Azərbaycanda ilk Feminist Kitabxana istifadəyə verilib
“Feminist kitabxana müxtəlif insanların kitab və pul ianəsi sayəsində ərsəyə gəlib,” – deyə feminist fəal Gülnara Mehdiyeva sosial media hesabında qeyd edib.
Hazırda kitabxanada feminizm və kuir istiqamətində müxtəlif mövzuları əhatə edən 4 dildə 161 kitab və jurnal var. Kitabları Baku Community Space-dən əldə etmək olar. Kitabları ödənişsiz şəkildə 1 ay müddətinə oxumağa götürmək mümkün olacaq. Hansı kitabın əldə olduğunu, hansının isə oxucu tərəfindən artıq götürüldüyünü bilmək üçün Gülnara Mehdiyeva ilə əlaqə saxlamaq lazım olacaqdır.
“Kitabxana ayrı-ayrı şəxslərin ianələri sayəsində və tam könüllü əsaslarla fəaliyyət göstərdiyi üçün kitabxanadan istifadə qaydaları müəyyən etmişik. Kitabxanaya müvafiq məzmunda kitablar ianə etmək fəzilətli əməllərdən sayılı,” – deyə LGBTİ+ hüquqları aktivisti və feminist fəal Gülnara Mehdiyeva bildirib.
“Feminist Kitabxanadan” istifadə qaydaları
Kitabxananın hər kəs üçün ədalətli və çatımlı şəkildə istifadəsi məqsədilə aşağıdakı qaydaları tərtib edilib:
- Kitabxanadan istifadə pulsuzdur.
- Bir nəfər eyni vaxtda yalnız 1 kitab götürə bilər. Növbəti kitabı götürmək üçün əvvəlkini geri vermək lazımdır.
- Bir kitabın oxunma müddəti bir aydır. Bu müddətdən sonra kitab geri verilir.
- Kitabxananın daimi büdcəsi yoxdur və kitabların sayı məhduddur. Odur ki, kitablara qayğı ilə yanaşmaq xahiş olunur.
- Götürdüyünüz kitab zədələndikdə və istifadəyə yararsız vəziyyətə düşdükdə onu yenisi ilə əvəz etməli, bu mümkün olmadıqda isə 10 azn dəyərində cərimə ödənilməlidir.
Kitabların siyahısını buradan əldə edə bilərsiz.
Gülnara Mehdiyeva ilə əlaqə saxlamaq üçün Tvitter hesabına yaza bilərsiz.