Search
Close this search box.

Salyanda 17 Yaşlı Fateh İsmayılov Zorakılığa Məruz Qalır

Salyanda Xəlil Rza Ulutürk küçəsində yaşayan 17 yaşlı Fateh İsmayılov seksual oriyentasiyasına görə öz ailəsi tərəfindən zorakılığa məruz qalıb. Onun sözlərinə görə o, 8-ci sinifdən sonra məktəbdən çıxarılıb və təhsil hüququ əlindən alınıb. 2019-cu ildə ailəsi Salyan rayon Psixiatriya xəstəxanasının baş həkimi Yaşar Kərimova 7 min manata yaxın pul verərək, onu 7 ay stasionar müalicə etdirib. Fateh bildirir ki, o, həmin xəstəxanada cinsi zorakılığa məruz qalıb və yenidən ailəsinin yanına göndərilib.

Onun dostu Fatehin başına gələnlərlə əlaqədar Gender Resurs Mərkəzinə məlumat verib. Mərkəzdən Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirilib ki, onlar iyulun 25-i Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə anonim şikayət göndərib. Mərkəzin sözlərinə görə, Komitə uşaq hüquqlarını müdafiə edən orqandır və valideynlər bu hüquqları qorumadıqda onlar bu vəzifəni öz üzərinə götürməlidirlər. Mərkəz növbəti gün Komitə ilə təkrar əlaqə saxlasa da, məsələyə qarşı ciddi laqeydliklə üzləşib. 

fateh

Belə ki, Komitə şikayətə baxılması üçün məsələni Salyan rayon İcra Hakimiyyətinə yönləndirib. Lakin, Fatehin sözlərinə görə, iclasda icra işçisi Sevinc xanım işinin tələblərini yerinə yetirməyib, yeniyetməyə müalicə almasının lazım olduğunu, ailəsinin təhlükəli insanlar olduğunu deyib. İclasda Razgül adlı müdir müavini də iştirak edib və o, uşağın təhlükəsizliyini təmin etmək əvəzinə, uşağa polisə şikayət etməyi məsləhət bilib. 

Avqstun 8-i atası Fatehə bıçaq çəkdiyi üçün o, evdən qaçaraq Salyan rayon Polis bölməsinə gedib və başına gələn bütün zorakılıqlardan bəhs edərək, şikayət ərizəsi yazıb. Bölmə rəisi Rəsul bəy uşağın şikayətini qəbul etdikdən sonra Fatehin atasını, qardaşını və və ona qarşı cinsi zorakılıq edən iki sanitarı bölməyə çağırıb.

Fatehin sözlərinə görə, qardaşına töhmət verilib (serjantdır), atasına isə tapşırılıb ki, ona bir daha toxunmasın. Daha sonra Fateh 9 avqust tarixində Maştağada yerləşən Psixiatriya xəstəxanasına göndərilib və orda iclas keçirilərək, 2 qadın və bir kişi həkimin iştirakı ilə yeniyetmənin şikayətlərinə qulaq asılıb. Lakin iclasın qərarı Fatehə təqdim edilməyib və o, yenidən Salyana, ailəsinin yanına göndərilib. 13 avqust tarixində Fateh polis bölməsinə gedərək, qərar barədə öyrənməyə çalışıb. Ona bildirilib ki, cinsi zorakılığın baş verib-verməməsinin dəqiqləşdirilməsi üçün psixiatrik qiymətləndirmə aparılıb və qərar 10-15 günə çıxacaq. 

Fateh bölmədən qayıdandan sonra ailəsi onun telefonunu qıraraq, özünü də evə kilidləyib. Ailə üzvlərindən biri onu 2-ci mərtəbədən aşağı itələyib və Fatehin qolu xəsarət alsa da, həkim çağırılmayıb. Hazırda Fateh evə kilidlidir və ailəsi tərəfindən mütəmadi zorakılığa məruz qalır. Bu haqda onun evinə gedən dostu gizlicə məlumat öyrənərək, aktivistlərə bildirib.

Bundan sonra sosial işçi DİN-in 102 qaynar xidməti ilə əlaqə saxlayaraq, Fatehin vəziyyəti barədə məlumat verib. DİN-dən sosial işçiyə bildirilib ki, həmin evə polis göndərilib və uşağın vəziyyəti yaxşıdır. Lakin Fateh dostu vasitəsilə aktivistlərlə əlaqə saxlayaraq, evə polis gəlmədiyini, onunla heç kimin əlaqəyə keçmədiyini bildirib. 

Gender Resurs Mərkəzinin aktivisti Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, bu günə qədər Fateh vəziyyəti daha da kritik hala gətirməmək üçün məsələnin ictimailəşdirilməsinə qarşı olub. Lakin hazırda o, məsələnin ictimailəşdirilməsini xahiş edir. Fateh İsmayılovun vəziyyəti ilə bağlı, həmçinin Ombudsmana da şikayət göndərilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Other Blogs

Nəşrlər

BƏLƏDÇİ #1

Bələdçi #1 Nəfəs LGBTİ Azərbaycan Alyansı tərəfindən LGBTİQ+lərin mental sağlamlıq ilə bağlı ümumi məlumatlılığının və fərdi bacarıqlarının artırılmasına töhfə vermək məqsədi ilə hazırlanmışdır. Bu bələdçi …

Read More →
Podkast

İsa Şahmarlı #Xatirələr

Azərbaycanda LGBTİ+fobiya ilə mübarizə həftəsi çərçivəsində hazırladığımız və İsa Şahmarlıya ithaf etdiyimiz ilk podkastı təqdim edirik.  İsa Şahmarlı kimdir və icmamız üçün nələr edib? Bu …

Read More →
Xəbərlər

BMT-ə üzv ölkələr LGBTİ+ların hüquq və azadlıqlarını qoruması üçün Azərbaycana çağırış edib

14 noyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair 4-cü dövr qiymətləndirilməsi baş tutub. …

Read More →