Search
Close this search box.

Media və Jurnalistlər üçün Terminlər Lüğəti: Trans

Translar haqqında hekayələr yaradarkən əlavə tövsiyyələr üçün zəhmət olmasa, Nəfəs LGBTİ Azərbaycan Alyansı və ya Queer Radar ilə əlaqə saxlayın. 

Translar və qeyri-binar insanlar tərəfindən istifadə olunan bir çox termini başa düşmək üçün doğuş zamanı təyin olunan cins, gender, kimlik və gender ifadəsi arasındakı fərqi və bu üç nəsnənin seksual oriyentasiya ilə eyni olmadığını anlamaq lazımdır. Buna görə də, əvvəlcə həmin dörd termin müəyyən edilir, sonra isə trans və qeyri-binar insanlar tərəfindən istifadə olunan əlavə terminologiya gəlir.

Doğuş zamanı təyin olunan cins

Körpələrə doğuş zamanı onların xarici anatomiyasının görünüşünə görə “kişi” və ya “qadın” cinsi təyin edilir və doğum haqqında şəhadətnamədə K və ya Q hərfi yazılır. Bununla belə, insan bədəninin inkişafı mürəkkəb bir prosesdir və cins təkcə anatomiya ilə müəyyən edilmir, nə də ciddi şəkildə ikili deyil. İnsanların 1,7%-i interseks xüsusiyyəti ilə doğulur. Bundan əlavə, bir insanın bədəni doğuş zamanı təyin edilmiş cinsi əsaslı şəkildə dəyişdirən üsullarla tibbi keçid/tranzisiya yolu ilə dəyişdirilə bilər.

Gender kimliyi

Gender kimliyi bir insanın öz genderinə dair daxili, dərin bilikləridir. Hər kəsin gender kimliyi var. Əksər insanlar üçün onların gender kimliyi doğulduqları zaman təyin olunduqları cinsə uyğun gəlir. Translar üçün onların gender kimliyi doğuş zamanı təyin olunduqları cinsə uyğun gəlmir. Bir çox insanın gender kimliyi kişi və ya qadındır. Digər insanlar üçün onların gender kimliyi bu iki ikili genderdən birinə tam uyğun gəlmir. Qeyd: gender kimliyi başqaları tərəfindən gözlə görünmür. Siz kiməsə baxıb onun gender kimliyini “görə” bilməzsiniz. 

Gender ifadəsi

Bir şəxsin adı, istifadə etdiyi əvəzliklər (red: Azərbaycan dili gender-neytral dildir), geyimi, saç düzümü, səsi və/və ya davranışı ilə ifadə edilən genderin xarici təzahürü, manifestasiyasıdır. Cəmiyyətlər bu xarici eyhamları maskulin və feminin kimi təsnif edir, baxmayaraq ki, maskulin və ya feminin sayılan nəsnələr zamanla dəyişir və mədəniyyətə görə fərqlənir (Məsələn, bəzi mədəniyyətlərdə kişilər maskulinlik əlaməti olaraq uzun saç saxlayırlar). Əksər translar öz genderləri haqqında bilikləri ilə dünyanın onları necə “gördüyü” arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün gender ifadələrini gender kimlikləri ilə uyğunlaşdırmağa çalışırlar.

Seksual oriyentasiya

Seksual oriyentasiya və gender kimliyini qarışdırmayın və eyniləşdirməyin. Onlar eyni deyil. Seksual oriyentasiya bir insanın başqa bir insana davamlı fiziki, romantik və/və ya emosional cazibəsini ifadə edir. Gender kimliyi insanın öz genderi haqqında təbii anlayışıdır. Hamı kimi transların da seksual oriyentasiyası var; onlar hetero, lezbiyan, gey, biseksual, panseksual, kuir, aseksual və s. ola bilər. Məsələn, yalnız qadınlara qarşı cazibəsi trans qadın adətən özünü lezbiyan adlandırır; əgər o, yalnız kişilərə qarşı cazibəsi olsaydı, çox güman ki, özünü hetero qadın adlandırardı, eynisini trans kişilər haqqında da demək olar. 

Keçid/Tranzisiya

Tranzisiya insanın öz gender ifadəsini və/yaxud bədənini gender kimliyinə uyğunlaşdırmaq üçün üzərinə götürdüyü prosesdir. Bu, uzun müddət ərzində baş verən mürəkkəb bir prosesdir və tranzisiyanı əhatə edən addımlar insandan insana dəyişir. Tranzisiya aşağıdakıları əhatə edə bilər: 

Sosial tranzisiya – Ailəyə, dostlara və iş yoldaşlarına danışmaq, fərqli ad istifadə etmək, fərqli əvəzliklərdən istifadə etmək, fərqli geyinmək, makiyaj və zinət əşyaları taxmağa başlamaq və ya dayandırmaq və s.

Hüquqi tranzisiya – Sürücülük vəsiqəsi, pasport, bank hesabları və s. kimi sənədlərdə adınızın və/və ya gender markerinin dəyişdirilməsi.

Tibbi tranzisiya – Hormon əvəzedici terapiya və/yaxud bir və ya daha çox cərrahi prosedur.

Qeyd etmək vacibdir ki, trans olmaq fiziki görünüşdən və ya tibbi prosedurlardan asılı deyil. İnsan gender kimliyinin doğulduğu zaman təyin edilmiş cinsdən fərqli olduğunu anladığı anda özünü trans adlandıra bilər. Bəzi translar heç bir tranzisiya addımı atmağa ehtiyac duymaya bilər, digər translar isə keçid etmək istəyə bilər, lakin xərclər, tibbi vəziyyətləri və/və ya transfobik ailənin, işəgötürənlərin və s.-nin nəticələrindən qorxduqlarına görə keçə bilmirlər. 

QAÇINILMALI TERMİNLƏR:

“kişi doğulub”, “qadın doğulub”, “bioloji olaraq kişi”, “bioloji olaraq qadın”, “bioloji oğlan”, “bioloji qız”, “genetik olaraq kişi”, “genetik olaraq qadın”

Yuxarıdakı kimi ifadələr mürəkkəb mövzunu həddən artıq sadələşdirir və tez-tez anti-trans fəallar tərəfindən istifadə olunur. “Bioloji oğlan” anti-trans fəalların tez-tez trans qızları görməzlikdən gəlmək və onları gözdən salmaq və onların gerçək/otantik gender kimlikləri ilə cəmiyyətə girişini rədd etmək üçün istifadə etdikləri bir termindir. Yuxarıda qeyd edildiyi kimi, insanın cinsi bir sıra amillərlə müəyyən edilir – və insanın biologiyası onun gender kimliyini müəyyən etmir.

ƏN YAXŞI TƏCRÜBƏ:

Bu terminlərdən insanın gender kimliyi lehinə istifadə edilməməlidir, məsələn: qız, qadın, trans qız, trans qadın, oğlan, kişi, trans oğlan, trans kişi. 

Bir insanın genderini doğuş zamanı təyin edilmiş cinsinə görə təsvir edərkən, cisgender, transgender, trans və/və ya qeyri-binar terminləri adətən kifayət edir.

Əgər kiminsə doğuş zamanı təyin olunmuş cinsinə istinad etmək üçün aydın bir səbəb varsa, istifadə ediləcək terminlər bunlardır: doğuş zamanı kişi təyin olunmuş, doğuş zamanı qadın təyin olunmuş.

QAÇINILMALI TERMİNLƏR:

“transgender fərdlər” “trans fərd”

Translara “fərdlər” kimi müraciət etmək onların dehumanizasiyasına imkan yaradır. 

ƏN YAXŞI TƏCRÜBƏ:

translar, transgender insanlar, trans şəxs və ya vətəndaş

QAÇINILMALI TERMİNLƏR:

“cins dəyişikliyi”, “əməliyyatdan əvvəl”, “əməliyyatdan sonra”

“Cinsi dəyişdirmə əməliyyatı”na istinad etmək və ya “əməliyyatdan əvvəl” və ya “əməliyyatdan sonra” kimi terminlərdən istifadə etmək, insanın tranzisiya üçün əməliyyat olması lazım olduğunu deməyə əsas verir. Translar və ya tranzisiya prosesi haqqında danışarkən cərrahiyyə əməliyyatını həddindən artıq vurğulamaqdan çəkinin.

ƏN YAXŞI TƏCRÜBƏ:

tranzisiya və ya keçid dövrü, keçid

NÜMUNƏLƏR:

Qaçının: “Nuray kişi olaraq doğulub, ancaq qadın olaraq özünü identifikasiya edir.”

Ən yaxşı təcrübə: “Nuray trans qadındır.”

Qaçının: “Samirin iş yoldaşları onun əvvəllər qadın olduğunu bilmirdilər.”

Ən yaxşı təcrübə: “Samirin iş yoldaşları onun trans kişi olduğunu bilmirdilər.”

Qaçının: “Klinika qadından kişiyə keçid edən xəstələr üçün ginekoloji xidmətlər təklif edir.”

Ən yaxşı təcrübə: “Klinika trans kişilər üçün ginekoloji xidmətlər təklif edir.”

Qaçının: “Hekayə məktəb oxuyarkən kişidən qadına keçid edən yeniyetmə haqqındadır.”

Ən yaxşı təcrübə: “Hekayə məktəbdə oxuyarkən keçid (tranzisiya) edən yeniyetmə trans qız haqqındadır.”

Tövsiyyələrin hazırlanmasında GLAAD-in materiallarından istifadə olunub.

Əvəz Hafizlinin Məhkəmə Prosesindəki Yaşadıqlarımız

Nəfəs LGBTİ Azərbaycan Alyansı yeni podkastı təqdim edir. Podkastın mövzusu Əvəz Hafizlinin məhkəmə prosesindəki yaşanılanlar olub. Bu dəfəki podkast yazısında Nigar və qonaq qismində dəvət olunan “QıyVaar”-ın təsisçisi, LGBTİ+ aktivist Əli Məlikovla birgə nifrət cinayətinin qurbanı Əvəz Hafizlinin xatirələri, aktivizm keçmişi və məhkəmə prosesində baş vermiş ayrı-seçkiliklər haqqında danışıblar. 

https://soundcloud.com/nafas-lgbti/vz-hafizlinin-mhkm-prosesindki-yasadiqlarimiz-li-mlikov?si=90000a8f03db421ab68b28d2f084d261&utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing

Trans Müttəfiqləri üçün Tövsiyələr

Aşağıdakılar translarla daha yaxşı müttəfiq olmağa doğru irəliləyərkən istifadə oluna biləcək tövsiyələrdir. Əlbəttə ki, bu siyahı tam deyil və görüləcək və ya deyəcək bütün “doğru” şeyləri ehtiva edə bilməz, çünki tez-tez qarşılaşa biləcəyiniz hər bir vəziyyətə bir “doğru” cavab yoxdur.

Translarla müttəfiq olduqda, hərəkətləriniz mədəniyyəti dəyişməyə kömək edəcək, cəmiyyəti translar və konvensional gender gözləntilərinə uyğun gəlməyən bütün insanlar (trans və ya natrans) üçün daha yaxşı, təhlükəsiz yerə çevirəcək.

Sadəcə baxaraq kiminsə trans olub-olmadığını müəyyən edə bilməzsiniz.

Translar müəyyən bir şəkildə görünmür və ya hər hansı bir əsildən gəlmirlər. Bir çox trans “görünən şəkildə trans” görünmürlər, yəni başqaları tərəfindən trans kimi qəbul edilmirlər. Otağa göz gəzdirib transların olub-olmadığını “görmək” mümkün deyil. Hər hansı bir toplantıda və ya hər hansı bir məkanda transların ola biləcəyini ehtimal etməlisiniz.

Transların seksual oriyentasiyası ilə bağlı fərziyyələr irəli sürməyin.

Gender kimliyi seksual oriyentasiyadan fərqlidir. Seksual oriyentasiya kimə cəlb olunduğumuzla bağlıdır. Gender kimliyi kişi və ya qadın olmaq və ya bu binar genderlərdən heç biri olmamaq kimi şəxsi hisslərimizlə bağlıdır. Translar gey, lezbiyan, biseksual və ya hər hansı digər cinsi oriyentasiyaya sahib ola bilərlər.

Translardan “əsl adının” nə olduğunu soruşmayın.

Bəzi translar üçün doğum adı ilə əlaqələndirilmək böyük bir təlaş mənbəyidir və ya bu, sadəcə olaraq geridə buraxmaq istədikləri həyatlarının bir hissəsidir. Transların hazırda istifadə etdiyi ada hörmət edin. Əgər təsadüfən kiminsə doğulduğu zaman ona verilən adı bilirsinizsə, lakin həmin insan artıq o addan istifadə etmirsə, həmin şəxsin açıq icazəsi olmadan adını paylaşmayın. Eynilə, icazəniz olmadıqda kiminsə tranzisiyadan əvvəlki şəkillərini paylaşmayın.

Transların öz kimliklərini təsvir etmək üçün istifadə etdikləri terminologiyaya hörmət edin.

Translar təcrübələrini təsvir etmək üçün bir çox fərqli termindən istifadə edirlər. Bir insanın özünü təsvir etmək üçün istifadə etdiyi terminə (trans, transgender, transseksual, qeyri-binar, genderqueer və s.) hörmət edin. Bir şəxs hansı terminlərin genderini ən yaxşı şəkildə ifadə etdiyinə əmin deyilsə, ona özlərini anlamaq üçün vaxt tanıyın və hansı termindən istifadə etməli olduqlarını deməyin. Kimliyinizin başqaları tərəfindən müəyyən edilməsini istəməzsiniz, ona görə də, başqalarının özlərini müəyyən etməsinə icazə verin.

Tranzisiyanın “doğru” və ya “yanlış” yolu olmadığını və bunun hər bir insan üçün fərqli olduğunu anlayın.

Bəzi translar bədənlərini gender kimliklərinə uyğunlaşdırmaq üçün tranzisiyanın bir hissəsi olaraq hormon əvəzedici terapiya və cərrahi əməliyyatlar kimi tibbi xidmətlərə müraciət edirlər. Bəzi translar gerçək – otantik gender kimliklərinin hormonlar və ya əməliyyat olmadan tanınmasını istəyirlər. Bəzi translar maliyyə resurslarının və ya təlim keçmiş təminatçılara çıxışının olmaması səbəbindən genderini təsdiq edən səhiyyə xidmətlərinə daxil ola bilmirlər. Transların genderi tibbi prosedurlardan və ya onların görünüşündən asılı deyil. Qəbul edin ki, kimsə sizə trans olduğunu söyləyirsə, transdır.

Transların cinsiyyət orqanı, cərrahi vəziyyəti və ya seks həyatı haqqında soruşmayın.

Bir cisgenderdən (natrans) cinsiyyət orqanlarının görünüşü və ya vəziyyəti barədə soruşmaq yersiz olardı. Translara bu sualları vermək də eyni dərəcədə yersizdir. Transların “əməliyyat” olub-olmadıqlarını və ya “əməliyyatdan əvvəl” və ya “əməliyyat sonrası” olub olmadıqlarını soruşmayın. Bir trans sizinlə belə mövzularda danışmaq istəsə, bunu gündəmə özü gətirər. Eynilə, cisgenderlərdən sekslə necə məşğul olduqlarını soruşmaq düzgün olmaz, buna görə də, eyni nəzakət translara da şamil edilməlidir.

Əlbəttə ki, ikibaşlı təriflərdən və “faydalı” tövsiyələrdən çəkinin.

Dəstək olmaq niyyətində olsanız da, aşağıdakı kimi şərhlər incidici və ya hətta təhqiredici ola bilər:

  • “Heç vaxt sənin trans olduğunu bilməzdim. Çox gözəl görünürsən.”
  • “Əsl qadın kimi görünürsən.”
  • “O qədər gözəldir ki, onun trans olduğunu heç vaxt təxmin etməzdim.”
  • “O, çox yaraşıqlıdır. Trans olmasına baxmayaraq, onunla görüşərdim.”
  • “Çox cəsarətlisən.”
  • “Səs məşqçisi olmaq haqqında düşünmüsən?”

Translara qulaq asın, dinləyin.

Müttəfiq olmağın ən yaxşı yolu öz adından danışan transları açıq fikirlə dinləməkdir. Trans icmasındakı fikir liderlərini izləyin. Translar və icma daxilində insanların üzləşdiyi problemlər haqqında daha çox məlumat əldə etmək üçün kitablara, filmlərə, YouTube kanallarına və trans bloqlarına baxın. @transvisionary səhifəsini izləməyinizi tövsiyyə edirik. Transvisionary transları tranzisiya prosesi barədə məlumatlandırmaq və ümumilikdə, trans icma üçün yaradılmış platformadır.

Tövsiyyələrin hazırlanmasında GLAAD-in materiallarından istifadə olunub.

Bakıda trans qadın seksual qısnamaya məruz qalıb

19 yaşlı trans qadın Karmen 11 avqust Bakı metrosunda seksual qısnamaya məruz qalıb.

Zərərçəkmişin sözlərinə görə, metro basabas olduğundan bir neçə qatar buraxdıqdan sonra növbətisinə minmək qərarına gəlib. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq üzr istəyib, daha sonra cinsiyyət orqanını ona sürtməyə başlayıb. Müqavimət göstərən Karmeni həmin kişi bu dəfə belindən tutaraq özünə tərəf çəkib və penisini ona sürtməyə davam edib.

“Həmin anda psixoloji sarsıntı keçirdiyim üçün panikaya qapılmışdım, heç kimdən kömək istəyə bilmədim”, – deyə Karmen bildirib. “Növbəti dayanacaqda qapılar açılan kimi özümü platformaya atdım və kişinin üzünə baxmadan oradan uzaqlaşdım. İyrənc idi, ürəyim bulanırdı”, – deyə o, əlavə edib.

“Metrodan uzaqlaşdım, rəfiqələrimin yanına getdim. Baş verənləri onlara danışdım. Onlar mənə izah etdilər ki, bu, yanlış bir şeydir. Səsini çıxardıb kömək istəyərdin. Mən isə donub qaldığım üçün nə edəcəyimi düşünə bilməmişdim.”

Axşam saat 10 radələrində Karmen 20 Yanvar metro stansiyası yaxınlığında avtobus gözləyərkən yenidən başqa bir kişi tərəfindən zorakılıqla qarşılaşıb. Naməlum şəxs onu izləyərək seks təklif edib. “Avtobusun gəlmədiyini görüb, 92 nömrəli avtobusun buradan keçib-keçmədiyini soruşdum. Bir qədər dayancaqda gözlədim, avtobus gəlmədiyi üçün ayaqla getməyi qərarı aldım. Yolla gedərkən bir nəfərin məni izlədiyini hiss etdim”, – deyə Karmen bildirib.

trans qadın

Zərərçəkənin sözlərinə görə, onun arxasınca düşən şəxs qaçaraq ona yaxınlaşıb və Biləcəriyə necə gedəcəyini soruşub. Daha sonra isə “sizdə qız gözəlliyi var” deyərək, “cinsiyyət orqanını ağzında hiss etməyi” təklif edib və yol boyunca davamlı şəkildə bu fikirləri təkrar edib. Bir qədər getdikdən sonra, nəhayət, zərərçəkən həmin şəxsdən qurtularaq, izi itirməyə nail olub.

Azərbaycanda trans qadın olmaq, istənilən zaman və istənilən yerdə nifrət nitqi və ya nifrət cinayəti olmaq, zorakılıqla qarşılaşmaq deməkdir. Nəfəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyevin sözlərinə görə, ölkədə LGBTİ+lər kütləvi şəkildə ayrı-seçkiliklə üzləşirlər. Onların hüquqlarını qoruyacaq qanunlar yoxdur, anti-diskriminasiya aktı qəbul olunmalıdır. Translar üçün bu, gündəlik həyatlarını davam etdirməyin təhlükəli olduğunu göstərir.

Qeyd etmək istərdik ki, İLGA-Avropa təşkilatının son Göy Qurşağı hesabatına əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə, Avropanın ən pis ölkələri siyahısındadır.