaşını, uşaqlıq dostunu, sinif yoldaşını, ailə üzvünü gey, lezbiyan, biseksual, trans qadın, trans kişi, qeyri-binar və digər kimliklər səbəbindən itirməsin!

Unutmayaq ki, cinsindən, cinsi oriyentasiyasından, gender kimliyi və özünü ifadəsindən asılı olmayaraq hər kəsin tanındığı, dəyər verildiyi, hörmət edildiyi, hər kəsin cəmiyyətin sosial, iqtisadi, mədəni və siyasi həyatında tam və bərabər şəkildə iştirak etmək və töhvə vermək haqqının təmin edildiyi bir cəmiyyətin qurulması kollektiv öhdəlikdir.

Qürur Ayımız Mübarək!