4 noyabr 2025-ci il tarixində icma yoldaşımız, 19 yaşlı Rüzgar əmisi tərəfindən bıçaqlanaraq öldürülüb. Bu hadisə ölkəmizdə LGBTI+lərə qarşı nifrətin və zorakılığın növbəti acı nümunəsidir.

Rüzgar bir müddət öncə ailəsindən gördüyü təzyiqlər səbəbilə Türkiyəyə köçsədə, oturum müddəti bitdiyi üçün bu yaxınlarda yenidən Azərbaycana qayıtmalı olub. Türkiyədə olduğu vaxtdan əmisi oğlu tərəfindən təhdid edildiyini bildirən Rüzgar, hadisədən 2 gün öncə dostlarına ailə üzvlərinin onun ölkəyə qayıtmasından xəbər tutduğunu və onu öldürmək üçün axtardıqlarını bölüşüb.

Qiy Vaar platformasının bildirdiyinə görə hadisə Bakının Bəşir Səfəroğlu küçəsində, indiki “Efkar Meyhane” adlı məkanın yaxınlığında, axşam saat təqribən 10-11 arasında baş verib. Polisin hadisə yerinə cinayətkarın zəngindən sonra gəldiyini, həkimlərin də qurbanın vəziyyətinə kifayət qədər diqqət yetirmədiyi bildirilir. Yerli mediada yayılan məlumatlara görə, hadisəni törədən mərhumun əmisi Babək İbadov artıq saxlanılıb və faktla bağlı Nəsimi Rayon Prokurorluğun araşdırma aparılır. 1987-ci il təvəllüdlü Babək İbadovun əvvəllər məhkum olunduğu və qətli əvvəlcədən planlaşdırdığı bildirilir.

Bu hadisə təsadüfi deyil. Bu faciə LGBTI+lərin ailə daxili zorakılıqdan, sosial damğalanmadan və cəzasızlıq mühitindən qorunmadığı reallığını acı şəkildə təzahürüdür.

Azərbaycanda nifrət cinayətlərinin tanınmaması, cinsi oriyentasiya və gender kimliyinə görə ayrıseçkilikdən müdafiə mexanizmlərinin olmaması və nifrət ritorikasının cəzasız qalması belə faciələrin baş verməsinə şərait yaradır, təşviq edir.

Biz Nəsimi Rayon Prokurorluğunu bu hadisəni nifrət motivli qətl kimi araşdırmağa, Ombudsman Aparatının Rüzgarın öldürülməsi faktını öz mandatı çərçivəsində diqqətlə izləməyə və hadisənin nifrət cinayəti kimi qiymətləndirilməsini təmin etməyə çağırırıq.

Eyni zamanda, Milli Məclisi Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI), həmçinin Azərbaycanın BMT Universal Dövri İcmalının (UPR) 4-cü dövrü zamanı Meksika, İspaniya, Çili, Argentina, Fransa, İslandiya və İsrail tərəfindən edilən 8 tövsiyə istiqamətində artıq hərəkətə keçməyə çağırırıq. Bu tövsiyələr Azərbaycanda LGBTI+lərə qarşı ayrı-seçkilik, nifrət nitqi və nifrət cinayətləri ilə effektiv mübarizəni təmin edən qanunvericilik aktlarının qəbul edilməsini tələb edir.

Medianı isə hadisəni sensasyon dildə deyil, etik və insan hüquqları çərçivəsində işıqlandırmağa dəvət edir, cəmiyyəti bu nifrət cinayətinə qarşı səssiz qalmamağa, LGBTI+lərin yaşamaq hüququnun müdafiəsində həmrəylik göstərməyə çağırırıq.