Nəfəs LGBTİ Azərbaycan Alyansı fəaliyyətini Azərbaycanda LGBTİ+lərin rifahının və hüquqlarının müdafiəsinə həsr etmiş qeyri-siyasi, qeyri-kommersiya, könüllü özünüidarəetmə əsaslı kollektivdir.

Macəramız 2012-ci ilin bir qış axşamı başladı. Elə bir zamanda ki, o vaxta kimi səbir etdikləri hər şey və mühit Sumqayıtda yaşayan iki kuir üçün dözülməz həddə çatmışdı. İndi isə biz hər bir LGBTİ+nin azad, bərabər və təhlükəsiz hiss etdiyi bir Azərbaycan arzusu ilə göy qurşağı altında toplanmış bir kollektivə çevrilmişik.

Vizyonumuz

Bizim təsəvvür etdiyimiz cəmiyyət fərqliliklər üzərində qurulmuş və müxtəlifliklərə qucaq açan ədalətli və bərabərhüquqlu cəmiyyətdir.

Yaşamağa can atdığımız o cəmiyyətdə
- insanların seksual orientasiyası, gender kimliyi və ifadəsi zorakılığa və ya aqressiyanın başqa formalarına aparıb çıxarmır;
- hər kəs, o cümlədən LGBTİ+lər öz bəyanlarına uyğun olaraq azad və ləyaqətli həyat şərtlərində yaşayaraq cəmiyyətin iqtisadi, mədəni və siyasi həyatında iştirak edir.

 

Missiyamız

Sosial ədalətə və həqiqi bərabərliyə çatmaq üçün təkcə qanuni dəyişikliklər kifayət etmir, bunun baş verməsi üçün cəmiyyətin yanaşmasında köklü dəyişikliyə ehtiyac var. Bəli, bu dəyişiklik zaman tələb edir və bizim missiyamız onun baş verməsi üçün cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni həyatında dərin kök salmış qərəzləri qırmaq, təcridedici vərdişləri və təcrübələri dəyişmək üçün çalışmaqdır.

 

Biz Nə Edirik

İşimizin Vacib Elementləri

Biz hesab edirik ki, məlumatlı fəaliyyət effektiv fəaliyyətdir. Ona görə də fərqli üsullardan istifadə edərək biz Azərbaycandakı LGBTİ+ icmasının yaşadıqları təcrübələri, çətinlikləri və ehtiyacları öyrənir, proqramlarımızı və ictimai vəkillik fəaliyyətimizi icmamızın üzləşdiyi ən problemli məsələlərə yönəldirik. Bu təkcə fəaliyyətimizin aktuallıq və effektivliyi baxımından yox, həm də müvəkilliyini etdiyimiz icmanın tələb və ehtiyaclarını qarşılamaqla bağlı daşıdığımız qayğıdan irəli gəlir.