Bakıda trans qadın seksual qısnamaya məruz qalıb

Bakıda trans qadın seksual qısnamaya məruz qalıb

19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb.

Zərərçəkmişin sözlərinə görə, metro basabas olduğundan bir neçə qatar buraxdıqdan sonra növbətisinə minmək qərarına gəlib. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq üzr istəyib, daha sonra cinsiyyət orqanını ona sürtməyə başlayıb. Müqavimət göstərən Karmeni həmin kişi bu dəfə belindən tutaraq özünə tərəf çəkib və penisini ona sürtməyə davam edib.

“Həmin anda psixoloji sarsıntı keçirdiyim üçün panikaya qapılmışdım, heç kimdən kömək istəyə bilmədim”, – deyə Karmen bildirib. “Növbəti dayanacaqda qapılar açılan kimi özümü platformaya atdım və kişinin üzünə baxmadan oradan uzaqlaşdım. İyrənc idi, ürəyim bulanırdı”, – deyə o, əlavə edib.

“Metrodan uzaqlaşdım, rəfiqələrimin yanına getdim. Baş verənləri onlara danışdım. Onlar mənə izah etdilər ki, bu, yanlış bir şeydir. Səsini çıxardıb kömək istəyərdin. Mən isə donub qaldığım üçün nə edəcəyimi düşünə bilməmişdim.”

Axşam saat 10 radələrində Karmen 20 Yanvar metro stansiyası yaxınlığında avtobus gözləyərkən yenidən başqa bir kişi tərəfindən zorakılıqla qarşılaşıb. Naməlum şəxs onu izləyərək seks təklif edib. “Avtobusun gəlmədiyini görüb, 92 nömrəli avtobusun buradan keçib-keçmədiyini soruşdum. Bir qədər dayancaqda gözlədim, avtobus gəlmədiyi üçün ayaqla getməyi qərarı aldım. Yolla gedərkən bir nəfərin məni izlədiyini hiss etdim”, – deyə Karmen bildirib.

trans qadın

Zərərçəkənin sözlərinə görə, onun arxasınca düşən şəxs qaçaraq ona yaxınlaşıb və Biləcəriyə necə gedəcəyini soruşub. Daha sonra isə “sizdə qız gözəlliyi var” deyərək, “cinsiyyət orqanını ağzında hiss etməyi” təklif edib və yol boyunca davamlı şəkildə bu fikirləri təkrar edib. Bir qədər getdikdən sonra, nəhayət, zərərçəkən həmin şəxsdən qurtularaq, izi itirməyə nail olub.

Azərbaycanda trans qadın olmaq, istənilən zaman və istənilən yerdə nifrət nitqi və ya nifrət cinayəti olmaq, zorakılıqla qarşılaşmaq deməkdir. Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyevin sözlərinə görə, ölkədə LGBTİ+lər kütləvi şəkildə ayrı-seçkiliklə üzləşirlər. Onların hüquqlarını qoruyacaq qanunlar yoxdur, anti-diskriminasiya aktı qəbul olunmalıdır. Translar üçün bu, gündəlik həyatlarını davam etdirməyin təhlükəli olduğunu göstərir.

Qeyd etmək istərdik ki, İLGA-Avropa təşkilatının son Göy Qurşağı hesabatına əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə, Avropanın ən pis ölkələri siyahısındadır.