Transmaskulinlik və Mental Sağlamlıq | Azad Bəxti
Bu yazı trans kişilərin/maskulinlərin mental sağlamlığı, ona birbaşa və ya bilavasitə təsir edən amillər haqqındadır. Trans kişilərin/maskulinlərin mental sağlamlığı ilə əlaqəli Azərbaycan dilində əhatəli bir araşdırma, yazı, məqalə tapa bilməməyin özü belə məsələnin nə dərəcədə qəliz olduğunun xəbərçisidir. Mental sağlamlıq hər bir insan üçün vacib olduğu kimi translar üçün də həyati əhəmiyyət kəsb edir. Ölkə reallığında boğulan, müxtəlif növ transfobiyalardan həyatda qalmağa çalışan transların özündə mübarizə aparmağa güc tapa bilməsi üçün adətən ortalamadan daha güclü psixologiyaya ehtiyacları olur. Psixoloji vəziyyətimizi stabil tuta bilmək üçün buna təsir edən problemləri həll etməli oluruq. Trans təcrübəsi individual olduğundan bu problemlər hər kəsdə fərqlilik göstərə bilsə də, bəzi ortaq məsələləri görmək mümkündür.
Tranzisiya
Tranzisiya insanın öz gender ifadəsini və/yaxud bədənini gender kimliyinə uyğunlaşdırmaq üçün üzərinə götürdüyü prosesdir. Buraya hormon əvəzedici terapiyanı və bədən uyğunlaşma əməliyyatlarını da aid etmək olar. Hər trans tranzisiya etmək istəyir və ya istəməlidir deyə bir şərt yoxdur. Tranzisiyaya başlayan traslar üçün isə bu proses həyati əhəmiyyət kəsb edir, müxtəlif səbəblərlə yavaşladılması və ya maneə olunması ciddi nəticələrə səbəb olur. Hormon preparatlarının və əməliyyatların Azərbaycanda əlçatan olmaması, başqa yerdən çıxış əldə edilsə belə, bahalılığı əsas maneələrdən biridir. Bundan başqa, bunu onlardan xüsusi olaraq xahiş etməsək belə, cisgenderlər bəzən hormonların psixologiyamıza və bədənimizə verə biləcəyi “zərərlər” haqqında məlumatlılığımızı artırmağa çalışır. Bu cəhdləri transları çox düşündükləri üçün etdiklərini ifadə etsələr belə, narahatlıqlarının içlərindəki üzləşmək istəmədikləri transfobiyadan gəldiyini və tranzisiyaya başlamağı düşünən transların cəsarətini qırmağı hədəflədiyini görürük. Bu yolla tranzisiyaya birbaşa əngəl ola bilməsə belə, prosesin yavaşlamasına səbəb olur.
Testosteron dominant hormon olduğu üçün transmaskulin tranzisiyada gözlə görünən nəticəni nisbətən daha sürətli əldə etmək mümkün ola bilir. Bu nəticələr insanda özünə inama çox güclü təsir edə bilir deyə sosiallaşmağa, münasibət qurmağa da kömək edir. Bir disforiyadan azad olmağın və ya azaldığını hiss etməyin mental olaraq rahatlığını trans təcrübəsi yaşamayan bir insana tam izah etmək, sözlə ifadə edə bilmək mümkün deyil.
Toksik-maskulinlik
Harada trans kişi söhbəti açılsa, mütləq trans kişilərin çoxunun toksik-maskulin olduğu ilə əlaqəli narahatlıq dilə gətirilir, ortaya qərəz qoyulmağından çəkinilmir. Nəticəsi isə, yəni bunun trans kişilərə mental təsiri, onların təcrübələri çox adama maraqlı gəlmir. Transfob cisgenderlər onsuz da transfobdur və müalicə* almalıdır, lakin özünü trans müttəfiqi hesab edən şəxslərin trans kişiləri bu kimi qəliblərlə stiqmatizasiyasından əvvəl özlərinə verməli olduğu bir neçə sualı xatırlatmağı borc bilirəm;
Bizim kişi olduğumuzu sistematik olaraq sübut etməyə vadar edilməyimizdə sizin heçmi rolunuz yoxdur? Trans kişilərin “kişilik” anlayışına kənar təsirləri görməzdən gəlmək içinizdəki üzləşmədiyiniz transfobiyanızla əlaqəli ola bilərmi? Toksik-maskulinlikdən necə azad olmaq haqqında həll yolu tapmaq təkcə trans kişilərinmi məsuliyyətindədir? Trans kişilər bu qədər fobik bir mühitdə həyatda qalmağa çalışarkən “toksik olmasın” sifarişini vermək haqqını özünüzdə necə tapa bilirsiniz?
Qəbul etmək lazımdır ki, gender rolları hamımızın ortaq bəlasıdır və bu barədə daha çox danışmalıyıq. Onsuz da tranzisiyaya başlamayan transmaskulinlərin görünüşünə əsasən “kişiliyi” çox vaxt qəbul görmür, tranzisiyada olan, kamuflyaj ola bilən transların isə kişiliyi kriminallaşdırılır. Bir cisgender kişi saçlarını uzadanda, sırğa taxanda onun kişiliyi sual altına düşürülmür, hətta gender rollarına qarşı davrandığına görə alqışlana bilir, ki burada heç bir problem görmürəm. Amma bir trans kişi/maskulin bunları etsə, yerindəcə kişiliyi etibarsızlaşdırılır, hətta qadın təyin edilməyə davam edilir. Başqa dildə desək, toksik-maskulin olmadığımızı sübut etmək üçün “feminen” davransaq, qadın təyin edilirik, kişiliyimizi sübut etməyə çalışsaq, toksik-maskulin. Məncə, biz heç kimə heç nəyi sübut etməli deyilik və siz bizi qəliblərə soxmaqdan, kriminallaşdırmaqdan, qərəzli davranmaqdan imtina etməlisiniz. Düşünmədən ifadə etdiyiniz bu fikirlər sizin bir neçə saniyənizi alır, amma trans kişilər/maskulinlər özləri ilə bağlı verdiyi bir çox qərarda bu fikirlərinizin yaratdığı hisslərlə mübarizə aparmalı olurlar.
Görünməzlik
Varıq, amma ailəmiz, dostlarımız, icmamız, həyatında olduğumuz bir çox insan tərəfindən yoxmuşuq kimi davranılır. Bir çox insan trans deyəndə ağlına sadəcə trans qadın gətirə bilir, kifayət qədər olmasa belə, təkcə transfeminen tranzisiya barədə məlumatlıdır və əsasən, trans qadın təcrübələrindən xəbərdardır.
Ortada ciddi bir görünməzlik problemi var, amma bu, trans maskulinlərdən başqa heç kimi narahat etmir. Görünməzlik səbəbinin təkcə trans kişilərin/maskulinlərin ictimai həyatda, mediada, aktivizmdə açıq bir şəkildə kimliklərini yaşamamaqları olduğu zənn edilir. Lakin həyati təhlükəsizliyə görə,, kimliyini açıq yaşamayan transları bu barədə günahlandırmaq düzgün deyil. Görünməzlik deyəndə təkcə fiziki olaraq görülməkdən söhbət getmir; trans kişi/maskulin problemləri ilə maraqlanmamaq, onları işıqlandırmamaq, təmsil etməmək də görünməzliyə təkan verir.
Görünməzliyə birbaşa xidmət edən iki əsas məsuliyyətsizlik görünür. Birincisi, bizi aid olduğumuz yerlərdə, mövzularda yadına salmayan, adımızı çəkməyən, görməzdən gələn kuir-feminist icmaların, ikincisi isə trans olduğumuzu öyrəndikdən sonra belə, transfobiyasından azad olduğunu düşündüyü üçün trans təcrübəmizi yox sayıb, bizi cisgender kişilərlə eyniləşdirən insanların məsuliyyətsizliyidir. Bu məsuliyyətsizliklərin gətirdiyi görünməzlikdən əziyyət çəkən tərəf isə təkcə trans kişilər olur.
Trans kişisənsə/maskulinsənsə, bir çox insanın nəzərində patriarxal dəyərlərə xidmət etməklə təyin olunmağın bir neçə saniyə çəkir. Trans kişilərin çoxunun illərlə qadın təyin edildiyi üçün mizoginiya təcrübələri olduğunun üzərində heç kim düşünmək istəmir. Düşünmək istəsəniz də, istəməsəniz də bu, bir çox trans kişinin/maskulinin reallığıdır.
Keçmişində və ya hazırki həyatında da mizoginiya təcrübələri yaşayan bizlərdən “kişi olduğumuz” üçün bu təcrübələri unutmağımız və ya bunlardan danışmamağımız gözlənilir. Lakin öz təcrübəmə əsasən deyə bilərəm ki, mənə mübarizəmdə həyatda qalmağıma güc və cəsarət verən ən böyük silahlarımdan biri məhz keçmişimdən gələn qəzəblə bağlıdır. Keçmişimi, təcrübələrimi, hər nə qədər tətikləsə belə, unutmamağı seçirəm. Bu, zərər versə belə, bu zərər yox sayılmağın, görünməz hiss etdirilməyin verdiyi zərərə nisbətdə çox daha yüngül gəlir.
Nə qədər ki, trans kişilərin/maskulinlərin səsi bilərəkdən eşidilməyəcək-eşitdirilməyə çalışılmayacaq görünməzlik problemi öz həllini tapmayacaq və bizim həm həyatımızı, həm mental sağlamlığımızı təhlükə altında qoymağa davam edəcək.
Ailə münasibətləri
İnsan sosial varlıq olduğu üçün psixoloji stabilliyimizi təmin edə bilək deyə, adətən, həyatımızda bir növ uzunmüddətli münasibətlər axtarırıq. Bu, ailə və ya partnyorluq münasibətləri şəklində ola bilər. Təyin olunmuş ailələr nadir hallarda trans uşaqlarına müəyyən qədər dəstək olsa da, çox vaxt daha qorxulu reaksiyalar verirlər. Könüllü və ya məcburi “kaminq aut”dan sonra münasibətlərə maneələr qoyurlar.
Yaxşı ehtimalda, ilkin reaksiya olaraq əlaqələrin kəsilməsilə kifayətlənsələr belə, çox vaxt məsələ bu qədər sadə yekunlaşmır. Çoxumuzun ailəsi ilə olan münaqişələri illərdir davam edir, eləcə də bir çoxumuzun bu mövzu üzərindən hələ də həyati təhlükəsi var. Təyin olunmuş ailəmiz tərəfindən bizə münasibətlərimizi yaxşılaşdırmaq vəzifəsi bir növ boynumuzum borcu olaraq verilir, lakin bu yolda nə qədər enerji xərcləməyimizdən asılı olmayaraq, çox vaxt istədiyimiz nəticəni əldə etmək əvəzinə, bizə mənəvi əziyyət verən bir sıra hadisələri yaşamağa məcbur oluruq.
Ənənəvi ailə institutunu həmişə tənqid etsək də, həyatımızda bizi anlayan, yaxşı və pis anlarımızı bölüşə biləcəyimiz, gündəlik və ya uzunmüddətli problemlərimizdə yanımızda olan, mübarizəmizdə həmrəylik göstərən insan/insanlarla alternativ ailə qurmaq istəyimiz çox başa düşüləndir. Seçilmiş ailələrimiz istər emosional, istər iqtisadi ehtiyaclarımızı qarşılaya bilər. Təyin olunmuş ailəmizdən əsas fərqi bu ailənin daimiliyinin məcburiyyət təşkil etməməsidir.
Yardıma çatımlılıq
Bütün bunlarla mübarizə aparmaq üçün yardım tələbi təbii haldır, lakin təəssüf ki, bu məqamda da əksikliklər yaranır. Psixoterapiya dəstəyi almaq istəsək də, Avropanın ən fobik ölkəsi seçilən Azərbaycanda bu tələbimiz də cavabsız qalır. Translarla bağlı təcrübəsi olan, fobik olmayan psixoterapevt yox deyilə biləcək qədər azdır, tapsaq belə, seansların qiymətinin hədsiz bahalılığını qarşılaya bilmək iş imkanı tanınmayan bizlər üçün demək olar ki mümkünsüzdür.
Hazırki şəraitdə bu barədə həll təklifi kimi trans terapiya qruplarının yaradılması təşəbbüsünə ehtiyac olduğunu deyə bilərik.
Nəticə
Yuxarıda sadaladığımız və sadalamadığımız yüzlərlə müxtəlif növ diskriminasiyalar trans kişilərin/maskulinlərin mental sağlamlığını təhdid altına alan səbəblərdir. Bu problemlərin həlli üçün döydüyümüz bütün qapılar bir-bir üzümüzə bağlandıqdan sonra nəticəsi də təbii ki ağır olur. Bir çoxumuz depressiya, təlaş (anxiety), ADHD və s. kimi nevroloji müxtəlifliklə yaşamalı oluruq.
Bunlarla tək məşğul olmaq həyatımızı çətinləşdirən digər faktorları da nəzərə aldıqda, olduqca yorucudur. Bəzilərimiz çıxış yolu kimi intiharı görür, təşəbbüs edir və həyatını bitirir. Uğursuz alınan intihar cəhdlərindən sonra həyatına davam etməli olanlarımız haqqında danışmaq isə çox daha ağır gəlir.
Ümid edək ki, bu danışılanların bizim həyatımıza olan təsirini görmək istəməyənlər, ən qısa zamanda, bu barədə üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Çünki bu, təkcə trans kişilərin/maskulinlərin deyil, hamımızın problemidir.
*müalicə dedikdə özünü inkişaf nəzərdə tutulub, ənənəvi mənası ilə istifadə edilib sağlamçılıq (ableism) etməyə çalışılmayıb.